İctimai iştirakçılığın və ictimai nəzarətin inkişaf etdirilməsi dövlət başçısının diqqətindədir. Prezidentin bu ilin əvvəlində ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı fikirlər səsləndirməsi buna sübutudur. 2021-ci ilədək mərkəzi icra hakimiyyətləri yanında 12 ictimai şura fəaliyyət göstərib. Ötən il isə digər 8 mərkəzi icra hakimiyyəti yanında ictimai şura yaradılmaqla, ümumilikdə mərkəzi icra hakimiyyəti yanında ictimai şuraya seçkilər keçirilib. Hazırda 20 mərkəzi icra hakimiyyəti yanında ictimai şuralar fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Fəaliyyət Planında “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış İctimai Şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai Şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.
Bəs hazırda İctimai şuraların fəaliyyəti qənaətbəxşdirmi? Ayrı-ayrı qurumların qərarlarına təsir gücü varmı?
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Musavat.com bildirdi ki, ictimai şuralar ictimai nəzarəti müəyyən mənada həyata keçirə bilirlər: “İctimai şuranın fəaliyyəti təkcə, sədrdən yaxud üzvlərdən asılı deyil. Ümumiyyətlə, ölkədə proses o istiqamətə getməlidir ki, ictimai şuralar məsələn nazirliyin fəaliyyətinə ictimai nəzarəti tam həyata keçirə bilsin. Bu gün ictimai şuraların fəaliyyətində kifayət qədər qüsurlar var. Düşünürəm ki, bu, zamanla aradan qalxacaq. İctimai şuraların üzvlərinin əksəriyyəti QHT-in rəhbərləri, ya da üzvləridir. QHT də ianə, qrantlar hesabına maliyyələşir. Bəzən ictimai şuraların maliyyələşməsi üçün qurumların dəstək göstərməsi ilə bağlı fikirlər səslənir. Bu, qətiyyən yolverilməzdir çünki bu halda dövlət qurumundan asılılıq yaranır. Ümumiyyətlə, təcrübədə belə hala rast gəlməmişəm. İctimai şuraların fəaliyyəti üçün funksiyalar doğru yerinə yetirilərsə, mexanizm var. Hazırda məni ən çox narahat edən məsələ ictimai şuralara seçkilərdə qurumlara aidiyyəti olmayan şəxslərin iştirak etməsidir”.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə mövzu ilə bağlı Musavat.com şərhində bildirdi ki, Azərbaycanda ictimai iştirakçılıq haqqında qanun əslində ictimai nəzarətdən irəli getsə də, müəyyən problemlər var: “Ölkə başçısı səviyyəsində ictimai nəzarətin zəif olması bildirilirsə, deməli kifayət qədər problem var. Bunun obyektiv və subyektiv səbəbləri var. Bu problemlər olan şəraitdə şübhəsiz ki, ictimai şuraların qərarların qəbuluna təsir etmək imkanını təəssüf ki, qeyd edə bilməyəcəyəm. Hazırkı reallıqda bu mümkün deyil. Amma kiçik nümunələr ola bilər. Hər hansı sahədə dövlət tərəfindən müəyyən məsələlərdə ictimai şuraların təsir imkanları var. İctimai şuraların fəaliyyətini izləyirik, təmaslarımız var. İctimai şuralar fərdi problemlərin həllində rol oynadıqlarına dair bizə nümunələr göstərirlər. Böyük miqyasda, məsələn, qanunvericiliklə bağlı addımlar atıldıqda isə ictimai müzakirələr keçirilmir. Ayrı-ayrı nümunələri kənara qoysaq, ümumilikdə ictimai şuraların mexanizm olaraq, ictimai iştirakçılıq forması olaraq fəaliyyətini yüksək qiymətləndirmək mümkün deyil. Bundan əlavə, ictimai şuraların fəaliyyətini qiymətləndirmək üçün müəyyən mexanizm olmalıdır. İctimai şura üzvlərinə vətəndaşların əlçatanlığı varmı?Bu suala əminliklə müsbət cavab vermək qeyri-mümkündür”.
C.Hüseynzadə həmçinin, ictimai şuralar tərəfindən görülən işlərin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğuladı: “İctimai şura fəaliyyəti haqqında hesabatı vermirsə, deməli problemlər mövcuddur. Ötən il yaratdığımız www.ictimaishura.az platformasının geniş imkanları var. Hər ictimai şuranın fəaliyyətinə dair məlumatlar yerləşdirilib. Bu platformadan istifadə etməklə ictimai şuralar məlumatları daxil edə bilərlər. Eyni zamanda “Hesabat” lar bölməsində hesabatları yerləşdirmək imkanı var. Bir obyektiv səbəb də odur ki, pandemiya ilə əlaqədar ictimai şuralara seçkilər gecikdi. 2021-ci ildə təxminən 16 ictimai şuraya seçkilər keçirildi. Eyni zamanda qeyd etmək lazımdır ki, ictimai şuraların resursları məhduddur. Maliyyə, insan resursları, texniki imkanları zəifdir. Qanunvericiliyə görə ictimai şura üzvlərinə əmək haqqı, yaxud mükafat və s. verilməsi qadağandır. Bütün dünyada belədir. Məsələn, maliyyə yardımı üçün bir fond yaradıla bilər. Bu ilin əvvəlində dövlət başçısının ictimai nəzarətin intitusional formasının yaradılması ilə bağlı çağırışından sonra QHT-ə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə konfrans keçirildi. 2021-ci ilin monitorinq nəticələrinə görə hər qurum seçkiləri öz anladığı kimi keçirir. Pərakəndəliyin qarşısını almaq üçün instutisional qurum olmalıdır. Burada söhbət tabeçilikdən getmir. Ən azı qanun pozuntusu aşkar edildikdə, cəzalandırma mexanizmi olardı. Hesab edirəm ki, ictimai nəzarətlə bağlı yol xəritəsi hazırlanmalıdır”.
Qeyd edək ki, yaz aylarında ictimai şuralarla bağlı qanuna dəyişikliklərin edəcəyi gözlənilir.
Nigar HƏSƏNLİ,
Musavat.com