Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş “müdafiə naziri”, müxalifətyönlü “Ohanyan-Oskanyan-Ovanisyan” seçki blokunun qatı tərəfdarı Samvel Babayanın silah qaçaqmalçılığında suçlanaraq həbs olunması işğalçı ölkədə seçki kampaniyasının gedişinə yeni siyasi rənglər qatıb. Artıq bir çox rəqib partiyaların təmsilçiləri, aparıcı media ölkədə seçki öncəsi repressiya atmosferindən və 2 aprel səsverməsinin nəticələrinin bəri başdan hazır olmasından danışmağa başlayıb.
O sırada müxalifyönlü “Erk” blokundan deputatlığa namizəd, Serj Sərksiyan rejiminin sərt tənqidçilərindən olan Nikol Paşinyan seçicilərlə son görüşlərinin birində hakimiyyətin ünvanına növbəti və daha sərt sözlər deyib, eyni zamanda özünə qarşı sui-qəsd ehtimalını istisna eləməyib.
Ölkənin uçurum astanasında olduğunu söyləyən Paşinyan hakim partiya başda olmaqla, oxşar ideologiyaları təbliğ edən başqa siyasi qüvvələrə səs veriləcəyi təqdirdə vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib. “Biz bütün bunlardan keçib gəlmişik. Siz deyirsiniz ki, necə olur Serj Sərkisyan məni öldürmür. Mən hələ sağamsa, demək, müxalifətçi deyiləm. Elə isə pul yığın, killer tutun, güllələyin məni. Hər şey bitsin”, – deyə müxalif siyasətçi ölkədəki kriminogen durumun arxasındakı siyasi qüvvəyə eyhamla bildirib.
Bu arada “Aykakan Jamanak” qəzeti növbəti qalmaqallı həbs kimi Ermənistanın sabiq müdafiə naziri, dünənədək Serj Sərkisyanın hakimiyyət ortağı və silahdaşlarından olmuş sabiq müdafiə naziri Seyran Ohanyanın tutuqlana biləcəyindən yazıb. Qəzet həbsin motivi qismində Ohanyanın Babayanın qrupu ilə qanunsuz iş birliyində – silah qaçaqmalçılığında suçlanmasının istisna edilmədiyini yazıb. Nəşr məsələ ilə bağlı Ohaynyanın özünün rəyini öyrənməyə çalışıb. Lakin eks-nazir fikir söyləməkdən yayınıb. Bütün bunlar o anlama gəlir ki, sırada həqiqətən Ohanyan da ola bilər.
Hətta hakim Respublikaçılar Partiyasının hökumət ortağı “Daşnaksütyun” səsverməyə sayılı günlər qalmış yaranan həssas durumda ehtiyatlı mövqe tutmağa başlayıb. Belə ki, partiyanın təmsilçisi Kiro Manoyan mediaya verdiyi açıqlamada dolayısıyla Samvel Babayanın həbsinə haqq qazandırıb. O, “yəqin ki, həbs üçün müəyyən əsaslar olub. Hər halda, bizim Milli Təhlükəsizlik Xidməti elə də bacarıqsız deyil”, – deyə o, olaya haqq qazandırmağa çalışıb.
Beləliklə də “Daşnaksütyun” faktiki, onunla Dağlıq Qarabağ məsələsində eyni radikal mövqeyi bölüşən S.Babayanın müdafiəsinə qalxmaqdan vaz keçib, olaydan məsafə saxlamağa çalışıb.
Bu arada isə erməni siyasi texnoloq Vigen Akopyan qarşıdakı seçkilərin mümkün nəticələri haqda danışarkən “Ohanyan-Oskanyan-Ovanisyan” bloku və kommunistlər parlamentə düşə bilməyəcəyini proqnoz etdiyini söyləyib. Onun sözlərinə görə, 2 aprel səsverməsi yaxınlaşdıqca ölkədə siyasi-ictimai atmosfer daha əsəbi olmaqdadır.
Proqnozlarını bölüşən Akopyan hesab edir ki, keçmiş prezident Levon Ter-Petrosyanın siyasi qüvvələr bloku azsaylı bloklardandır ki, dəqiq ideologiya ilə çıxış edir: “Hərçənd Erməni Milli Konqresi (Ter-Petrosyanın partiyası – red.) keçmişdə daha kreativ idi. Əvvəldən də bəlli idi ki, “Ohanyan-Oskanyan-Ovanisyan” blokunun həm hakimiyyətdə, həm də müxalif düşərgədə opponentləri var. Ermənistan Kommunist Partiyası isə SSRİ-nin xiffətini çəkənlərin səsinə ümid edir. O ki qaldı “Daşnaksütyun”a, bu siyasi qüvvənin daimi elektoratı zaman keçdikcə seyrəlir”.
*****
Beləcə, seçkilərə sayılı günlər qalmış Ermənistanda nəinki siyasi ehtiraslar daha da qızışmaqdadır, həmçinin, hakim qüvvə seçkilərin nəticələrini öz xeyrinə saxtalaşdırmaq üçün bütün vasitələri, o cümlədən siyasi rəqiblərə qarşı repressiv riçaqları işə salmış kimi görünməkdədir. Başqa sözlə, Sərkisyan rejimi ölkənin taleyində mühüm rol oynayacaq yeni parlamentə öz nəzarətində saxlamaq üçün fiziki mənada hücum taktikasına köklənib.
Şübhəsiz ki, bu kimi seçki qanunszuluqlarını beynəlxalq müşahidəçiər qeydə alır və almaqlalar. Bu üsullar yəqin ki, seçkilərin legitimliyinə də öz möhürünü basacaq və onun nəticələrinin beynəlxalq miqyasda tanınmasına ciddi əngəl yaradacaq, işğalçı ölkənin imicinə yeni neqativ çalarlar əlavə edəcək. Bu da təbii ki, Azərbaycanın milli maraqlarına tamamilə cavab verir.
Müşahidələr habelə, Ermənistanda seçkisonrası siyasi ehtirasların daha da kəskinləşəcəyini və qan töküləcəyini göstərir. Hətta hakimiyyət əleyhinə silahlı qiyamın baş verəcəyi istisna edilmir. Doğrudur, iki gün öncə potensial qiyamçılardan olan və hakimiyyəti açıq şəkildə silahlı çevrilişlə hədələyən Samvel Babayan həbs edilib. Lakin Babayan tutulsa da, Babayan tərəfdarları çöldədir. Üstəlik, onların dəstəklədiyi “Ohanyan-Oskanyan-Ovanisyan” bloku ümumiyyətlə, parlamentə buraxılmayacaqsa, situasiya daha kəskin şəkil alacaq.
Kəsəsi, 2 apreldən sonra Ermənistanda bir müddət qeyri-müəyyən bir situasiyanın, qarışıqlıq yaşanacağı realdır. Bu da Qarabağ istiqamətində Azərbaycan üçün unikal fürsət yaradır…
Musavat.com