Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısını qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin dedi:
– Hörmətli İlham Heydər oğlu!
Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil edilib. Görünür, Siz Soçidə havanın yaxşı olacağını nəzərdə tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə, mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir.
Mən hesab edirəm ki, bu görüşün məqsədi bizim 2020-ci və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm.
Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir.
Gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
– Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Dəvətə görə təşəkkür edirəm. Yenidən görüşməyimizə şadam. Biz Sizinlə keçən ayda da, bu ayda da görüşmüşük, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanımız olub.
Bugünkü görüş bizim regional məsələlərə həsr edilib. Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik. Dəvətə görə bir daha sağ olun.
Prezident Vladimir Putin: Təşəkkür edirəm.