Şənbə , 23 Noyabr 2024
Drone Cameras

El qınağı, yoxsa Qüdrət Həsənquliyevdən qazanılan dividend- Oqtay Abuzərov hansını seçəcək?

Bu gün təsadüfən bir məclisdə jurnalist həmkarımız, Demokrat.az saytının rəhbəri Vasif Həsənli ilə görüşdüm. Ondan niyə və kim tərəfindən məhkəməyə verildiyi ilə maraqlandım. Bu barədə xəbəri saytlarda oxuduğum üçün , ətraflı məlumata malik deyildim.

Məlum oldu ki, Vasifi məhkəməyə verən şəxs əslən Salyan rayonundan olan iş adamı Oqtay Abuzərovdur. Xatırladım ki, Vasifin özü də salyanlıdır. Hətta iddiaçı ilə həmkəndlidirlər. Həmkarım mənə məhkəməyə təqdim edilən iddia ərizəsini verdi ki, işlə ətraflı tanış olum.

Məlum oldu ki, sən demə, iş adamı bir dəfə fevral ayında Vasifi xüsusi ittiham qaydasında məhkəməyə verərək, jurnalistin həbsini tələb edib. Onun həmin iddiası məhkəmə baxışına təyin olunmayaraq , rədd edilib.

Ürəyi soyumayan iş adamı bu dəfə jurnalisti mülki qaydada məhkəməyə verib, hazırda ondan 50 min manat maddi təzminat tələb edir. Sual yaranır: görəsən, Vasif iş adamından nə yazıb ki, o, bütün maddi, inzibati resurslarını bir jurnalistin həbsinə, cəzalanmasına səfərbər edib?

İddia ərizəsindən məlum olur ki, sən demə, iş adamını daha çox narahat edən məsələ onun deputat Qüdrət Həsənquliyevin biznes şəriki kimi təqdim edilməsi olub. İnsafən deyim ki, mənim özüm də Qüdrət bəyi çox imkanlı siyasətçi kimi tanıyıram.

Hətta deyərdim ki, siyasətdə bəlkə də ondan çox mənfəət götürən ikinci adam görməmişəm. Qüdrət bəyin biznesinin olması heç kimə sirr deyil. Təbiidir ki, ictimai-siyasi mövqeyi Qüdrət bəyə özünü uğurlu iş adamı kimi təqdim etməyə imkan vermir. Güya hansı məmur və ya deputatın biznesi öz adınadır?

Əlqərəz, Qüdrət bəy defakto iş adamı olsa belə, deyure ona həmin fəaliyyəti şamil edə bilmərik. Bu baxımdan da, Vasifin məhvinə çalışan həmkəndlisinin Qüdrət bəylə məhz defakto, yəni sənəddə yox, sözdə şərik olması mümkündür.

Həmin adamın adı Qüdrət bəyə təsadüfən çalaq da edilmir. Onların ali məktəbdə tələbə yoldaşı və yaxın dostluq münasibətlərinə malik olduqları bildirilir. Belə olan təqdirdə, iş adamı üçün adının Qüdrət bəylə yanaşı çəkilməsi əslində fəxarət olmalıdır.

Bəlkə belə təqdimat Oqtay Abuzərovdan daha çox elə Qüdrət Həsənquliyevin özünü narahat etdiyi səbəbindən belə həngamə qopub. Düzü, çox maraqlıdır…

İddiaçı həm də adının Qüdrət bəyin şəriki kimi, yəni müxalifətçi olaraq çəkilməyindən də narahatlığını gizlətmir. Nə qədər qəribə olsa da, iddiaçı bunu özünə təhlükə və hətta dövlətə qarşı olmaq kimi yozur.

Mən bilirəm ki, əksinə, Qüdrət bəyin əsas siyasi fəaliyyəti onu hamının müxalifət kimi qəbul etməsinə yönəlib. Çünki Həsənquliyevin həqiqi müxalifət olduğuna cəmiyyətdə birmənalı münasibət yoxdur.

İddia ərizəsində diqqətimi çəkən başqa və deyərdim ki, ən vacib bir məqam iş adamı Oqtay Abuzərovun çox yaxın bir qohumundan imtinaya cəhd edərək, rəhmətə gedən hörmətli bir adamla adının yanaşı çəkilməsini özünə təhqir kimi qəbul etməsidir. Söhbət Salyanın Qaraçala qəsəbəsindən olan Nağıyev Əlisəf Musa oğlundan gedir.

Bu şəxslə iddiaçı quda olub. 1999-cu ildə avtomobil qəzasında dünyasını dəyişən Əlisəf kriminal aləmdə avtoritet şəxslərdən olub. Maraqlıdır , Abuzər bu şəxslə adının qoşa çəkilməsini istəmirdisə, onda niyə onunla qohum olurdu? Mən iddianın bu hissəsini milli mənəvi dəyərlərimizə zidd addım kimi qəbul etdim.

Yadıma elə Salyandan deputat seçilən Fəzail Ağamalının Rövşən Lənkəranski ilə bağlı ona ünvanlanan suala verdiyi cavab düşdü. Həmin vaxt Fəzail Ağamalı “oğru” ilə qohumluq əlaqəsini təsdiqləmişdi və hətta Lənkəranskini yaxşı oğlan kimi tərifləmişdi də.

Hər halda, Oqtay Abuzərovun cəmiyyətdəki tanınma əmsalı Fəzail Ağamalıdan qat-qat azdır. Ona məsləhət görərdik ki, məhkəməyə gəlməzdən əvvəl öz deputatları ilə bir tərbiyyəvi mahiyyətli söhbət etsin.

Şəxsən mən bu mövzuda ünvanıma yazılanları “təhqir” hesab etməyin özünü belə TƏHQİR sayardım. Hörmətli Oqtay Abuzərov heç olmasa el qınağını nəzərə al və get o biabırçı iddia ərizəni geri götür! Hesab edirəm ki, məhz bu məqamı Qüdrət Həsənquliyev də ciddi nəzərə almalıdır. Bu gün həyatda olmayan qohumu ilə adının yanaşı çəkilməsini özünə təhqir sayan adam , görəsən sabah Həsənquliyevin ayağı büdrəsə hansı mövqeyi tutacaq?

Məhəmmədəli QƏRİBLİ

“Azinforum.az” saytının rəhbəri

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …