Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

“İndi meyxanaçıların hərəsi yanına bir qız salıb…” – Meyxanaçı Vüqar

“Adam utanır desin ki, “bəlkə ilk dəfə Qaqarindən də öncə kosmosa uçan olub?” 

Tanınmış meyxanaçı Vüqar Əbdülov bu günlərdə “Yeni Müsavat”ın qonağı olub. Meyxanaçı əməkdaşımızla söhbətində maraqlı açıqlamalar verib, “Yeni Müsavat” üçün bədahətən meyxana deyib. Müsahibəni təqdim edirik:

– Bu günlərdə 44 yaşınızı qeyd etdiniz. Doğum gününüzü harada, kimlərlə keçirdiniz?

– Adətən, doğum günümü evdə qeyd edirəm. Amma bu il heç bir yerdə qeyd etmədim. Sadəcə ayın 29-da çox yaxın, gündəlik görüşdüyüm dostlarımla birlikdə bir yerdə əyləşdik. Yəni, təmtəraqdan, mediadan kənar qeyd etdim.

– Son olaraq hansı yenilikləriniz var?

– Yeni mahnılar var, onların arasında tamamlanmış da, yarımçıq olanı da mövcuddur. Əsasən müğənnilərlə çalışırıq. Bir-iki layihəmiz də var, zamanı gəldikcə onlar haqqında da deyəcəm. 

– Bu ərəfədə həmkarlarınızın əksəriyyəti prezident seçkisi ilə bağlı təbliğat-təşviqat proqramlarında iştirak edir. Siz necə, bu cür təbirlərə qatılırsız?

– Tovuz, Mingəçevir rayonlarında təşkil edilən tədbirlərdə oldum. Lakin bir şey mənə xoş gəlmədi: Adətən, binəyi-qədimdən seçkilərdə iştirak etmişəm, o zamanlar tədbiri təşkil edən təşkilatlar təkidlə tələb edirdilər ki, oxuduqlarımızda vətənpərvərlik mövzusunda, senzuradan keçən sözlər olsun. Amma təəssüflər olsun ki, indi belə deyil və bu da mənə pis təsir edir. Əslində seçkilər qabağı keçirilən təbliğat kampaniyalarının hamısında vətənə sevgi, hörmət aşılayan mahnılar, meyxanalar olmalıdır. Amma indi toyxanalarda, “Qazel”lərdə ifa edilən bəzi bəsit mahnılar da bu cür tədbirlərdə səslənir. Əlbəttə ki, sənətçi hansısa mahnısı ilə sevilirsə və tamaşaçının qarşısına o mahnı ilə çıxırsa, hər halda tədbirə uyğun ruhda da nəsə oxumalıdır. Tək meyxanaçılar deyil, müğənnilərin də çox böyük səhvi odur ki, insan bir mahnı ilə sevilə bilər, amma sonradan bu sevgini, hörmətini davam etdirmək üçün mütləq çalışmalıdır ki, daha səviyyəli işlər görsün, illərlə dinlənəcək repertuar seçsin. Bunu bəziləri etmir və çoxu da bacarmır. 

Bir dəfə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi idi. Mənə həvalə olunmuşdu ki, əsgərlərlə bağlı meyxana hazırlayım. Mən də oturub Cəmşid Naxçıvanskinin bütün gördüyü işləri araşdırıb, bunun nəzdində bir meyxana hazırladım. Həmin tədbirdə Namiq Qaraçuxurlu da var idi. Soruşdum ki, “nə oxuyacaqsan?”, dedi ki, “Papanın gül balası”nı. Halbuki bu meyxana həmin tədbir üçün çox bəsit, yüngül bir mövzudur. Bu mahnı ilə sevilmək olar. Bu haqda mən də məzəli, satirik meyxanalar demişəm. Lakin Naxçıvanski haqda meyxana hazırlayarkən çox əziyyət çəkdim, onun gördüyü işləri, döyüşləri haqda meyxanama saldım. Lakin səhnəni Namiqlə birgə bölüşdük, eyni alqışlar, eyni maraq oldu. Bu, adamı bir az ruhdan salan şeydir. Bəzən deyirlər ki, camaat onu istəyir. Biz mədəniyyət işçiləriyik, əslində gərək biz tamaşaçının zövqünü istiqamətləndirək. Camaat nə istəyir, məhz onun zövqünə yaxın nəsə hazırlamağımız doğru deyil.

WhatsApp Image 2018-04-06 at 12.33.52.jpeg (329 KB)

– Toylara gedirsizmi?

– Gedirəm.

– Amma bəzən eşidirk ki, Vüqar Əbdülov toylara getmir.

– Bunun məni istəməyənlər deyir. Bilmirəm bunu kim edir, amma deyirəm ki, yenə etsin. Şükür Allaha ki, toylarım olur. Bəzən deyirlər toylara getmir və yaxud çox baha qiymətə gedir, naz edir və sairə. Amma bütün telefon zənglərinə birbaşa özüm cavab verirəm. Yəni, əlaqə saxlayan, dəvət edən şəxsə uyğun, münasib şərtlə toylara gedirəm. 

– Hazırda ölkə gündəmində əsas məsələ prezident seçkisi ilə bağlıdır. Namizədinizi artıq müəyyənləşdirmisizmi?

– Seçkidə iştirak etmək hər bir vətəndaşın borcudur. Əlbəttə ki, həmişə seçkiyə getmişəm və öz seçimimi də artıq etmişəm, bunu fəxrlə də deyə bilərəm. Bunu niyə soruşursuz? (gülümsəyir) Yox, mən belə şeylərdə tənbəl deyiləm. Çox xoşuma gəlir ki, xalqa qoşulub, onunla birgə hərəkət edim. Məsələn, Avroliqa, böyük futbol yarışlarına gedib, izlədim, böyük tədbirlərə, hətta kiçik tədbirlərə də gedirəm. 

– Tədbirlərdən söz düşmüşkən, əgər YAP-ın namizədinə alternativ olan prezidentliyə namizədlərdən kimsə sizi bir sənətçi kimi öz təbliğat-təşviqat kampaniyasında iştirak etmək üçün dəvət etsə, gedərsizmi?

– Məncə yox.

– Niyə?

– Çünki mən özüm 10 ildən artıq çoxdur ki, YAP-ın üzvüyəm. Hər kəsin fikrinə hörmətim var. Lakin 90-cı illərdən bu yana mənim yazdıqlarım bu iqtidarda olub. Bundan sonra istəmərəm ki, dövrüm dəyişsin. Çünki bu ab-havanın dəyişməsi, nəyinsə qarışması və sairə məni heç nəyə inandırmır. Yəni, inamım yoxdur ki, hər şey bundan yaxşı ola bilər. Hər şey çox yaxşıdır. 

– Bəzən deyirlər ki, klassik meyxana artıq musiqili meyxanaya uduzub. 

– Bəli, uduzub… Mən bunun mübarizəsinə qalxmaq istəyirəm və artıq bir layihəm var. Yenidən klassik meyxananı qaytarmaq… Əslində klassik meyxana indikindən daha güclüdür. O meyxananın öz ab-havası, tərzi var və tamaşaçının bu cür meyxanaya marağı daha çoxdur. Sadəcə, bizim ən böyük bədbəxtçiliyimiz ondan ibarətdir ki, hamı toy bazarına qaçır. Bu, aktyorlara, müğənnilərə də təsir edib. Səhnə deyilən şey yığışdırılıb. Və səhnəyə, efirə çıxarılası meyxanamız yoxdur. Bir vaxtlar ANS televiziyasında meyxana deyişmələri olurdu, uşaqlar orda çox işlər görürdü. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən özüm də orada bir neçə meyxanaçı yetişdirdim. 

Onlarla əməlli-başlı məşqlər keçirirdik ki, sözləri düzgün desinlər, təqdim etsinlər. Bu işdə mənim zəhmətim az deyil və bu gün onun bəhrəsini görənlər var. Sadəcə, nədənsə bu gün camaat ağır, yəni sanballı sözün deyil, yüngül sözün dalınca qaçmağa başladı. Ağır, sanballı söz dedikdə əsl meyxana, ağır qafiyə nəzərdə tuturam. 
Məndən sonra gələn meyxanaçıların demək olar ki, böyük əksəriyyəti bu gün gündəmdə olanlardır. Onlar yaxşı meyxanaçıdırlar, təbləri də, sözləri də yaxşıdır. Sadəcə istiqamət, gediş odur ki, hamı o tərəfə qaçır. 

Meyxanaçıların ağırlığı itib. İndi hərə yanına bir qız salıb, bir obraza girib. Bir də görürsən ki, kimsə kostyumda, frakda səhnəyə çıxıb, çox ucuz bir şey oxuyur. Məsələn, “Canı canda görən, gülü güldanda görən ağlasın” kimi mahnılar ortaya çıxır. Gülü güldanda görən və ya canı canda görən niyə ağlasın? Bu çox məntiqsizdir. 

– Amma etiraf edək ki, bu gün onlar daha çox populyardır, daha çox istəniləndir…

– Bəli, daha çox qazanırlar, bunu niyə demirsiz… Layihələrim haqda demək istəyərdim. Birinci layihəm odur ki, istəyirəm klassik meyxana ilə bağlı televiziya formatlı veriliş hazırlayım. Yəqin ki, yaxın günlərdə bununla bağlı hazırlıqlar bitəcək. Məqsəd də odur ki, tanıdığımız, sevdiyimiz meyxanaları bir araya toplayaq. 

– Əgər yanılmıramsa meyxanaya duet formasını ilk dəfə siz gətirmisiz…

– Demək olar ki, mən gətirmişəm. Bu arada bir məsələni qeyd etmək istəyirəm. Əslində musiqili meyxana deyilən bir şey yoxdur, biz özümüz onun adını bu cür qoymuşuq. Vaxtilə Ədalət Şükürovla biz “Bağlıdır qapı” mahnısının bir versiyasını sintez etdik. Yəni, onun oxuduğu mahnıya mən meyxana dedim. Bu da çox gözəl alındı, sevildi. Ondan sonra mən Heydər Əliyev sarayında iki dəfə konsert verdim. Həmin konsertlər zamanı Almaz Ələsgərli, Röya Ayxan və digərləri ilə ifa etdim. Lakin oxuduqlarım demək olar ki, hamısı mahnı deyildi. 

Hətta arada Teyyub Aslanla muğam-meyxana sintezi etdik. Lakin məndən əvvəl bu işi rəhmətlik Nizami Rəmzi etmişdi. Lakin onun ifası mahnı idi, meyxana deyildi. Necə ki, indi oxuyurlar, “Aşiq, mən aşiq…” Yəqin ki, o vaxt Nizami bunu konsert xətrinə etmişdi. Bizə elə gəlir ki, meyxanaçı ifa etdiyi üçün biz ona musiqili meyxana deyirik. 

Amma xeyr, Nizaminin səsi var idi. Daha sonra Namiq Qaraçuxurlu bunu Könül Kərimova ilə etdi və sairə. 

Bunların hamısı mahnıdır, meyxana deyil. Məsələn, mən də “Köhnə bağlar” oxuyuram. O da meyxana deyil, mahnıdır. Sadəcə şanson kimi öz dilimdən tamaşaçıya təqdim etdiyim bir ifadır və qəbul olunur. 

Bəzən də olur ki, bizim çox gözəl xalq mahnılarımıza bədahətən nəsə deyirlər, bu da parodiyadır. Hansı ki, bu formanı mən lap çoxdan etmişəm. İndi gənclər bu formanı daha çox toylarda oxuyur. 

WhatsApp Image 2018-04-06 at 12.33.51.jpeg (275 KB)

– Bir az öncə duet ortaqlarınızdan söz açdınız. Biz müddət sonra nədənsə bunu davam etmədiz. 

– Çünki çox qorxuram qınaqdan, adam danışır qıraqdan, sonra da adam utanır arvad-uşaqdan. Necədir?

(zarafatla gülümsəyir-müəl.) Sözün düzü təkliflər çoxdur. Birinə artıq “hə” demişəm, amma qız-qadın deyil. 

Qızlardan bir neçəsi təklif edir… Düzdür, bizim də aramızda xətir-hörmətimiz var, ola bilsin ki, oxudum. Amma yenə də qınaq edəcəklər ki, “hə, Vüqar filankəsdən sonra bunu etdi”. Əslində daha böyük işlər görmək istəyirəm. 

Bu işlər insanı öz qəlibindən, qabından çıxarıb, aparır başqa istiqamətə. Mən bunu Ədalət Şükürovla oxuyanda gördüm. Ancaq o mahnıya görə ayda 10-15 dəfə bizi Moskvaya çağırırdılar. Artıq ayda 10-15 dəfə ora gedib-gəlməklə əvvəlki ətrafını, işini itirməyə məcbur olursan. 

O vaxtkı duetləri də konsert xətrinə etmişdim. Sadəcə, konsert bitdikdən sonra məndən o duetləri istəməyə başladılar. Bunların hamısı tarixə, insanların yaddaşına düşüb. Bəlkə biz dünyadan köçəndən sonra da yenə də dinləyəcəklər. 

– Son vaxtlar efirlərdə də az görünürsüz.

– Bir qədər seçim edirəm, hər çağrılan verilişə getmirəm. 

– Əslində peşəniz kino və dram aktyorluğudur. Hətta 2000-ci illərin əvvəllərində bir neçə, o cümlədən “Adam ol” filminə də çəkilmisiz…

– Yox, onlara film deməzdim. Mən yalnız bir filmə çəkilmişəm, Məhərrəm Bədirzadənin rejissorluğu ilə “Sonuncu şahid” adlı 4 serialdan ibarət filmə. Daha sonra “Planeti parni iz Baku” KVN teatrı ilə bir neçə filmə çəkildim. 

“Adam ol” filminə gəldikdə isə, o vaxt Sərxan Moskvadaydı. Birdən ağlına gəldi ki, məni də epizodik olaraq çəksin. Aramızda hörmətimiz olduğu üçün imtina etmədim. Sadəcə filmə çəkiləndə ssenari iə tanış deyildim, bilmirdim hansı obrazı yaradacam, 1-2 epizoda çəkildim. Bunu da özüm üçün iş hesab etmirəm. 

– Bəs indi dəvət yoxdur, yoxsa özünüzü yeni çəkilən filmlərdə görmürsüz?

– Birincisi dəvət yoxdur. İkincisi də o filmdə deyildiyi kimi, “Deyəsən, Şura hökuməti bizdən qorxur”, deyəsən məndən bir qədər qorxur, çəkinirlər. Bilirsiz ki, mən teatr rəhbəri də olmuşam, rejissorluq, ssenari yazmaq bacarığım da var. Lakin bunu göstərməyə imkanım olmayıb. Həm də məni daha çox meyxana öz tərəfinə çəkib, aparıb. Ola bilsin ki, bəziləri dəvət etmək istəyir, amma düşünür ki, birdən vaxtım olmaz və ya böyük qonorar istəyərəm və yaxud gəlib onların işini bəyənmərəm. İndi serial və filmlərin əksəriyyəti qeyri-peşəkar çəkilir. Bəzən çəkiliş meydançasında bir neçə adamın işini bir adam görür, daha doğrusu görmək istəyir. Bu da qeyri-peşəkarlıqdan xəbər verir. İndi bizim çəkilən seriallara, kinoteatrlarda təqdim olunan filmlərə baxsaz, çox böyük qeyri-peşəkarlıq, bayağılıq var. Bir dəfə bax, at qırağa. Son illərdə çəkilən filmlər “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Bəxt üzüyü” filmləri ilə heç cür müqayisəyə gəlmir. Halbuki, çox müasir texnikadan istifadə edilir. 

Çıxıb deyirlər ki, “Azərbaycan kinosunda ilk dəfə!”, ya mistika, ya fantastika və sairə. Ay kişi, bunların hamısını ediblər. “İlk dəfə”, “Ən birinci”, bu sözlər bizim evimizi yıxıb, xəbəriniz var? Adam utanır desin ki, bəlkə ilk dəfə Qaqarindən də öncə kosmosa uçan olub?…

– Bu gün redaksiyamızın qonağısız. Bir meyxana demədən sizi buraxmaq istəmirik (zarafatla).

Barmaqlarını stola döyəcləyərək ritm tutur və bədahətən meyxana oxuyur…

– Məni eşidib neçə kəndlər, şəhərlər
Adətən səsim olmuyur səhərlər.
Məndə də var məlumat, xəbərlər
İstəyirəm Musavat.com üçün deyim –
İstəyirəm Müsavat.com üçün deyim,
Müsavat gələndən Azərbaycana,
Çox işləri salıbdılar səhmana. 
Xalidə xanım xahiş eliyib meyxana, 
Həm ona, həm də camaat üçün deyim, 
İndi “Yeni Müsavat” üçün deyim, 
Bir az “Yeni Müsavat” üçün deyim. 
Müsavatın gəldim, oldum qonağı,
Bu qəzetin hər yerdə var sorağı.
Mən istədim ki, bu seçkiqabağı, 
Elə “prosta” təbliğat üçün deyim, 
Bir-iki kəlmə Müsavat üçün deyim, 
Bir-iki kəlmə Müsavat üçün deyim… 

(Xalidə Gəray, Fotolar və video Məğrur Mərd, Musavat.com)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir