Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Eurasia Review”: Postmüharibə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəqqi və rifaha gətirəcək FOTO

“Eurasia Review” nəşrində “Postmüharibə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəqqi və rifaha gətirəcək” sərlövhəli məqalə dərc olunub.

Boyukmillet.com xəbər verir ki, politoloq Şəbnəm Həsənovanın müəllifi olduğu məqalə 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanatın hərbi əməliyyatları başa çatdırmaq və bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq qurmağa qərar verən fundamental sənəd olması ilə yanaşı, bölgədəki nəqliyyat kommunikasiyalarının açılmasına dair müddəaların da əks olunaraq, bununla Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə Ermənistandan keçməklə Mehri nəqliyyat dəhlizi vasitəsilə birbaşa quru yolu çıxışı əldə edildiyini ehtiva edir.

Şəbnəm Həsənova qeyd edib ki, 1993-cü ildə Türkiyə yalnız Azərbaycana qardaş bir ölkə olduğu üçün deyil, həm də ədalətli yanaşması səbəbindən işğal siyasətinə görə Ermənistanla sərhədlərini bağladı. Bu, Ermənistana həm siyasi, həm də iqtisadi cəhətdən mənfi təsir etdi.

Ötən il dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradının ertəsi günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat açıqlaması edərək yeni altılı əməkdaşlıq formatı ilə çıxış etdilər ki, Ermənistan rəhbərliyi müharibədən düzgün nəticə çıxaracağı və əsassız iddialarından imtina edəcəyi təqdirdə onun da bu formatda yer ala biləcəyinin mümkünlüyü dilə gətirildi.

Müəllif bildirir ki, Azərbaycanın Qarabağı erməni işğalından azad etməsi təkcə iki ölkənin tarixində deyil, bütün Cənubi Qafqaz regionunun tarixində yeni bir səhifə açır. Hər şey məhv edildiyi üçün azad edilmiş ərazilərdə həyatı bərpa etmək asan deyil, lakin azad edilmiş zonaların inkişafı üçün Azərbaycan hökuməti tərəfindən baş planlar hazırlanır.

Şəbnəm Həsənova yazır ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə konstruktiv siyasət yürüdür, bölgə və dünya ölkələri ilə qarşılıqlı faydalı şərtlərdə əməkdaşlıq edir. İstər Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən bu il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, istərsə də daha bir möhkəm fakt kimi Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərinin başa çatması ilə layihənin yekunlaşması Azərbaycanın layihəyə cəlb olunan ölkələrə, dəstək çıxan ölkələrə və beynəlxalq maliyyə qurumlarına özünü bir daha etibarlı tərəfdaş olduğunu sübut etməsi ilə göründü. Bu kimi addımlar bölgədəki məsələlərin dialoq və əməkdaşlıq yolu ilə həll oluna biləcəyinin bariz sübutudur.

Artıq bir neçə dövlət və şirkət Azərbaycanla əlaqələrini genişləndirməyə və azad olunmuş ərazilərdə sənayenin inkişafına töhfə verməyə qərarlıdır. Dövlət olaraq Azərbaycan əsas işi özü həyata keçirəcək. Eyni zamanda, Azərbaycan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək hökumət qurumlarının yanında özəl investorlar üçün də geniş qapılar açır. Yerli və xarici investorlar investisiya qoymaqla öz biznes maraqlarını təmin edə və Azərbaycanın uzunmüddətli fasiləsiz, ucuz və ekoloji cəhətdən təmiz enerji mənbələri ilə təmin olunmasında öz sözlərini deyə biləcəklər.

Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə istinadən bildirir ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Qeyd olunur ki, dünya iqtisadiyyatının mövcud pandemiya şəraitində böyük problemlər yaşadığı bir vaxtda Prezident İlham Əliyevin təşəbbüsü və təlimatları əsasında Azərbaycan yalnız erməni işğalından azad edilmiş əraziləri bərpa etməyi və yenidən qurmağı deyil, həm də “ağıllı şəhər” və “ağıllı kənd” anlayışlarını həyata keçirməyi planlaşdırır.

Şəbnəm Həsənova yazır ki, Ermənistandakı bəzi siyasi qrupların Azərbaycana qarşı yeni bir müharibəyə hazırlaşmağa çağırdıqlarına baxmayaraq, yeni reallığı həqiqi mənada qiymətləndirən və yuxarıda qeyd olunan platformalardan hər hansı birində iştirak etməyi Ermənistanın maraqlarına cavab verən bir durum kimi dəyərləndirən siyasətçilər də var. Məqalədə onlara da istinadlar verilir.

Diqqətə çatdırılır ki, ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun İkinci Ağalı kəndində həyata keçiriləcək. Bu barədə fevralın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində layihənin artıq başlanıldığına dair məlumat verildi. “Ağıllı kənd” layihəsi mənzil, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi beş əsas komponent üzrə həyata keçiriləcək. Tikiləcək 200 kənd evinin enerji ehtiyacı yalnız alternativ enerji mənbələrindən alınacaq.

Müəllif qeyd edir ki, ermənilər tərəfindən dağıdılmış və talan edilmiş Güləbird kəndində qısa müddətdə su elektrik stansiyası istismara verildi ki, yaxın gələcəkdə bu stansiyaların sayı artacaq. Bərpa işləri arasındakı digər xüsusi yer elektrik təchizatı ilə bağlıdır ki, bu baxımdan da “Azərişıq” Səhmdar Cəmiyyəti artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib.

Məqalədə, həmçinin bildirilir ki, fevralın 5-də Azərbaycanın Ağdam rayonunda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəs pozuntularının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək məsuliyyətini daşıyır. Müəllif o nəticəyə gəlir ki, Ermənistan hərəkətlərinin və addımlarının nəticələrini lazımınca təhlil etməli və bölgədəki bütün millətlərin sabitliyini və rifahını təmin etməyin yeganə yolunun sülh və əməkdaşlıq yolu olduğunu qəbul etməlidir.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …