Şənbə , 4 May 2024
Drone Cameras

İnkişafı ilə düşmənə gözdağı olan diyar-Sədərək

Sədərək rayonu 1990-cı il avqustun 28-də ölkəmizin sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq yaradılıb. Rayon Heydərabad qəsəbəsi, Sədərək, Qaraağac və Kərki kənd inzibati ərazi dairələrindən ibarətdir. 1990-cı il yanvarın 16-da Kərki kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyindən rayon əhalisi 3 yaşayış məntəqəsində cəmləşib.

Sədərək tarixən bölgənin ən mühüm məntəqələrindən biri kimi özünəməxsus inzibati statuslara malik olub. Bu ərazi XIII-XIV əsrlərdə Naxçıvan tüməninin tərkibində idi. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dönəmində isə biz Sədərəyin adının Çuxursəd əyalətinin səkkiz hakimliyindən biri kimi çəkildiyini görürük. Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər. XVIII əsrin əvvəllərində də Naxçıvan tüməni, Maku, Zaruzəbil, Şadili, Dünbülü, Mağzaberd hakimlikləri kimi Sədərək hakimliyi də Çuxursəd bəylərbəyliyinin tabeliyində olub.

Torpaqlarını qayğı ilə əkib-becərən, təknələrini bol və halal çörəklə təmin edən bu yaşayış məntəqəsinin sakinləri Sədərək uğrunda gedən döyüşlərdə uşaqdan böyüyə kimi silaha sarılıb erməni işğalçılarına qarşı mərdliklə döyüşüblər. 1990-1993-cü illərdə Sədərək üzərinə 14 dəfə güclü hücuma keçən erməni silahlı birləşmələrinin qarşısı alınıb.

1992-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan aqrar islahatlar Sədərəkdə 1996-cı ildən etibarən daha da sürətləndirilərək, 1999-cu ildə tam başa çatdırılıb. Rayon əhalisi torpaq payları ilə təmin olunub. Kənd təsərrüfatı məhsulları istehsalının həcmini və məhsuldarlığını yüksəltmək üçün özəl təsərrüfatların inkişaf etdirilməsi istiqamətində fermerlərə, torpaq mülkiyyətçilərinə xeyli güzəştlər edilib. Göstərilən diqqət və qayğının nəticəsində ötən ildə 35.6 sentner məhsul əldə edilərək məhsuldarlığ ən yüksək səviyyəyə çatdırılıb.

1992-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən “Ümid” körpüsünün istifadəyə verilməsi, gömrük-keçid məntəqəsinin yaradılması da bu rayonun iqtisadiyyatına öz müsbət təsirini göstərib. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən imzalanan dövlət proqramlarında Sədərəyin tərəqqisi ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlər, eləcə də Ali Məclis Sədrinin bu bölgəyə göstərdiyi diqqət və qayğı sədərəklilərdə əzmkarlıq, işgüzarlıq ruhunu daha da yüksəldib. Bunu son illər ərzində muxtar respublikamızın ucqar sərhəd rayonunda əldə olunan nailiyyətlər bir daha sübut edir.

Aqrar sahənin sürətlə inkişaf etdiyi bölgələr sırasında duran rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən bu sahənin səmərəliliyini artırmaq üçün böyük həcmdə meliorasiya və irriqasiya tədbirləri həyata keçirilib. Belə ki, əsas su mənbəyi sayılan Bulaqbaşı kəhrizi əsaslı şəkildə təmir olunub, 5 kilometr məsafədən içməli su xətti çəkilib, 15 subartezian quyusu qazılıb, dördpilləli nasos stansiyasında əsaslı şəkildə yenidənqurma işləri aparılıb. Ərazidə 15 bulaq-abidə tikilərək istifadəyə verilib.

Sədərək rayonunda 16374 hektara yaxın torpaq sahəsi var. Onun 3581 hektarı əkinəyararlı torpaqlardır. Həyata keçirilən tədbirlər nəticəsində rayonda əkinəyararlı bütün torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Bu torpaqların 3258 hektarı xüsusi mülkiyyətə verilib. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sədərək rayon bazasının istifadəyə verilməsi isə bölgənin becərilməyən digər bərəkətli torpaqlarının da əkin dövriyyəsinə daxil edilməsinə şərait yaradıb.

Sədərəkdə görülən işlər muxtar respublikada kənd təsərrüfatı sahəsində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir. Rayonda 98 hektarlıq meyvə bağı da var. Ancaq sədərəklilər bununla kifayətlənmir, ilbəil bağların ərazisini genişləndirirlər. Son ağac əkini mövsümlərində 5 hektar sahədə meyvə bağları salınıb, əkilən sahələrə müntəzəm olaraq aqrotexniki qulluq göstərilib. Rayonda üzümçülük və arıçılıq da xüsusi diqqət göstərilən sahələrdəndir. İndi Sədərəkdə 245 hektar üzüm bağı, 645 arı ailəsi var.

Muxtar respublikamızın bütün bölgələrində olduğu kimi Sədərək rayonu aparılan genişmiqyaslı quruculuq və abadlıq tədbirləri nəticəsində simasını tanınmaz dərəcədə dəyişib. Belə ki, Sədərək rayonunda bütün inzibati binalar yenidən qurularaq fəaliyyət göstərir.

Ötən il qəsəbədə 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlı olan, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət 48 mənzilli binanın istifadəyə verilməsi qəsəbə sakinlərində böyük sevinc hissləri yaradıb. Məlumat üçün bildirək ki, fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal-məişət şəraiti yaradılıb, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb, binanın həyətində abadlıq işləri aparılıb, istirahət guşəsi yaradılıb, müasir işıqlandırma və suvarma sistemi qurulub. Binanın iyulun 2-də görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində istifadəyə verilməsi isə  ulu öndərə böyük ehtiramın daha bir nümunəsi idi. Həmin gün yeni binada 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim edildi.

Sərhəd bölgəsində daha bir yeni quruculuq ünvanı isə rayon mərkəzindəki Su Monitorinq Laboratoriyasıdır. Binada analiz və nümunələrin hazırlanması otaqları var. Yeraltı və yerüstü suların müxtəlif təyinatlar üzrə analizlərinin aparılması üçün laboratoriya müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada suyun radioaktiv çirklənməsini, suda olan ağır metalları, suyun codluğunu, duzluluğunu, elektrik keçiriciliyini, tərkibində turşu və qələvilərin miqdarını, suda həll olmuş oksigeni təyin etmək mümkündür. Həmçinin laboratoriyada atom elektrik stansiyalarında istifadə olunan radioaktiv elementlərin nüvə parçalanmasından əmələ gələn tritium izotopunu təyin edən “TRİ CARB” cihazı quraşdırılıb. Yaradılan şərait muxtar respublikada su mühitinin yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə imkan verib. Sədərək rayonunun Heydərabad qəsəbəsində görkəmli dövlət xadimi Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Qəsəbə müasir şəhərsalma ənənələrinə uyğun olaraq tamamilə yenidən qurulub. Rayonda yaşayan hər bir vətəndaşın rifah halının yaxşılaşdırılması ümdə vəzifə kimi qarşıya qoyulub. Bunun nəticəsidir ki, erməni daşnaklarının məkrli planları ucbatından ev-eşiyindən didərgin düşmüş köçkün ailələri və Sədərək uğrunda gedən döyüşlərdə iştirak edərək sağlamlıqlarını itirmiş insanlar yeni yaşayış binaları ilə təmin ediliblər.

Abad diyar yolundan tanınar. Bu, yüzilliklərin sınağından çıxmış bir məsəldir. Elə Sədərəyə yolu düşənlər  də bu məsəlin nə qədər yerində söyləndiyinin bir daha şahidi olurlar. Belə ki, nəqliyyatın gediş-gəlişini tənzimləmək məqsədilə mərkəzi və ara yollarda mütəmadi olaraq təmir-bərpa işləri aparılıb. Dördzolaqlı yolun kənarlarında xüsusi suötürücülər və arxlar çəkilib, magistralın üzərində bir neçə yolötürücü tikilib. Bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə  Böyük İpək Yolunun bir hissəsini təşkil edir. 

Sədərək Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət 26 çarpayılıq bu səhiyyə müəssisəsində müasir tibbi avadanlıqlar quraşdırılıb. Stasionar, Poliklinika və Təcili yardım şöbələrinin fəaliyyət göstərdiyi xəstəxanada 14 həkim, 20 orta tibb işçisi çalışır. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun boğaz qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılıb. Hal- hazırda rayon mərkəzi xəstəxanasında icbari tibbi sığorta fəaliyyət göstərir. Rayon sakinləri tibbi sığortadan yararalanaraq muxtar respublikanın qabaqcıl xəstəxanalarına göndərişlər alır, pulsuz müayinə olunurlar.

Doğma Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Sədərək rayonu əsl vətəndaşlıq yanğısı ilə yenidən qurulub. Bir vaxtlar işğalçı ermənilərin zəbt etmək istədiyi bu rayon günü-gündən inkişaf edərək düşmən üçün gözdağına çevrilib. 

Doğma Naxçıvanımızın bu qeyrət qalası bundan sonra da dövlət qayğısı və dəstəyi, əzmkar sakinlərinin səyi ilə durmadan inkişaf edəcək.

Sədərək rayonu bu il otuz illik yubileyini qeyd edərək öz inkişafının yeni mərhələsinə uğurla addımlayır. Son illər rayonda aparılan quruculuq işləri bu bölgəni xeyli gözəlləşdirib. Sədərək indi öz inkişafı ilə düşmənin gözdağına çevrilib.

Sərxan İsmayılov

“Oğuz yurdu” qəzeti

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …