Cümə , 19 Aprel 2024
Drone Cameras

Ermənilərin beynəlxalq “Hayastan” fondu Azərbaycan torpaqlarında 64-cü obyekti tikir – Xocalı…

“Həmin ölkələrdəki qurumlar, eyni zamanda, fondun mərkəzi ofisi məhkəməyə verilməlidir”

Ümumerməni “Hayastan” fondu Azərbaycanın 28-ci ildir işğal altında qalan Xocalı rayonunun “Xndzristan” adlandırılmış Almalı kəndində yeni ictimai mərkəz açıb. Separatçı nəşrlərin yaydığı məlumata görə, mərkəz əsasən fondun Kanada filialının üzvləri olan erməni xeyriyyəçilər Sarkis və Aykun Marancyanların vəsaiti hesabına tikilib.

Mərkəzin binasında kənd “icra nümayəndəliyi”, kitabxana, tibb məntəqəsi, rəsm qalereyası və akt zalı olacaq. Qeyd edilir ki, bu, Azərbaycan torpaqlarında “Hayastan” fondunun sponsorluğu ilə açılmış 64-cü ictimai mərkəzdir. Bəllidir ki, sözügedən fond Ermənistanda qeydiyyatdan keçməyib. Ancaq onun müxtəlif ölkələrdə olan nümayəndəlikləri vasitəsilə işğal olunmuş ərazilərimizdə müəyyən bərpa işləri aparılır. Bütün bunları əslən erməni olan xarici ölkə vətəndaşları görür. İstənilən halda, onların bu hərəkəti qanusuzdur. Çünki həmin ərazilərə gediş-gəliş, işlərin görülməsi mütləq mənada Azərbaycanın icazəsi əsasında olmalıdır. Fond bütün bu tələbləri pozursa, onun fəaliyyətinin qarşısını almaq üçün nələr edilməlidir?

  • İsmayıl Ağayev: “Mükəmməl şəkildə, ciddi faktların toplandığı bir iddia ilə məhkəməyə müraciət olunsa…”

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, sözügedən fond ermənilərin bütün qanunsuz əməllərini həyata keçirmək üçün donorluq edir: “Demək olar ki, dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri olan həmin fond Qarabağ müharibəsi başlayandan ora böyük diqqət və sərmayə ayırır. Separatçı rejimlə bağlı olan bütün iri layihələr (bura yol çəkilişləri, su təminatını həll etmək aiddir) onlar tərəfindən həyata keçirilir. Birmənalı şəkildə qadağan olunan fəaliyyətdir. İndi də işğal altında olan və heç vaxt ermənilərin yaşamadığı məntəqələrdə infrastruktur qururlar. Bu bilirsiniz nə deməkdir? Yəni orada bir daha azərbaycanlıların yaşamayacağına ümidlidirlər. Bu mesajı həm özlərinə, həm də bizə vermək istəyirlər. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə nəinki layihə icra etmək, hətta ora əliboş səfər etmək də bizim icazəmiz olmadan qadağandır. Ancaq görürsünüz ki, onlar bunu edirlər. Bizim etirazımız yalnız mətbuat üzərindən, bəyanatlar səviyyəsində olur. Ancaq əməli fəaliyyət ortaya qoyulmalıdır. Bütün bu faktlar toplanmalı və “Hayastan” fondunun hansı nümayəndəliyi belə qanunsuz addımları atırsa, həmin ölkələrdəki qurumlar, eyni zamanda, fondun mərkəzi ofisi məhkəməyə verilməlidir. Mükəmməl şəkildə, ciddi faktların toplandığı bir iddia ilə məhkəməyə müraciət olunsa, onların fəaliyyəti dayandırıla bilər. Çünki ortada kifayət qədər ciddi əsaslar mövcuddur ki, bunu da beynəlxalq hüquq qadağan edir. Hesab edirəm ki, həmin ölkələrdə olan səfirliklərimiz bu işə start verməlidirlər. Həmin fondun vəsaitləri çox olduğu üçün, Paşinyan da onu nəzarətə keçirmək istəyir. Onlar əvvəlcə yardımı Ermənistana edirdilər, bütün işləri hökumət görürdü. Serj Sarkisyanın dönəmində fondla Ermənistan rəhbərliyi arasında ciddi fikir ayrılığı yarandı. Fonddan iddia etdilər ki, onların ayırdığı vəsait Ermənistanın rəhbərliyi tərəfindən talanır. Bu səbəbdən də hazırda bütün layihələri özləri həyata keçirirlər. Bununla bizim əlimizə ciddi əsaslar verirlər ki, onlarla hüquq müstəvisində mübarizə aparaq”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …