Dövlətimiz müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini əziz tutmaq üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır. Heydər Əliyev Sarayıda 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş “150 – YÜZ ƏLLİ” adlı layihəni təqdim edib.
Bu barədə Heydər Əliyev Sarayından məlumat verilib.
Bildirilib ki, ilk dəfə sərgilənən 4D formatda toxuculuq işinin müəllifi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakultəsinin Dizayn və Dekorativ tətbiqi sənət kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, yerli və beynəlxalq sərgilərin iştirakçısı Gülarə Salayevadır .
Gülarə Salayeva uşaq yaşlarında 20 Yanvar hadisələrinin canlı şahidinə çevrilmişdir. 20 yanvar günü yaşadığı evin eyvanından həyatının ən dəhşətli mənzərələrinin, dinc soydaşlarımıza qarşı törədilən vəhşiliyin və səhəri gün yüzlərlə insanın küçələrə axışaraq şəhidləri dəfn etməyə getməyinin şahidi olmuşdur. “Dəhşətlisi isə o idi ki, şəhidlər arasında yaşlılar, cavanlar və uşaqlar var idi. Bu ürək sarsıdan dəhşətli səhnə uşaq yaddaşıma elə həkk olmuşdu ki, yada salanda bugün ki gün kimi xatırlayıram”, – Gülarə Salayeva qeyd edirdi.
Gülarə Salayeva bildirib ki, 20 yanvar faciəsi mövzusuna bir çox rəssamlar toxunmuşdur. Hər biri Vətəninin ağır günlərini təsviri sənət vasitəsi ilə dünyaya çatdırmağa çalışmışdır. Uşaqlıqdan yaddaşımda iz qoyan bu faciə uzun illər boyu məni də bir rəssam kimi narahat edirdi. İllər boyu düşündüm ki, elə bir əsər yaratmalıyam ki hər bir şəhidin o işdə əksi olsun. Şəhid ailələrinin ürəyinə bir balacada olsa öz işimlə məlhəm çəkmiş olum. İllər ərzində müxtəlif eskizlər etdim lakin heç birinin üzərində bir qərar alıb dayanmadım. Sonunda bu işin 4D formatda bir toxuculuq işi olacağını və 20 yanvar faciəsinin 150 nəfər şəhidinin hər birinin adının yazılacağına qərar verdim. Beləliklə, 150 nəfər 20 Yanvar şəhidinin əziz xatirəsinə “YÜZ ƏLLİ” adlı fəza qobelenini yaratdım.
Qeyd edək ki, 20 yanvar faciəsində şəhid olmuş 150 nəfərin adları ağ fon üzərində qara saplar ilə toxunub. YÜZ ƏLLİ adlı fəza qobeleni 7 ardıcıl hissədən ibarətdir. İlk 2 hissəni hər tərəfi 80 sm. olan uçbucaq karkas təşkil edir. 3-cü və 4-cü hissənin karkası 60 sm., 5-ci hissənin karkası 50 sm. ölçülü uçbucaqdır. 6-cı hissə 40X40 kvadrat formalı karkasdır, onu yerdə əks edəcək 7-ci hissə eyni ölçüdədir. Karkas üzərində 5 sm enində 30, 40, 50, 60, 80 sm. uzunluğunda sadə hamar texnikada toxunmuş lent formalı hissələr bərkidilib. Hissələr arasında məsafə 90 sm-dən ibarətdir, yuxarıdan aşağıya doğru sonuncu yerə yaxınlaşan hissə isə 40 sm-dir. İşin hündürlük ölçüsü təxmini 5 metrdir.