Cümə , 22 Noyabr 2024
Drone Cameras

İlham Əliyev Vladanka Andreyevaya BMT gerçəyini dəmir məntiqlə anlatdı – ŞƏRH

Ceyhun Musaoğlu
Jurnalist Ekspert Mərkəzinin sədri
Rupor.az saytının baş redaktoru 

Birləşmiş Millətlər Təşkilatının Azərbaycana yeni rezident əlaqələndirici təyin olundu. Prezident İlham Əliyev avqustun 24-də yeni rezident əlaqələndirici, xanım Vladanka Andreyevanı qəbul edib. 

BMT-nin adı çəkiləndə hər bir azərbaycanlıda narazı ovqat yaranır. Xüsusən işğalçı Ermənistana 28 il idi 4 qətnaməni qəbul etdirə bilməyən BMT adının mənasına, mahiyyətinə, funksiyasına qarşı ikrah hissi oyatmasıyla Azərbaycanın belə vəziyyəti dünyaya bəyan etməsinin fonunda nüfuzunu çox aşağı salıb. 

Prezident İlham Əliyev Vladanka Andreyeva ilə görüşündə dünənki və bugünki real durumu xanım rezidentin diqqətinə dəmir məntiqlə yüksək səviyyədə düşüncə və ifadə tərzi ilə çatdırıb. 

“Əfsuslar olsun ki, mən haqlı çıxdım”. Qənaətini bu qədər orijinal və dolğun çatdırmağı bacaran yeganə prezident İlham Əliyevdir desək, yüz faiz yanılmarıq. Azərbaycan həmişə sülh tərəfdarı olub. Birgəyaşayış, tolerantlıq, multikulturalizm azərbaycanlının həyat tərzidir – bu yanaşmanın da müəllifi İlham Əliyevdir. Bəs necə olur, ərazisində çox millətli toplumlarn birliyini yarada bilən ölkə şərəf müharibəsinə imza atdı.

BMT rəsmisi ilə görüşdə İlham Əliyev bu suala fenomen siyasətçi olaraq aydınlıq gətirdi. Əslində BMT millətləri özündə birləşdirmək bacarığını Azərbaycandan öyrənməlidir. Biz ermənilərlə Azərbaycan ərazisində sülh şəraitində yaşamaq istəyirdik. Onların milləti başqadır, ancaq vətəndaşlıq mənsubiyyətləri Azərbaycana bağlıdır. Niyə bu mübarək istək baş tutmadı? Görüşdə bu suallara incəliklə cavab verən İlham Əliyev təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimizi, 155 ölkənin namizədliyimizi dəstəklədiyini xatırlatdı. Bildirdi ki, hazırda BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi ölkəmiz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır və BMT Baş katibinin təşəbbüslərinə dəstək olur, xüsusilə COVID ilə mübarizə sahəsində. 

Azərbaycanın BMT ilə əlaqələrinə gəldikdə isə Prezident bu münasibətlərin Ermənistanın təcavüzü nəticəsində başladığını 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələrinin qəbul olunduğunu diqqətə çatdrdı: “Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi”. 

Nə qədər obyektiv yanaşmadır. BMT-nin biz tərəfdən tənqid atəşinə məruz qalmasına baxmayaraq, ölkə rəhbəri ağa ağ, qaraya qara demək prinsipini bir daha nümayiş etdirdi. Ardındansa bu beynəlxalq təşkilatın sonrakı fəaliyyətindəki ciddi çatışmazlıqları təəssüf hissi ilə vurğulayıb. 
Bir haşiyə: Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin şah damarını həm də, kimliyindən asılı olmayaraq, müsbəti və mənfini açıq şəkildə bir başa üzə demək məharəti təşkil edir. 

Bu dəfə də belə oldu. Prezident əfsusluqla qeyd etdi ki, həmin qətnaəmələr icra olnmayıb: “Sizin də bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib”.

Sonuncu ifadə – “çox imkanları əldən verib” – həm Minsk qrupuna, həm də BMT-yə doğru yol göstərməkdir. İtirdiyi imkanlardan öncədən yararlanmaq bu qurumun nüfuzunu qoruya bilərdi. İlham Əliyevin bugünə qədər verdiyi tövsiyələrin hər biri nöqtəbənoqtə onları icra edənlərə böyük xeyir gətirib. BMT bu gerçəyi dərk etmək təfəkküründən uzaqda dayandığına görə, hətta növbəti dəfə də onların əvəzinə Azərbaycan iş gördü. Prezident görüşdə bu reallığı da açıq şəkildə söyləyib.

Vətən müharibəsindən cəmi bir neçə gün əvvəl, Baş Assambleyadakı çıxışında beynəlxalq birliyi xəbərdar etdiyini söyləyən dövlət başçısı Ermənistanın müharibəyə hazırlaşdığını bütün dünyaya çatdırıb: “Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.
44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür. Prezident bu həqiqəti dəqiq detalları ilə xatırladıb.  

BMT onun əvəzinə bu qədər möhtəşəm iş gördüyünə görə Azərbaycana minnətdar olmalıdır. Əslində qalib olkəmiz millətləri özündə birləşdirməyə, hər tərəfə eyni gözlə obyektiv və cəsarətlə baxmağa borclu olan BMT-ni miskin durumdan çıxarmağın düsturunu tətbiq etdi. Heç olmasa, bu təsisat mühribədən sonra Ermənistanı 10 noyabr bəyanatının tələblərinə əməl etməyə çağırsaydı, müəllifi olduğu yanlışlıqların bir qisminin aradan qaldırılmasına töhfə vermiş olardı. Bu dəfə də təəssüf: BMT öz ampulasında qalmaqdadır. Öz tribunasını haqqın ruporuna çevrimək əvəzinə ermənilərin terroruna, atəşkəsi pozmasına, Azərbaycan ərazilərini atəş altında saxlamasına, hərbçilərimizi qətlə yetirməsinə, yaralamasına göz yumur. 

Prezidentlə görüşündən sonra onların vəziyyətə real qiymət verəcəyinə əminlik yaranıb. Əgər qalib sərkərdənin tövsiyələrinə əməl etsələr, tək özlərinin deyil, bütün beynəlxalq təşkilatların cızılmış imicinin bərpasına nail olarlar.   

Azərbaycan Prezidentinin görüşdə konseptual xarakterli çıxışı problemin riyazi həll yolunun nümayişidir. Ölkəmiz dövlət-xalq birliyinin nəticəsi kimi ən çətin məsələnin cavabını məhz İlham Əliyevin kəşf etdiyi düsturla verib. Dünənin təhdidindən qəhrəmancasına qurtaran və üstəlik qalib gələn Azərbaycan sabaha inamla, qürurla irəliləyir. Prezident bu mövzuda deyib: “Müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik”.

Dövlətimiz necə də mütəvazi siyasəy yürüdür: BMT-dən yenə də doğru yanaşma gözləyirik. Azərbaycan kinli deyil, çünki güclüdür. Güclülər sözünü deyər, haqlı əməlini gerçəkləşdirər və bütün pislikləri unudaraq, saf, şəffaf müasibətlə yoluna sərbəst davam edər. 

Pezident görüşdə UNESCO-nu da məzəmmətlə xatırlayıb. O  UNESCO-nu ki, ölkəmiz bu təşkilatın inkişafına çox böyük töhfə verib, əsas avanqar da UNESCO-nun xoş məramlı səfiri, Birinci vitse – prezident Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmaqla. Çox təəssüf dünyanı virus kimi cənginə alan ikili standart UNESCO-nun da fəaliyyətində özünü göstərdi. Prezident deyib: “Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir”.

Əziz UNESCO, erməni vəhşilərinin cənnət yurdlarımızı viran qoyması, tarixi abidələri, dini məbədləri yerlə-yeksan etməsi siyasi hadisə deyil, məhz mədəniyyət sferasında mədəniyyətsiz hadisədir. Siz tarixi abidələri qorumağa borclusunuz və üzv dövlətlərdən bu missiyanıza görə ödənişlər alırsınız. Eybi yox, Azərbaycan bu laqeydliyinizi də sizə keçər. Qaliblər nəhəng ürək sahibi olurar. Heç olmasa indi hərəkətə gəlin. Tikinti, quruculuq, mina təmizləmə, abidələrin bərpası işlərində funksiyanıza uyğun davranın. Azərbaycan onsuz da bütün beynəlxalq təşkilatlarla təmaslar qurur. İlham Əliyev görüşdə bu məsələni də dəqiqliyi ilə izah edib: “BMT-nin digər təsisatları ilə daimi təmasdayıq. Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik”.

Həqiqətən yalnız böyük ürək, dərin təfəkkür, geniş erudisiya, saf sevgi, bütöv əqidə sahibi beynəlxalq təşkilatların, xüsusən BMT-nin bunca qeyri-obyektivliyindən sonra da “Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik” yəqinliyini söyləməyi bacarar. 
Bu şansı BMT-yə bizim qədər açıq ürək və səmimiyyətlə təqdim edən ikinci dövlət ola bilməz.

Görüşdə BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva da fikirlərini  səsləndirib. “Növbəti beş il ərzində qarşımızda çox böyük vəzifələr qoymuşuq” deyən əlaqələndirici COVID-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində hökumətin  səylərini alqışladığını deyib, peyvəndlənmə prosesinin də şaxəli və sürətlə aparılmasından məmnunluğunu ifadə edib. O cümlədən BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması üçün Prezidentin göstərdiyi səylərə görə də minnətdarlığını bilidirb.

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olunmasına, əmin-amanlığa və əməkdaşlığa aparan yeni eraya təkan olacağnı söyləyən Vladanka Andreyeva işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsinə, məcburi köçkünlərin həmin bölgəyə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı üçün göstərilən səylərin dəstəklənməsinə təkan verəcəklərini vurğulayıb.

İşğalçı Ermənistan üzərində qələbə bütün beynəlxalq təşkilatlara dərs oldu. Çox güman onlar nəinki Azərbaycana qarşı, ümumiyyətlə haqqa münasibətlərində dəmir prinsiplərə layiqincə əməl edəcəklər. Azərbaycan nəinki Qafqaza, bütün ölkələrə haqqa qarşı adekvat davranmağın alternativi olmadığını sübüt etdi. 

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …