Bazar , 28 Aprel 2024
Drone Cameras

Ermənilər ilk məğlubiyyət acısını 1990-cı il yanvarın 19-20-də Sədərək döyüşlərində yaşadılar

Hiyləgərliklə həyata keçirilən plan
Xəyanətkar qonşularımız olan ermənilər ana torpaqdan ayrı salınan Naxçıvanı işğal etmək, erməniləşdirmək üçün həyata keçirməyə çalışdıqları 200 illik planından heç vaxt əl çəkməyiblər. 20 Yanvar faciəsi ərəfəsində də belə oldu. Sovet rəhbərliyi ilə sıx münasibətdə olan erməni quldur dəstələri 1989-cu il dekabrın 14-dən başlayaraq sovet ordusunun dəstəyi ilə qədim diyarı işğal etməyə cəhd göstərdilər. Bakıda kütləvi qətllərin törədilməsinə hazırlığın getdiyi bir vaxtda ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı.
Düşmən naxçıvanlıların sıx birliyi, həmrəyliyi, yurd sevgisi, cəsarət və iradəsi qarşısında diz çökdü
Azərbaycana ordu yeridiləcəyindən xəbərdar olan düşmən Naxçıvanı çox rahatlıqla işğal edəcəyini düşünürdü. Elə hesab edirdilər ki, hücumları şiddətləndirsələr əhali təşvişə düşəcək, qarışıqlıq yaranacaq və erməni quldur dəstələri rahat bir şəkildə muxtar respublikanın ərazisinə daxil ola, burada yenidən soyqırımı aktı törədə biləcəklər. Həmin günlərdə Bakıdan və ölkəmizin digər bölgələrindən Naxçıvana yardımın gəlməsi isə mümkün deyildi. Çünki sovet rəhbərliyi bunun qarşısını almaq üçün bütün “tədbirləri” həyata keçirmişdi. 20 Yanvarda qaniçən sovet ordusunun Bakıda törətdiyi faciənin bir səbəbi də ermənilər üçün böyük problemə, daha doğrusu sonsuz arzuya çevrilən “Naxçıvan məsələsi”ni “həll etmək” idi. Ancaq düşmən tezliklə yanıldığını anlayacaqdı. 1990-cı ilin yanvarında naxçıvanlıların sıx birliyi, həmrəyliyi, yurd sevgisi, cəsarət və iradəsi düşmən dəstələrinin darmadağın edilməsinə yol açdı. Başdan-ayağa qədər silahlanmış ermənilərin qarşısına ov tüfəngi ilə çıxan naxçıvanlılar düşməni yenilməzliyi, ölümə meydan oxumağı ilə təəccübləndirdi. Ermənilər və onların havadarları qədim diyarın nər igidləri qarşısında diz çökdülər və Naxçıvanı işğal edə bilməyəcəklərini anladılar.
Qan, can bahasına olsa da, düşmənə bir qarış belə, torpaq verilmədi
O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdi. Yanvarın 19-da Sədərək ilk dəfə top atəşinə tutuldu. Bundan əvvəl isə muxtar respublikanın Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Həmin günlərdə silah-sursat az olsa da, naxçıvanlılar bir addım belə geri çəkilmək barədə düşünmürdülər. Çünki geri çəkilmək məğlubiyyətin başlanğıcı olardı. Qəhrəman sədərəklilərin kişisi də, qadını da, uşağı da, qocası da öz torpağında, yurdunda ölməyə hazır idi. Onlar torpağı sahibsiz qoymaqdansa, şəhadəti üstün tuturdular. Qan, can bahasına olsa da, düşmənə bir qarış belə, torpaq verilməyəcəkdi…
Həmin dövrün şahidlərinin sözlərinə görə, Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Sədərək oradan güclü top atəşinə tutulurdu. Naxçıvanlılar isə 2 ədəd “TOZ-8”, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin qarşısını alırdı. Şiddətli döyüşlərin getdiyi bir vaxtda rayon ərazisindəki Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilər naxçıvanlıların səngərinə çevrilmişdi. Düşmən gülləsinə ilk tuş gələn sədərəkli iki qardaş – Malik və Elvin oldu. Onlar hələ məktəbə də getmirdilər. Naxçıvanlıların güc aldıqları yeganə qüvvə ulu öndər Heydər Əliyev idi. Doğma yurda qayıdan Ulu Öndərin döyüşlərin davam etdiyi illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinin yanında olması təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Naxçıvanlılar dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, düşmənə müqavimət göstərdilər.
Naxçıvan ölkəmizə qarşı ədalətsizlik edən sovet imperiyasına qarşı meydan oxudu, onun tərkibindən çıxdığını cəsarətlə elan etdi
Yanvar hadisələri zamanı Naxçıvanda sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası yarandı. 1990-cı il yanvarın 19-da təkcə sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən növbəti hadisə baş verdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək, özünü müstəqil respublika elan etdi. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın o vaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilirdi.
Görkəmli dövlət xadimi Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusuna münasibət bildirərkən demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? – Azərbaycana qarşı edilən ədalətsizliyə görə. Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər”.
Bu qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltdi. Ən əsası isə dağılmaz deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu. Qanlı Yanvar qırğınından sonrakı dövr – 1990-cı ilin fevral-may ayları da blokada vəziyyətində olan Naxçıvanda çox gərgin keçdi. Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş kəndləri erməni hücumlarına məruz qaldı. 1990-1993-cü illərdə ermənilərin 14 hücumu zamanı Sədərək 109 şəhid verdi…
Düşmənə göz dağı olub Naxçıvan
Bir vaxtlar şiddətli döyüşlərin getdiyi bir məkanda bu gün gözoxşayan bir qəsəbə – möhtəşəm Heydərabad qəsəbəsi ucaldılıb. Sədərək rayonu isə gülüstana çevrilib. Vaxtilə düşmən işğalında olan Şərur rayonun Günnüt kəndi və strateji yüksəkliklər 2018-ci ildən ordumuz tərəfindən azad edilib, Sədərək rayonunda düşməndən qurtarılan 73 hektar ərazidə əkin sahələri yaradılıb, burada sədərəklilər əkin-biçinlə məşğul olmaq imkanı əldə ediblər. Bu gün düşmənin düz burnunun ucunda tikinti-quruculuq işləri aparılır, təsərrüfatçılar öz sahələrini əkib-becərirlər. Onlar əvvəlki illərdə olduğu kimi, yenə də qorxmurlar. Çünki bu gün bizim həm də çox qüdrətli, yenilməz bir ordumuz var. Ona görə də düşmən nəinki Naxçıvana yenidən hücum etmək, heç bu tərəfə dönüb baxmaq cəsarətində də belə, deyil. Vətən müharibəsində yaxşıca dərs verilən düşmən anlayır ki, bu gün Naxçıvan əvvəlki kimi təklənmiş, unudulmuş Naxçıvan deyil. Bu gün Naxçıvan sürətlə inkişaf etmiş, vətənpərvərlik yanğısı ilə yenidən ucaldılmış, düşmənə göz dağına çevrilmiş qüdrətli Naxçıvandır.


Rauf Kəngərli
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …