Sərxan Carçıyev
”Siyasi Represiya Qurbanları Assosiasiyası”nın xüsusi nümayəndəsi, araşdırmaçı
“Repressiya qurbanlarının yaradıcılığında irfan” araşdırmalarımın əlavəsi olaraq bir çox represiya qurbanı barədə tədbirlər keçirmişik ki, bu tədbirlərə ötən il Hüseyn Cavid əfəndinin adı ilə start vermişik. Tədbirlərə filoloqlar, türkoloqlar və təbii ki, başda Azər Turan olmaqla bir çox Cavidşünas dəvətli idi. Özü üzürlü səbəbdən tədbirə qatıla bilməsə də, gənc bir dostumuzun Azər Turandan gətirdiyi bir sitat həm də oxuduğunuz bu yazının stimulu oldu. Dostumuz dedi ki, Azər Turan Cavid əfəndinin hansısa bir beytinin Quran ayəsinin təfsiri olduğunu deyir. “Represiya qurbanlarının yaradıcılığında irfan” mövzusunun araşdırmaçısı kimi heç çəkinmədən biz də, söyləyə bilərik ki, Hüseyn Cavid əfəndinin yaradıcılığında nəinki bir, bir çox sətirlərə rast gəlirik ki, doğrudanda müqəddəs kitabımızın təfsirinin nəzmə çəkilmiş formasıdır. Və elə bu yazıda da, ulu Cavidin həmin sətirlərindən bəhs edəcəyik. Yeri gəlmişkən onu da qeyd edim ki, araşdırma və tədqiqatlarıma davam etdikcə mülahizələrimdə yanılmadığımın və represiya qurbanlarının əksəriyyətinin söykənəcəyinin irfan olduğunun şahidi oluruq. Hüseyn Cavid də başda Məhmət Akif Ərsoy olmaqla İstanbulda bir çox irfan böyüklərindən dərs alıb. Yetməz elə Azər müəllimdən eşitdiyimiz qədəri mürşidi Rza Tofiq Hüseyn Cavidin Türkiyədən Azərbaycana artıq bir mürşid olaraq qayıtdığını yazıb.
Daha çox əsərindən bəhs etmək mümkün olduğu halda sadəcə üçündən, “Şeyx Sənan”, “Peyğəmbər” və “İblis”dən altını cızdığım sətirlərdən bəhs etmək niyyətindəyik. Bir qədər obrazlı desək tarixin hər dövründə insanlar Şeyx Sənanın simasında ya peyğəmbərin, ya da iblisin dəvətini qəbul etdiyindən, dediyimiz kimi biz də məhs bu üç əsər üzərindən çıxış edəcəyik.
“Şeyx Sənan” müəllifin irfan-təsəvvüf mövzusunda ən nəhəng əsəridir. Bununla belə hələ detallara keçmədən xüsusən qeyd etmək istəyirəm ki, “Şeyx Sənan” həm də, Türkçü bir əsərdir. Təkcə ona görə yox ki, Cavidin Sənanı türkdür. Oxuduqca açıq-aydın görürük ki, neçə-neçə müridi olan Şeyx Sənan eşqdən dərdə giriftar olduğu zaman ancaq iki türk müridi ona sadiq qalır. Digərləri onu tərk etdiyi halda, Oğuz və Özdəmir mürşidlərinin təhlükəsizliyi üçün canlarından belə keçməyə hazır olurlar. Yenə onu “əfəndi baba”, “şeyximiz”, hətta “böyük şeyximiz” adlandıraraq deyirlər:
Daima borcumuz itaətdir,
Bizcə hər əmriniz səadətdir.
Və Cavid əfəndi dramdakı pərdələrdən birinin açılışını canlandırarkən şeyxin görüşünə gələn müridlərin önündə yenə Özdəmirlə, Oğuzun olduğunu xüsusi qeyd edir.
Yuxarıda da qeyd etdiyimiz kimi, “Şeyx Sənan” dramaturqun irfan-təsəvvüf mövzusunda ən nəhəng əsəridir. İrfan-təsəvvüf deyərkən təbii ki, Qurandakı gerçək və bütöv İslam nəzərdə tutulur. Odur ki, ulu Cavid də islam dinini parçalayanlara qarşı çıxaraq, kitabımızın bir, kəbəmizin bir olduğu halda mütləq birliyi-bərabərliyi yaşamalı olduğumuzu yazır:
Arkadaşlar! Şu parlayan günəşin,
Feyzi birdir cihanda hər kəs üçün.
Türk, hindu, ərəb, əcəm, bilməz,
Nuru hər yanda artar, əksilməz.
Mənəvi bir günəş də var: nəvvar
O da İslam dinidir, parlar.
Pək müqəddəsdir, iştə məqsədimiz,
Bunu lakin, saqın unutmayınız:
Bir çoq alimnüma xəyanətkar,
Dini-islamə rəxnə salmışlar.
Və ya:
Xaliqi-kainat halbuki bir…
İştə Quran və Kəbə həp birdir.
Əhli-islamə həp şu birliyi biz
Nəşrü isbatə qeyrət etməliyiz.
Cənab Haqq da Ali-İmran surəsinin 103-cü ayəsində buyurur: “Və hamınız Allahın ipinə sarılın, firqələrə ayrılmayın…”.
Bununla belə müəllif parçalanmalara da təəssüf hiss ilə yazır:
Birsə Haqq, cümlə din də bir… naçar,
Xalqı yalnız ayırmış azğınlar,
Hər kəs uymuş cihanda bir hissə…
Müqəddəs kitabımızda, Rum surəsinin 32-ci ayəsində bu barədə buyurulur: “(O müşriklərdən olmayın ki) onlar dinlərində firqələrə ayrıldılar və qrup-qrup oldular. Bütün qruplar özlərində olanla fərəhlənərlər”.
Firqələrə bölünməməyin çarəsini, reseptini isə uca yaradanımız bir öncəki ayədə açıqlayır: “Ona (Allaha) yönəlin (Allaha qovuşmağı diləyin) və ona qarşı təqva sahibi olun və namaz qılın və (beləcə) müşriklərdən olmayın”.
Onu da qeyd etmək istəyirəm ki, Hüseyn Cavid əsərdə təkcə İslamın bütövlük və həmrəyliyini təbliğ etmir, həmçinin bütün dinlərin əslində bir olduğunu yazır. Aşiq olduğu qızın yolunda şərab içən, xaç taxan, hətta donuz otaran şeyx, ona edilən sonuncu təklifi, Quranı yandırmağı rədd edir, deyir:
Bir də bihudə etdiyin israr,
Bunda İsa və Məryəmin adı var.
Müqəddəs kitabımızda, Maidə surəsinin 48-ci ayəsində buyurulur: Və (Ey Məhəmməd) sənə əllərindəki kitabı təsdiq edici və onu qoruyucu olaraq bu Kitabı haqq ilə endirdik…
Və belə olduqda nəinki müsəlmanlar, hətta xristiyanlar və digər din mənsubları da, zahirən dinlərinin nə olmağından asılı olmayaraq haq bir mürşid ətrafında toplanırlar.
Yalnız şeyxlər deyil, hətta
Şimdi baq, izliyor papaslar da.
Bana olmuş cihan pərəstişkar,
Şimdi pək başqa bir cəlalım var.
Sanma islamə rəhbərim tənha,
Peyvərimdir xristiyanlar da.
Yuxarıda qeyd etdiyimiz kimi, dinimizdə firqələrə ayrılmayıb həmrəy olmaq, Rum surəsi 31, 32 və digər ayələr gərəyincə Allaha yönəlməyə, cənab haqq bizi yaradarkən bizə özündən üfürdüyü əmanət ruhumuzu ona qovuşdurmağı diləməyimizə bağlayır.
“Peyğəmbər” dramında bunu (Ruhun Allaha qovuşma diləyini) Cavid əfəndi rəsullallahın dili ilə açıqlayır:
Bəncə dünyada ən sevimli dilək
Ona qoşmaq, onunla birləşmək…
Zariyat surəsi 50: Elə isə Allaha firar edin(qaçın, sığının)…
Bu sözlərə cavabında isə mələk peyğəmbərə deyir:
Mərdivanlar yapıb könüllərdən,
Parla, yüksəl vücudi-mütləqə sən!
Diqqət etsək görərik ki, Hüseyn Cavidin mələyi də Allaha, məhz Allahın vücuduna dəvət edir. Maləsəf dinimizdə bu qavram da unudulmağına rəğmən Rəd surəsi 22, Bəqərə surəsi 272, Ənam surəsi 52, Rum surəsi 39 və bir çox digər ayəti-kəlimədə cənab haqqın vəchini, vücudunu diləyənlərdən bəhs edilir.
“İblis” dramının elə başlanğıcında bu mövzuya toxunulur. Təbii, burda qəhrəmanın adı da təsadüfi seçilməyib və Arif elə ilk monoloqunda dua edir:
Ey varlığı yoq, yoqluğu vardan daha dilbər!
Ruhum səni izlər.
Lütf et, o gözəl çöhrəni bir an bana göstər,
Könlüm səni özlər.
Yeri gəlmişkən onu da qeyd edim ki, böyük Cavid hələ bir əsr öncə (1918) bu əsərdə erməni bədxahlığından bəhs edib:
Şu papas ermənidir, vaqtilə
Ermənistana daşırmış qurşun,
Həm də İncil deyə!..
Və Elxan elə mövzumuza uyğun formada erməninin cavabını verir:
Ya!.. Eşq olsun,
Nerədən aldın bu hissiyatı,
Verdi İncilmi bu təlimatı?