Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əlilliyi olan qadın və qızların dövlət-ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi ilə bağlı layihə çərçivəsində dəyirmi masa keçirilib

Bakı, Gəncə şəhərləri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi (2022-2025) çərçivəsində Sosial Təhqiqatlar Mərkəzində dəyirmi masa keçirilib. “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ərəfəsində keçirilən dəyirmi masa Sosial Tədqiqatlar Mərkəzi və “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Boyukmillet.com xəbər verir ki, tədbirdə çıxış edən QHT rəhbəri Məhluqə Qaramanlı “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə haqqında məlumat verib. Bildirib ki, ölkədə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ilə bağlı silsilə tədbirlər keçirilib. Bu dəyirmi masa da həmin tədbirlərin tərkib hissəsidir. O, əlilliyi olan qadınlara və qızlara qarşı ictimai yerlərdə psixoloji və emosional zorakılığa son qoyulması, onların dövlət xidmətlərinə çıxışı ilə bağlı vəziyyətə diqqət çəkib. Dövlət qurumlarının əməkdaşlarından ibarət Koordinasiyası Şurasının məhz bu məqsədlə yaradıldığını qeyd edən M.Qaramanlı layihə çərçivəsində son altı ayda həyata keçirilən tədbirlərin hesabatını açıqlayıb.

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşir oğlu sosial sahədə əldə edilən nailiyyətlərdən, əlilliyi olan qızlara və qadınlara münasibətdən və gələcəkdə nəzərdə tutulan işlərdən danışıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrail İsgəndərov bu sahədə layihələrin, görüləcək işlərin əhəmiyyətini qeyd edib.

Əlilliyi olan qadınlara və qızlara layihənin dəstəyi ilə keçirilən seminarlarda təlimçi İradə Rzazadə çıxışında bölgələrdəki vəziyyətdən söz açıb, yerli icmaların həyata keçirdiyi və görə biləcəyi işlərin önəmini vurğulayıb.

Sonra Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin direktor müavini Nərmin Osmanlının görülən işlərlə bağlı hesabat məruzəsi, Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi İsmayıl Kərimovun təqdimatları və Beynəlxalq Avrasiya Fondunun sədri Ümid Mirzəyevin çıxışı dinlənilib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev bu sahədə araşdırmalara üstünlük verilməsinin önəmini vurğulayıb. Layihənin əməkdaşları Günel İbrahim, monitorinq işləri üzrə koordinator Rima Məmmədovanın çıxışlarından sonra əlilliyi olan qadınlar və onların yaxınları arasında aparılan sorğunun nəticələri açıqlanıb.

Daha sonra layihənin mətbuat xidmətinin rəhbəri, “Nurlu Sabah Gənclərə Qayğı” İctimai Birliyinin təsisçisi Elnarə Dərziyeva görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib, əlilliyi olan qadın və qızların rastlaşdıqları problemləri gündəmə gətirib. “Əlil Qadınlar Cəmiyyəti”nin gerçəkləşdirdiyi layihənin önəmini vurğulayan E.Dərziyeva dəyirmi masada iştirak edən dövlət qurumlarının əməkdaşlarına, Koordinasiya Şurasının üzvlərinə və media nümayəndələrinə təşəkkürünü bildirib.

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Azərbaycan Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial iş fakültəsinin müəllim və tələbələri fəal iştirak ediblər.

Qeyd edək ki, “Bakı, Gəncə şəhərləri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların dövlət/ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrası üç il müddətində həyata keçiriləcək.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …