Mayın 16-da UNEC və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ali Baş Komandanın əmrinə və Vətənin müdafiəsinə həmişə hazırıq” mövzusunda hərbi-vətəpərvərlik tədbiri keçirilib.
boyukmillet.com/ xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri UNEC-in prorektoru, müharibə veteranı Mikayıl Zeynalov, “Azərbaycan Ehtiyyatda olan Zabitlər Konfederasiyası” İB-nin sədri, general-mayor Məmmədhüseyn Sarıyev, “Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri” İB-nin sədri, polkovnik Mehdi Mehdiyev, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emil Həsənli, “Azərbaycan Əfqanıstan Veteranları” İB-nin sədri Məhəmməd Vəliyev, “20 yanvar” cəmiyyətinin sədri Sultan Əzimzadə, “Çernobl Əlilləri” cəmiyyətinin sədri Mirhəsən Həsənov və universitet tələbələri iştirak ediblər.
Tədbirdə hərbçilərimizin dövlətçiliyimizin qorunması, torpaqlarımızın düşmən tapdağından azad olunması, ərazi bütövlüyümüzün və müstəqilliyimizin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən danışılıb. Bildirib ki, bu gün regionun ən qüdrətli ordusu olan Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etməyə tam hazırdır.
Çıxışlarda gənclərin hərbi vətənpərvərlik hissinin yüksəldilməsi üçün bu yöndə silsilə tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin bu gün ordu sıralarına göndərilən gənclərin əvvəlcə mütəxəssis hazırlığı məktəblərinə cəlb edildiklərini və artıq onların orduya gedərkən tam hazırlıqlı olduqları deyilib.
Mərhum prezident Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib, dövlətimizin başçısının Azərbaycan gəncliyinə göstərdiyi diqqət xüsusi vurğulanılıb.
Sonda universitet tələbələrinin sualları cavablandırılıb.