Şənbə , 20 Aprel 2024
Drone Cameras

Füzulidə aeroport tikintisi barədə Prezidentin qərarını Xocalı aeroportu məsələsinə bağlayan radikal təftişçilik cəhdləri…

Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Füzulidə yeni beynəlxalq aeropotun tikiləcəyinin anonsunu verib:

“Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir”.

Dövlət başçısı qeyd edib ki, oradan Şuşaya məsafə də yaxındır: “Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər – Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”.

Maraqlıdır ki, ölkə başçısının bu nəcib təşəbbüsünü bəzi radikal dairələr başqa aspektlərə yozub, uğursuz müqayisələr aparmağa cəhdlər edir. Həmin dairələr belə qənaətə gəlirlər ki, Qarabağda Xocalı aeroportu varsa, Füzulidə yeni hava limanının tikintisinə ehtiyac yoxdur. Hətta bir az da irəli gedərək bu qənaətə gəlirlər ki, güya belə olacağı təqdirdə Xocalı aeroportundan yalnız ermənilər istifadə edə biləcək. Bu fikirləri nə dərəcədə əsaslı saymaq olar?

 “Bu addım işğaldan azad edilən ərazilərimizi beynəlxalq aləmlə bir-birinə bağlayacaq əvəzsiz vasitə olacaq”

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin  (İSBAM) rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu iddiaları edənlərin beynəlxalq konvensiyalardan xəbəri yoxdur: “Digər tərəfdən isə, əldə olunan uğura kölgə salmaq istəyirlər. Bilirsiniz ki, Azərbaycan işğaldan azad olunan bütün rayonlarda öz yurisdiksiyasını tam bərpa edir. Yerdə qalan xırda detallar da mütləq mənada öz yerini tapacaq. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanın ərazi bütövlüyü  müzakirə mövzusu ola bilməz. Hətta Ermənistan baş naziri belə öz məqaləsində etiraf edir ki, Azərbaycan hələ 2011-ci ildə 7 rayon əvəzinə Qarabağa statusun verilməsi təklifindən İlham Əliyevin simasında imtina edib.  Bunları bilə-bilə Xocalı aeropotunun güya ermənilərə veriləcəyi ilə bağlı fikirlər irəli sürmək nə dərəcədə məntiqlidir? Təbiidir ki, belə arzular ermənilərin ürəyindən həmişə keçib. Hətta bu niyyətlə aeroportu əsaslı təmir də etdirdilər. Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın nəzarətində olduğu dönəmdə belə onlar bu addımı atmağa cəsarət etmədilər. Həmin vaxt da bildirildi ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xocalı aeroportundan istifadə etmək hüququ yoxdur. Bütün beynəlxalq konvensiyalara da zidd olduğu üçün buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilmədi. Onların sırasında Beynəlxalq Mülki Aviasiya Təşkilatı kimi nüfuzlu təşkilat da var. İstənilən aeroportun fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin alınmasına bu qurim tərəfindən icazə verilməlidir. İşğal zamanı Azərbaycan həmin təşkilatı aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb. Torpaqlar işğaldan azad ediləndən sonra isə bu ümumiyyətlə mümkün olmayacaq”.

Ekspertin sözlərinə görə, Füzulidə tikilən aeroportun həm də imkanları geniş olacaq: “İlham Əliyevin bəyanatından belə aydın oldu ki, Füzulidə beynəlxalq aeropotun tikilməsi nəzərdə tutulur. Təbiidir ki, Xocalı hava limanı belə imkanlara sahib deyil. Bu addım işğaldan azad edilən ərazilərimizi beynəlxalq aləmlə bir-birinə bağlayacaq əvəzsiz vasitə olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …