Cümə , 26 Aprel 2024
Drone Cameras

Ermənistanın qərargah rəisi Naxçıvanın hərbi gücündən narahatdır

Azərbaycan ordusunun güclənməsi, dünyanın ən güclü orduları sırasında yer alması Ermənistan hərbi-siyasi rəhbərliyini narahat edir.

Bu yaxınlarda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Artak Davtyan Azərbaycanın Naxçıvandakı hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsindən  narahat olduqlarını bildirib.

“İndi burada yeni  silah və hərbi texnikanın nümunələri yerləşdirilib.  Buna baxmayaraq, biz Azərbaycanın bu istiqamətdə üstünlük əldə etməməsi üçün də müvafiq tədbirlər görürük”,- deyə Artak Davtyan  daxili auditoriyaya təskinlik verib. 

Erməni komandirini və bütövlükdə erməni cəmiyyətini narahat edən bu cür pessimist əhval-ruhiyyə başa düşüləndir. Çünki son illər ən yeni silahlarla təchiz edilmiş, maddi-texniki bazasını müasirləşdirən Azərbaycan Silahlı Qüvvələri  döyüş effektivliyi və peşəkarlığının artırılmasında böyük uğurlara imza atıb.

Azərbaycan Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə nəzərəçarpacaq dərəcədə ciddi diqqət yetirir. Bunun isə iki səbəbi var: birincisi, Ermənistan davamlı olaraq Naxçıvana olan ərazi iddialarını daima təkrar edir və ikincisi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ən həssas bölgəsində yerləşən Naxçıvan blokadaya salınıb. Bu, muxtar respublikanın döyüş potensialının daim yüksək səviyyədə olmasının əsas səbəblərindəndir.

Bu gün Naxçıvanda muxtar respublikanın hərbi qüdrətinin daha da artmasına və müdafiə potensialının gücləndirilməsinə yönəlmiş uğurlu layihələr həyata keçirilir. Naxçıvanda ayrıca Əlahiddə Ümumqoşun Ordu yaratmaq, onu ən müasir silah və sursatla, ən son texnologiyalarla təchiz etmək, yeni hərbi hissələrin formalaşdırılması və mövcud hərbi hissələrin modernləşdirilməsi, lazım gəldikdə hər hansı bir potensial təcavüzə və təhdidə layiqli cavab vermək üçündür.

Erməni tərəfinin həddindən artıq narahatlığına gəlincə, Azərbaycan sülhsevər bir dövlət kimi heç kimə, o cümlədən işğalçı Ermənistana hücum etmək niyyətində deyil. Amma eyni zamanda, öz torpaqlarında başqa bir erməni dövlətinin yaradılmasına da heç vaxt imkan verməyəcək. Rəsmi Bakı dəfələrlə bunu ən yüksək səviyyədə bəyan edib.

Erməni hərbi və siyasi dairələrinin tez-tez vurğuladığı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığından əndişəsi də başa düşüləndir. 2016-cı ilin aprel döyüşlərinin kədərli nəticələrini yaxşı bilən Ermənistan qarşı tərəfin yenidən qaçılmaz qisas alacağından qorxur.

Naxçıvanda isə Əlahiddə Ümumqoşun Ordunun zəfərlə yekunlaşan   əməliyyatlarını xatırlatmağa dəyər. 2018-ci ilin may ayında uğurlu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafında yerləşən   strateji yüksəkliklər-  Qaraqaya, Qızılqaya  və  digər mövqelər erməni işğalından azad edildi. Mühüm strateji əhəmiyyətli İrəvan-Yexiqnadzor- Gorus-Laçın- Xankəndi yolu Azərbaycan ordusunun nəzarətinə keçdi.

Beləliklə, əgər Ermənistan hərbi-siyasi hakimiyyəti Naxçıvanda keçirilən hərbi təlimlərdən, o cümlədən Türkiyə ilə birgə təlimlərdən o qədər narahatdırsa, onda başa düşməlidir ki,  bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməkdir.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …