“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu son həftələrin ən çox müzakirə olunan məsələsi – jurnalistlər binasından veriləcək evlər və bu evlərə namizədlərlə bağlı maraqlı yazı ilə çıxış edib.
Boyukmillet.com mövzunun aktuallığını nəzərə alaraq musavat.com-a istinadən həmin yazını təqdim edir:
Jurnalistlərə ev verilməsi kimi, nəcib bir təşəbbüsü kimlərsə sanki qəsdlə qaralayır. Bu mövzu yerli xəbər məkanında və eləcə də, media quruluşları arasında bir xaos yaradıb. Nəfs məsələsidir: “niyə də mənə yox”, deyənlərin sayı tikilən mənzillərin sayından dəfələrlə çoxdur. Ev üçün müraciət edənlərin sayını eşidəndə isə, ümumiyyətlə heyrət etdim. Minlərlə! Haradan çıxdı, bu qədər jurnalist? Harada idilər, onlar, Azərbaycan mediasının taleyi həll olunan kritik zamanlarda? Kim nə yazıb, kim nə edib, kim nə yaza bilər…
Əslində məsələ sadədir: Azərbaycan prezidentinin birbaşa dəstəyi və nəzarəti ilə mətbuat işçilərinə verilməsi nəzərdə tutulan ikinci bina da hazır olub. 255 mənzil, elə o sayda həmkarlarımızın evlərinə çevriləcək. Bu, bir mükafat deyil, bu ölkənin tanınan, üzdə olan imzalarının, evsiz, yaxud da mənzil şəraiti bərbad olan qəzetçilərimizin bir qisminin mənzil probleminin həlli təşəbbüsüdür.
Biz bu məsələni redaksiya olaraq, çox şəffaf və asanlıqla həll etdik. Heç bir söz-söhbət də olmadı. Hər qəzetdən 6 namizəd tələb olunurdu, 5 namizədimizi verdik, elan etdik, bitdi. Təbii, mən istərdim ki, gənc yazarlarımız da bu sırada olsunlar – Media Qrupumuzun dəyərli siması, minval.az saytının baş redaktoru Emil Mustafayevin, gənc reportyor Məhəmməd Türkmənin, gənc müxbirimiz Nərgiz Liftiyevanın ümumi stajları tələb olunan göstəricilərə uyğun gəlmədi. Gəlsəydi, ön sırada onlar olacaqdı – çünki Məhəmməd və Nərgizin ailə üzvləri də bizim Media Qrupunda işləyirlər. Yəni onlara iki mənzil verilsəydi, 4 əməkdaşımıza mənzil verilmiş olacaqdı. Üstəlik, mən bu məsələdə imzası tanınan gənclərə üstünlük verilməsinin tərəfindəyəm, nəinki veteranlara… Lakin hər nə olsa belə, qaydaları mən qoymuram və məsələ də “Yeni Müsavat” Media Qrupunun məsələsi deyil. Məsələ və problem prezidentin bu cür təşəbbüsünə sanki qəsdən kölgə salanların, “yaxşı edirəm, 5 evim var, birini də buradan alacam”, deyən danabaşların, jurnalistikaya dəxli olmayan iddialıların yaratdıqları xoşagəlməz atmosferdən gedir. Qaydalara görə bölgüdə dövlət qurumlarının mətbuat xidmətləri də iddiaçı ola bilərlər. Şəxsən buna qarşıyam, ancaq bütün bunlar evləri olmayan məmur-jurnalistlər üçündür. Daha villası, bir neçə mənzili olan birini ortaya salıb, yer doldurmaq da nə üçündür? “Batmasın, onun adına yazaq, satıb bölərik”, kimi iyrənc oyunlar olmamalıdır. Yalandan siyahı tərtib edənlər, adlarında mənzil olmasın deyə, yalandan boşananlar, mənzillərini adlarından çıxardanlar….daha nələr, nələr…
Heyrətlə izləməkdəyəm. Məndən bu məsələlərə münasibət soruşan həmkarlarıma isə, “qarışmıram, bizim qəzetə aid deyil”, cavabı ilə canımı qurtarmağa çalışıram. Lakin mümkün deyil! Çünki canımızı elə sıxırlar ki!
Bilirəm ki, dostumuz, KİV DF rəhbəri Vüqar Səfərlinin rəhbərlik etdiyi komissiya artıq indidən gecə-gündüz işləyir. Bilirəm ki, prezidentin bu təşəbbüsünə kölgə düşməsin deyə, Prezident Administrasiyası, konkret olaraq, İctimai-siyasi şöbənin müdiri Əli Həsənov və onun komandası bu istiqamətdə mümkün olan hər şeyi edir. Lakin haqlı, ya da haqsız iddialar, istəklər o qədər çox ki, bunun qarşısının alınması mümkünsüz görünür. O baxımdan, gərək bizlər də ən azı, 2-3 iddialı ağıza cavab verək, ya da onların cavab verməsi üçün, nələrsə deyək.
Anlayıram, günahın bir qismi də bizdədir. Biz Azərbaycan mediasını güclü, pullu bir biznes sektoruna çevirə bilmədik. Biz jurnalistlərimizə 5-10 min manat arası maaş verə bilmirik. Biz zamanında siyasətlə müxalifətdən daha çox məşğul olmayıb, hakimiyyəti və dövləti qarşımıza almasaydıq, onun mətbuatla arasını bu qədər açmasaydıq və iqtidarda mətbuata bir güvənsizlik yaranmasaydı, nəticələr tamamilə başqa cür olacaqdı. Və biz, media quruluşlarının sahibləri olaraq, özümüz jurnalistlərimizin ev məsələlərini həll edərdik, ya da onlara 5-6 ilə ev ala biləcək qədər maaş verə bilərdik.
Yəqin ki, bu, Azərbaycanda da olacaq, nə zamansa. Lakin o zamana qədər ölkə prezidenti və dövlətimiz bu yükün altına girib və kifayət qədər ciddi sayda mənzil tikərək, heç bir təmənna olmadan, onu jurnalistlər arasında bölür. İstənilən halda, ev alanlar bizdən olacaq. İçərilərində bunu haqq etməyənlər də olacaq, lakin çoxluq haqq etmişlərdən və ehtiyacı olanlardan ibarətdir.
Bundan əvvəl “Yeni Müsavat”ın 3 əməkdaşı prezidentin hədiyyə etdiyi evlə təmin olunub. Bu dəfə də, ən azı 3-4 əməkdaşımızın jurnalistlər üçün tikiləcək yeni binadan mənzil alacaqlarına əminəm. Onlar üçün sevinəcək, ala bilməyən layiqlilər üçünsə üzülərək, gələn dəfəni gözləyəcəyəm. Digər media quruluşlarında da vəziyyətin belə olacağına inanıram.
Sadəcə, kənardan layiq belə olmayan iddialar və iddialılar elə bir mühit yaradıb ki, bu layihənin birdəfəlik qapana biləcəyindən narahatam. Ona görə də deyirəm, eviniz tikilsin, belə etməyin…