Cümə axşamı , 9 May 2024
Drone Cameras

Fazil Hənifəyev yazır: Ey torpaq

Yuxum gəlir, ey torpaq
Yer aç mənə bir qarış
Ağac köklərin dola yorğan kimi üstümə
Soyuqla tanış olsun bədən, canım çıxmamış

Yorulmuşam, ey torpaq
Mahnı oxu qulaqma
İnsan sümüklərindən, heyvan qalıqlarından
Dünya yarat, nəğmə qoş
Nağıl da danış mənə, bir az başım qarışar
Torpaq birdən darıxsan, mən oyun da quraram
Canımdaki titrətmə zəlzələnlə yarışar

Darıxıram, ey torpaq
Bozluğunla sar məni, sığal da çək başıma
Daş-kəsikdən ev-eşik, palçığından dost düzəlt
Bari, bir az sevinim
Ta əzəldən, yarğanlar, çuxurlar yiyəsisən
Öyrət məni, boşluqla necə başa çıxırsan?
Dol ağzıma, ətrinlə küt beynimi doydurum
Zərrə-zərrə mən səni hiss etməyə gəlmişəm
Nəfəs alım dərindən, boşluqları doldurum

Qocalmışam, ey torpaq
Bir-birinə bənzəyir indi qırışlarımız
Uzanmışam üfüqə
Uzağam, əlçatmazam
Ölümün ələyindən üç-dörd dəfə keçmişəm
Danmağa yoxdur hacət, bir az sənə oxşaram
Sənin təhər içimdə çox adam dəfn etmişəm
İcazə ver doyunca öpüm qara üzündən
Yaşamaq mərəzindən mən artıq sağalmışam
Qocalmışam ey torpaq, qocalmışam

Check Also

Qürbətdə, Vətən həsrəti

Laçın babalarımızın, əcdadlarımızın yurdudur. Şəlvə dərəsinin nadir gözəlliyinə, Qırxqız yaylağının səfalı havasına, uca qayaların qoynundan …