Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənilərin “məscid düşmənçiliyini” İtaliya diplomatları da dünyaya yaydılar…

Samir Adıgözəlli: “…beynəlxalq birliyə çox ciddi mesajdır”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müxtəlif xarci ölkələrdən rəsmi şəxslər, parlamentarilər səfər edir, onlar bu rayonlarda olarkən erməni vəhşiliyinin izlərini aşkar görürlər.

Əlbəttə, onların hamısı olmasa da, böyük əksəriyyəti ermani vandalizminin dəhşətlərini öz çıxışlarında, bəyanatlarında dünya birliyinin diqqətinə çatdırırlar.

Bildiyimiz kimi, bu günlərdə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. O, Ağdama etdiyi səfərlə bağlı təəssüratlarını özünün “Facebook” səhifəsində paylaşıb.

Baki-xeber.com xəbər verir ki, Dövlət katibi vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın indi “ruhlar şəhəri” kimi tanındığını yazır. O, bir zamanlar on minlərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzülün müşahidə olunduğunu, qəbirlərin dağıdıldığını, məscidlərin tövləyə çevrildiyini diqqətə çatdırır.

Manlio Di Stefano imzalanmış üçtərəfli bəyanata əsasən bu torpaqların Azərbaycana geri qaytarılmasından bəhs edir. O, İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirir.

Dövlət katibi Ağdam şəhərində çəkdiyi şəkilləri “Facebook” səhifəsində paylaşıb.

Belə rəsmi şəxslərin erməni vandalizmi haqqında yazması beynəlxalq aləmə nə kimi təsirlər göstərə bilər?

Ekspertlər hesab edirlər ki, Avropadan Azərbaycanın işğaldan azad edilən ərazilərinə rəsmi şəxslərin dəvət edilməsinin özünün ayrıca əhəmiyyəti var. Bu şəxslərin bəziləri erməni vandalizminə susqunluqla yanaşsalar da, bir çoxu öz gördüyünü sosial şəbəkələrdəki hesablarında paylaşır, öz ölkələrinin ictimaiyyətinə bu barədə məlumatlar verir.

Ekspertlərin fikrincə, Fransadan fərqli olaraq, İtaliya Azərbaycana münasibətdə, birmənalı olaraq, obyektivlik göstərib, dövlətimizin ədalətli mövqeyini dəstəkləyib. 

“Belə bir rəsmi şəxsin erməni vəhşiliyindən dəhşətə gələrək Ağdamda gördüklərini sosial şəbəkədə bölüşməsinin, başqalarına da bu barədə məlumat verməsinin əhəmiyyəti böyükdür”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin sədri Samir Adıgözəlli hesab edir ki, xarici ölkələri təmsil edən rəsmi şəxslərin erməni vandalizmi haqqında yazmasının, bu faktı ictimailəşdirməsinin beynəlxalq aləmə təsir imkanları böyükdür. “Yadınızdadırsa, cənab Prezident işğaldan azad edilən Cəbrayıla, Xudafərin körpüsünə səfər edəndə oradan əyani bir mesaj verdi ki, bütün dünya bizim hansı düşmənlə müharibə apardığımızı görsün. Erməni vandalizmini, erməni cinayətlərini cənab Prezident həmin səfərdə bütün dünyaya təqdim etdi ki, görün ermənilər bizim torpaqları, abidələrimizi hansı vəziyyətə salıblar. Bundan sonra işğaldan azad edilmiş ərazilərimizə beynəlxalq qurumların, xarici ölkə səfirliklərinin nümayəndələrinin, müxtəlif ölkələdən ölkəmizə gələn rəsmi və qeyri-rəsmi şəxslərin səfərləri təşkil olundu. Bu səfərlərin indən sonra da mütəmadi olaraq təşkil edilməsi çox vacibdir, bu istiqamətdə də cənab Prezidentin tapşırığına əsasən, proqram həyata keçirilir. Bilirsiniz ki, bu günlərdə İtaliyanın bir qrup rəsmi şəxsi ölkəmizdə səfərdə oldu və onlar işğaldan azad edilən Ağdamı ziyarət etdilər. İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri cənab Manlio Di Stefanonun Ağdamda gördüyü dəhşətləri, erməni vandallarının məscidlərimizə, abidlərimizə qarşı törətdikləri vəhşilikləri öz “Facebook” hesabında qeyd etməsi beynəlxalq birliyə çox ciddi mesajdı. Belə bir rəsmi şəxsin erməni vəhşiliyindən dəhşətə gələrək Ağdamda gördüklərini sosial şəbəkədə bölüşməsinin, başqalarına da bu barədə məlumat verməsinin əhəmiyyəti böyükdür. Belə rəsmi şəxslər tərəfindən Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm, bəşəriyyət əleyhinə cinayətlərlə bağlı səsləndirdiyi hər bir fikir işğalçı dövləti dünyada ifşa edir. Ermənilər uzun illərdir qondarma “erməni soyqırımı”nı reklam edirlər, tarixdə baş verməyən bir hadisəni yayırlar. Amma işğaldan azad edilən torpaqlarımıza, rayonlarımıza səfər edən xarici ölkələrin rəsmi şəxsləri açıq şəkildə görürlər ki, ermənilər Azərbaycan torpaqlarına, Azərbaycanın şəhər və kəndlərinə, abidələrinə, dini ocaqlarına, məscidlərinə qarşı soyqırım aktları törədiblər. Bu həm də ermənilər tərəfindən aparılan qondarma “erməni soyqırımı” kampaniyasının özünə bir zərbədir. Eyni zamanda da Ermənistanın işğalçılıq mahiyyətinin dünyaya çatdırılması, ermənilərin dağıdıcı, vəhşi, vandal xarakterli bir toplum olduğunun beynəlxalq aləmə göstərilməsi baxımından əhəmiyyətli rol oynayır” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …