Cümə , 19 Aprel 2024
Drone Cameras

Günnütdən qələbəyə gedən yol – FOTOLAR

2018-ci ilin may ayında Naxçıvan Dövlət Televiziyası ölkəyə və bütün dünyaya yayılan xoş bir xəbəri tamaşaçılarına çatdırdı-Günnüt kəndi düşmən nəzarətindən azad edilib!  İsti bir yaz günündə göydə qəfil çaxan ildırım effekti yaradan bu xəbəri çatdıran televiziya əməkdaşlarının sırasında mənim də adım vardı. Əlbəttə qürur duyulası bir haldır. Amma daha çox qüruru bu uğurlu əməliyyatı düşünən və həyata keçirənlərlə duymaq lazımdır. Çünki 2016-cı ilin şərəfli “Aprel döyüşləri”ndən sonra bu əməliyyat təkcə ölkə vətəndaşlarında ruh yüksəkliyini, qələbə inamını artırmadı, həm də öz xalqında yalançı qalib obrazı formalaşdıran  Ermənistan hakimiyyətində soyuq duş effekti yaratdı.

İki il əvvəl  Günnütə etdiyimiz ilk səfəri bu gün də olduğu kimi xatırlayıram. Hərbiçilərimizin müşayiəti ilə uzun illərdən bəri kol-kos basan yollarla Günnütə tərəf irəlilədikcə hər yerdə qurulan müdafiə istehkamları, əraziyə toplaşan hərbi texnika və əsgərlər bir anlığa adamı 1990-cı illərə aparırdı. Amma o zaman xof və bir qədər də çaşqınlıq içərisində olan döyüşçülərdən fərqli olaraq  bugünkü əsgərlərin simasında qalib görkəmi, döyüş ruhu  və hətta bir gecədə dağları aşıb qədim Şərur-Dərələyəz mahalının xəritəsini dəyişməyə hazır olan qəhrəman görkəmi var idi. Yol boyu ordu birləşmələrinin yerləşdirilməsində hər şey yüksək peşəkarlıqdan  xəbər verirdi. Sanki dünyanın ən güclü hərbi qüdrəti sayılan Amerika Birləşmiş Ştatlarının ordusu haqqında çəkilən filmlərə baxırdıq. Bu artıq müasir  Azərbaycan Ordusunun real vəziyyəti idi. Çay yatağı ilə  uzanan yolun sonunda Günnüt ərazisinə çatanda bizi burada arı saxlayanlar qarşıladı. Günnüt əməliyyatından dərhal sonra bura öz arı pətəklərini gətirmişdilər. Arılar ətirli Günnüt çiçəklərindən vızıltı ilə, bəlkə də acgözlüklə bal toplayırdı. Sanki hər çiçəyin üstündə bir arı vardı. Vallah, təbiətdə olan canlılar da doğma yerlər, yaylaqlar üçün darıxır. Bu fürsətdən isə ilk istifadə edən yəqin ki, arılar idi. Uzaqda düşmən səngərləri aydın görünürdü. Arıçılara: -Bəs qorxmursunuz, düşmənlə  sərhəddin bu qədər yaxınına gəlmisiniz? sualıma, yaşlı arıçı əsgərlərimizi göstərərək, – bunlar olan yerdə nə qorxu?!- cavabını verdi. 

Buradan o tərəfə yollar daha rahat idi. Çünki hərbi texnikanın köməyi ilə az bir zamanda ön xəttdəki səngərlərə qədər rahat yol çəkilmişdi. Bu yol qayaları və təpələri inadla yaran ekskovatora atılan düşmən güllələrinin altında hamarlanıb, düzənlənmişdi. Amma hələ də yol çəkilişi davam edirdi. Hərbiçilərimiz söz vermişdilər ki, bizi ən son nöqtəyə qədər aparacaqlar. Ona görə də son səngərə getmək üçün bir qədər piyada qalxmalı olduq. Səngər qurtarandan sonra əsgərlərimizin tutduğu mövqedən düşmənin kəndləri, əsgəri əraziləri və səngərləri ovuc içi kimi görünürdü. Amma, mənim diqqətimi daha çox çəkən Günnüt kəndinin ərazisi, ətrafdakı yastı təpələr və onları əhatə edən uca dağlar oldu. Bir may günündə Günnüt lalələri sanki yaşıl otların arasından ucalan alov idi. Bu laləlik isə daha çox kəndin dağıdılan, ara-sıra görünən qəbirlərdən bəlli olan qəbristanlığında açılmışdı. Bəlkə də hər lalə bir şəhidin, ya da  burada uyuyan kənd sakinlərinin ruhunu tərənnüm edirdi. Bir zaman yad baxışların nəzarətində olan torpağın altında qalan ruhlar indi doğmalarını görüb lalələrin rənglərində yenidən pərvazlanırdı… Bilmirəm, amma çox xoş bir mənzərə idi. Bir qədər aralıda dayanıb düşməni gecə-gündüz nəzarətdə saxlayan əsgər və zabitlərimizə baxdıqca QƏLƏBƏ deyilən mücərrəd sözün anlamını dərk edirdim. Bu idi Qarabağ savaşı başlayandan təşnəsində olduğumuz Qələbə. Bir zaman düşmənin işğal edərək at oynatdığı torpağı ondan çox az, minimal itki ilə (Günnüt əməliyyatında Adil Tatarov adlı əsgərimiz qəhrəmanlıqla şəhid olub və uğrunda döyüşdüyü səngər də indi onun adını daşıyır)  geri almaq və Azərbaycan Ordusunun hərb tarixinə növbəti uğuru yazmaq qürurvericidir.  Çünki 11 min hektarlıq bir ərazini düşməndən azad edərək  əsgərlərimiz ən hündür, starteji yüksəklikləri və düşmənin öz ərazisində hərəkətini də “quşbaxışı” nöqtədən  nəzarətə götürmüşdü. Ətrafda artıq hər şey ovuc içi kimi görünürdü. 

Bir mənzərə isə lap maraqlı idi, indi azad çöllərində yaşılla qırmızının, bir qədər yüksəkdə isə mavi rəngin bir birinə qovuşması Tanrı tərəfindən  Günnütə təbii şəkildə  Azərbaycan Bayrağını çəkmişdi. 

Ən maraqlı məqam isə qəbristanlıqda doğmalarını ziyarətə gələn günnütlülərin qəribə sevinci idi. Dini və milli ənənəmizə görə məzaraları ziyarət edən insanlar bir qədər qəmgin, kədərli olurlar. Amma 26 illik həsrətdən sonra bura gələn günnütlülərin üzlərində çox qəribə bir ifadə var idi. Sevinc və kədərin qarışığı. Bu bəlkə də elə QÜRUR idi. Onlara doğmalarının məzarı üstündə Quran oxumağa şərait yaradan Azərbaycan əsgərinə qarşı duyulan qürur hissi.

..İndi Günnütdə mükəmməl infarstruktur yaradılıb. Ali Məclis Sədrinin etdiyi səfərlərdə verdiyi müvafiq tapşırıqlardan sonra  bir neçə istiqmətdə yollar çəkilib əsgər yataqxanaları, xidməti binalar inşa edilib. Əsgərlərə şəhərlərdə dislokasiya olan hərbi hissələrdəkindən  heç də fərqlənməyən şərait yaradılıb. Kitabxanadan tutmuş, ta ki istirahət guşələrinə qədər hər şey var. Yaradılan infarastruktur, möhkəmlənən səngərlər, hətta soyuq qış aylarında belə davamlı təmin edilən təchizat, istilik  təkcə ordumuza dövlətin qayğısı deyil, həm də bir addım o yanda bunları miskincəsinə ancaq müşahidə edən düşmənə mənəvi zərbədir.

P.S. Günnütdə bu qəhrəmanlıq tarixini yazan əsgər və zabitlərin heç biri televiziyaya müsahibə vermək istəmədi. Jurnalist inadımızı görüb günəşin şüaları altında yanan sifəti tunc rənginə çalan yüksək rütbəli zabit müsahibə məsələsinə konkret son qoydu: – Qarabağda, Şuşada mütləq sizə müsahibə verəcəm!

Nə deyirik, Günnütdən sonra sizi Şuşada  gözləyirik, Azərbaycan əsgəri !!!     

Səməd Canbaxşiyev

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …