Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

İmadəddin Nəsiminin “İstəmə” qəzəlinin Əlincəqala ilə bağlılığı

İmadəddin Nəsiminin “İstəmə” qəzəlinin Əlincəqala ilə bağlılığı
Böyük Azərbaycan şairi İmadəddin Nəsimi dünya fəlsəfi irsinin unudulmaz simalarından biridir. Onun fəlsəfi irsi tarixi həqiqətlərlə elə zəngindir ki, qəzəllərindən həm öz həyatını, həm Azərbaycan tarixinin gizli, diqqətdən kənarda qalmış səhifələrini, həm də təsəvvüf elminin ən dərin incəliklərini öyrənmək mümkündür.
Altı yüz əlli ildir ki, hürufiliyə aid ideyalarla böyük filosofların düşüncələrini paylaşan İ.Nəsimi öz qəzəlləri ilə Azərbaycan və dünya ədəbiyyatına böyük ədəbi fəlsəfi miras bəxş etmişdir. Onun fərqli üslubu,bədii dildə yüksək ifadə bacarığı, fəlsəfi düşüncə tərzi Yaxın Şərqdə şöhrət qazanmasına səbəb olmuş, türk xalqları tərəfindən dərin məhəbbətlə sevilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamı şairin həyat və yaradıcılığına dair yeni tədqiqatların aparılması ilə yanaşı, mütəfəkkir şairin əsərlərinin düzgün təhlillərlə öyrənilməsinə də imkanlar yaratmışdır. İ.Nəsiminin qəzəllərini təhlil edərkən maraqlı tarixi faktlarla qarşılaşırıq. Belə ki, İ.Nəsiminin “İstəmə” qəzəlinin məzmunu və qəzəldə olan adların öyrənilməsi zamanı aydın olur ki, bu qəzəl 1386-1401-ci illərdə Teymurilərin Əlincəqalanı mühasirədə saxladığı zamanı qalada baş vermiş hadisələrlə səsləşir. Mənbələrdən məlumdur ki, bəhs etdiymiz illərdə Əlincəqalanın müdafiə olunmasında mühüm rol oynayan əmirlərdən biri Əmir Altun olmuşdur. Əmir Altunun dövründə Əlincəqala müdafiəçiləri 3 dəfə Təbrizə yürüş etmişlər. Bu illərdə F.Nəiminin də Təbrizdə olması onu göstərir ki, Əlincəqala müdafiəçiləri F.Nəimini qorumağa cəhd göstərmiş, nəticədə isə 1393-cü ildə Əmir Altun xəyanət nəticəsində öldürülmişdür. Bu hadisədən sonra 1394-cü ildə F.Nəiminin də Əlincəqala ətrafında faciəvi şəkildə edam olunması maraq doğuran tarixi faktlardan biridir. Hadisələrin baş verməsində xronoloji ardıcıllıq onu göstərir ki, bu hadisələrin ard-arda baş verməsi heç də təsadüfi olmamışdır. İ.Nəsiminin “İstəmə” qəzəlində olan adları təhlil edərkən maraqlı faktlarla qarşıla­şırıq. Qəzəldə qeyd olunan “altunu tanı”, “sikkəsi fəzli-hünər”, “cinxislət” və yaxud, şairin özünə nəzərən yazdığı “səbəbkar” sözləri bu hadisənin baş vermə səbəbləri barəsində poetik mənalarla tarixi bilgilər verir, bu hadisənin səbəbini aydınladır:
Sən sana gər yar isən var, ey könül, yar istəmə!
Yarü dildar ol sana, sən yarü dildar istəmə!
Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa?
Bivəfa aləmdə sən yari vəfadar istəmə!
Gül bulunmaz bu dikənli dünyanın bağında çün,
Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə!
Mərifətdir xalis altun sikkəsi fəzlü hünər,
Altunu tanı, zağəldən ari dinar istəmə!
Qəzəldən görünür ki, Nəsimi bu qəzəli Əmir Altunun Əlincəqalaya buraxılmayıb Mərəndə gedərək orada öldürüldükdən sonra yazmışdır. Yuxarıdakı beytlər Nəsiminin arzularının puç olmasını ifadə etməklə yanaşı “altunu tanı” sözü Əmir Altuna, “sikkəsi fəzli hünər” sözləri sikkə zərb olunan Əlincəqalaya və “fəzl” adı Fəzlullahın bu hadisələrdəki iştirakına nəzərən deyilmiş rəmzi ifadələrdir.
Mənbələrdən məlumdur ki, Əmir Altunla Sultan Əhməd Cəlairinin oğlu Məlik Tahir arasında ədavət baş vermişdir. Qalada Əmir Altunla Məlik Tahir arasında münasibətlər gərginləşmiş, Əmir Altun 1393-cü ildə ərzaq tədarükü edib qalaya qayıdarkən Məlik Tahirin əmriylə qalaya buraxılmamışdır. Bu zaman yenidən Əlincəqalaya gəlmiş 40 minlik Teymuri ordusu ilə döyüşərək mühasirədən çıxan Əmir Altun Mərəndə getmiş, lakin Mərənd hakimi onu xəyanətlə öldürmüş, başını isə Əmir Teymura göndərmişdir. Əmir Teymur bu hadisədən hiddətlənmiş, Mərəndi dağıtdırmışdır. Əlincəqalada baş vermiş bu hadisə İ.Nəsiminin “İstəmə” qəzəli əsasında daha aydın təhlil olunur:
Həqqə münkirdir fəqih, inanma ol şeytana kim,
Yoxdur ol cinxilqətin zatında iqrar, istəmə!
Ari göftar, ey könül, gerçəklərin nitqidürür,
Hər diləgridə yoxdur ari göftar, istəmə!.
Qəzəldəki “arı gövtar”(təmiz danışıq) sözündən aydın olur ki, Məlik Tahir Əmir Altuna öz apardığı mübarizədə mane olmayacağı barədə söz vermiş, amma, o, “diləgrilik”(yalançılıq) edərək Əmir Altunun üzünə qala qapılarını bağlamışdır. Bu da Əmir Altunun öldürülməsi ilə nəticələnmişdir. Qəzəldəki “cinxislət” sözü isə Məlik Tahirin monqol soyundan olmasının aydın ifadəsidir. 
Cifədir dünya, anın talibləri adı kilab,
Olma kəlb anın kim, oldu adı murdar, istəmə!
Şərbəti ağuludur fani cahanın, sən anın
Şərbətindən nuşudarı umma, zinhar istəmə!
Dünyanın sevgisi ağır yük imiş, məndən eşit,
Nəfsinə yük etmə ana ey səbükar, istəmə!
Yuxarıdakı beytlərdə Nəsiminin apardığı mübarizədəki bu təşəbbüsünün acı nəticələri qəzəldə aydınlığı ilə təsvir olunmuşdur. Burada şair baş vermiş faciə ilə əlaqədar özünü “səbəbkar” adlandırması onun özünün də bu hadisələrdə iştirakını göstərən poetik ifadədir:
Bir əmin məhrəm bulunmaz, 
ey Nəsimi, çün bu gün,
Xəlqə faş etmə bu rəmzi, kəşfi-əsrar istəmə.
Nəsimi bu hadisədən sonra tək qaldığını, lakin, “xəlqə”, yəni hər kəsə bu sirri açmaq istəmədiyini bildirmişdir. 
Mənbələrdə olan məlumatlarla qəzəldəki rəmzi fikirləri qarşılaşdırarkən belə qənaətə gəlmək olar ki, F.Nəiminin qorunmasında İ.Nəsiminin vasitəçiliyi ilə Əlincəqala müdafiəçiləri fəal iştirak etmiş, Əmir Altunun öldürülməsi ilə hadisələr məcrasını dəyişmişdir. 
Göründüyü kimi, Əlincəqalanın tarixinin öyrənilməsində İ.Nəsiminin qəzəllərindəki rəmzi mənalı məlumatlar çox əhəmiyyətlidir. Nəsimi irsinin ətraflı öyrənilməsi Əlincəqalanın da tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir, tariximizin qaranlıq səhifələrinin aydınlaşmasında mühüm rol oynayır.

Kamal GÜLMALIYEV
“Əlincəqala Tarix Mədəniyyət Muzeyinin direktoru

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir