Sevin Abbasova beş ilədək azadlıqdan məhrum edilə bilər, məhkəmə isə…
Boyukmillet.com xəbər verir ki, sentyabrın 12-də 62 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın ölümünə görə günahlandırılan keçmiş direktor Sevin Abbasovanın məhkəməsi keçirilib.
Səbayel Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Mərhum Elinanın ailəsinin nümayəndələri vəsatət verərək cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib, səbəb kimi qanun pozuntuları olduğu göstəriblər. Onlar bildiriblər ki, istintaq orqanı Elinanı müayinə edən həkimlər barəsində heç bir araşdırma aparmayıb. Məhkəmə isə vəsatəti təmin etməyib. Onu da qeyd edək ki, hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılmışdı, bu maddəyə istintaq xitam verib.
Zərərçəkən tərəf dünənki məhkəmədə yenə də direktor barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun həbs edilməsini istəyib. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.
Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edib. Sevin Abbasova isə günahsız olduğunu deyib: “Mənim təqsirim yoxdur”. “Qafqazinfo”nun xəbərinə görə, E. Hacıyevanın atası Ədalət Hacıyev deyib ki, məhkəmədən hələ ki bir gözləntisi yoxdur: “Həkimlərin də məhkəməyə cəlb olunmasını istəyirəm. Onların da əməllərinə hüquqi qiymət verilməlidir. Həkimlər bilavasitə məsuliyyət daşıyır. Onların uşaqlarının başına belə bir hal gəlsəydi, evlərində sakit otura bilərdilərmi?”
Xatırladaq ki, Elina Hacıyevanın intihar etdiyi 162 nömrəli məktəbin direktoru Sevin Abbasova bu ilin aprel ayının 8-də rəsmi olaraq işdən çıxarılıb. Bununla bağlı Təhsil Nazirliyində keçirilən iclasda qərar qəbul edilib. Sonra Sevin Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün prokurorluğun təqdimatına baxılıb və o, 16 apreldən ev dustağı edilib.
Təhsil Nazirliyi bildirib ki, məktəbin direktoru ilə yanaşı tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova, sinif rəhbəri Çimnaz Mehdiyeva və məktəbin psixoloqu Könül Ağayevanın əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərdə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.
Nazirliyin apardığı xidməti araşdırma aşkarlayıb ki, Elina Hacıyeva və onun valideynləri ilə müvafiq izahat işlərinin aparılması lazımi səviyyədə təşkil edilməyib, psixoloqun rəyinə əsasən vaxtaşırı olaraq özünə qapanan şagirdə qarşı xüsusi həssaslıqla yanaşılmayıb, şagirdlə əvvəllər olan ünsiyyətlərdən, onun davranış xüsusiyyətləri, ruhi-emosional vəziyyətinin səbəbləri ilə dərindən maraqlanılmayıb, ailə üzvləri ilə yaxından əməkdaşlıq edərək ona psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd yanaşılıb.
Bundan başqa, təlim-tərbiyə prosesində şagirdin sinfə və ya məktəbə bu və ya digər səbəbdən uyğunlaşmaması, bunun nəticəsində onun digər şagirdlərlə, sinif rəhbəri və müəllim heyəti ilə səmimi ünsiyyətinin qurulmaması, baş verənlərin şagirdin yeniyetmə dövrünə təsadüf etdiyindən, davranışına təsir etməsinin nəzərə alınmadığı deyilir.
Nazirlik həmçinin hadisə baş verdiyi gün məktəb rəhbərliyinin məsuliyyətsizliyi səbəbindən məktəbdə növbətçilik təmin olunmadığını qeyd edib.
Qurum məktəb rəhbərliyinin hadisədən dərhal sonra adekvat və zəruri tədbirlərin görülməsini təmin etmədiyini də qeyd edib.
Sabiq məktəb direktoruna qarşı irəli sürülən maddələr haqda ətraflı məlumat təqdim edirik.
Maddə 143. Təhlükədə qoyma
Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək, imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə- üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 314.2. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini
yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.