“İrəvan xanlığının bölgə mətbəxi” kitabı İstanbulda TEAS Press nəşriyyatı tərəfindən çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a layihəni rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli məlumat verib. O deyib: “Azərbaycan torpaqlarına və mədəni irsimizə zaman-zaman göz dikən ermənilər, çox vaxt mətbəx və yeməklərimizi də özününküləşdirməyə çalışırlar. Buna görə Azərbaycan gerçəkliklərini beynəlxalq aləmdə yaymaq, erməni yalanlarını ifşa etmək və onların gerçək simasını açıb göstərmək hər bir Azərbaycan vətəndaşının ümdə borcu olmalıdır.
Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) ölkəmizin apardığı bu haqlı mübarizənin ön sıralarında olaraq, mətbəxlə bağlı beynəlxalq tədbirlərdə erməni saxtakarlıqlarını ifşa etməklə yanaşı, Azərbaycan mətbəxinin dünyada tanınmasında çox mühüm işlər həyata keçirir. T.Əmiraslanovun rəhbərlik etdiyi AMKM-in ərsəyə gətirdiyi “İrəvan xanlığının bölgə mətbəxi” kitabı bu kollektivin imza atdığı uğurların məntiqi davamıdır.
Çoxillik tədqiqatların məhsulu olan “İrəvan xanlığının bölgə mətbəxi” kitabı istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib. Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Erməni iddialarının əsassızlığını sübuta yetirən, tarixi qaynaqlara və etnoqrafik sorğulara əsaslanan bu monoqrafiya Azərbaycanın qədim tarixə malik İrəvan bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir.
Kitabda hazırda “Ermənistan” adlanan tarixi Azərbaycan torpaqlarının, oranın əzəli sakinləri olmuş soydaşlarımızın mətbəx mədəniyyətinə ermənilərin zaman-zaman göz dikməsi, azərbaycanlıların yemək- içmək və qida məhsulları adlarının “erməniləşdirilməsi” prosesi və onların dünyada “erməni mətbəxi”nin məhsulu kimi təqdim edilməsi konkret faktlarla ifşa edilərək, oxucuların diqqətinə çatdırılır.
Tədqiqat işlərindən aydın olur ki, hələ 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası “erməni yeməklərini bərpa etmək” məqsədilə Göyçə və Zəngəzur mahallarında Azərbaycan türklərinin yaşadıqları kənd və qəsəbələrdən toplanılan materiallar əsasında ərzaq məhsulları və yemək növlərinin adlarını, onların hazırlanma qaydalarını saxtalaşdıraraq “Ermənistan mətbəxi” adlı kitab nəşr etdirib.
Lakin “İrəvan xanlığının bölgə mətbəxi” kitabını vərəqlədikcə məlum olur ki, ermənilərin milli mətbəximizə aid olan, tarixən İrəvan xanlığının, eləcə də hazırda “Ermənistan” adlanan tarixi Azərbaycan torpaqları əhalisinin qida rasionunda yer tutan yemək və içkilərin bütünlüklə özününküləşdirməyə və “erməni yeməkləri” kimi tanıtmağa çalışmalarına rəğmən orada yer alan yeməklərin əksəriyyətinin, ərzaq məhsullarının, meyvə-tərəvəzin, ədvaların, demək olar ki, hamısının adları yenə də Azərbaycan türkcəsindədir (afşıla-ovşala, gögüplov, odplov, dolma, qovurma, bozartma, kətə, lavaş, dadlı ala, mastaba şorbası, müəmmərplov və s.).
Ermənilər bizim mətbəx terminologiyasında olan yemək-içmək adlarına bəzi hərf dəyişikləri etməklə özlərinə saxta “mətbəx mədəniyyəti” yaratmaq iddiasını gerçəkləşdirmək istəyiblər. Artıq beynəlxalq ictimaiyyət bu yalanların aradan qaldırılmasının şahidi olur. Bir neçə il öncə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin lavaşla bağlı erməniləri məyus edən qərar verməsi, lavaşın türk xalqlarının çörəyi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salması dediklərimizə əyani sübutdur.
“İrəvan xanlığının bölgə mətbəxi” kitabının dəyərlərindən biri də burada İrəvan xanlığının mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin – Sərdar Sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotosənədlərin yer almasıdır. Bu sənədlər sırasında bibim oğlu Adil Məmmədovun ulu babası, İrəvan quberniyasının seyxülislamı olmuş axund Şeyx Məhəmmədbağır Qazızadənin Gürcüstan dövlət arxivində saxlanan və 1874–1910-cu illəri əks etdirən şəxsi qovluğundan əldə edilmiş İrəvan Ruhani məclisinin sədri və Quberniya qazisi təyin oluması haqqında İrəvan qubernatorunun sərəncamları da var. Şeyx Məhəmmədbağır Qazızadə böyük maarifpərvər olmuş, öz evində rus-tatar məktəbini açmış və pedaqoji fəaliyyətinə görə 1898-ci ildə 3-cu dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu. Gürcüstan Milli Muzeyinin, gürcü alimlərinin təqdim etdiyi tarixi sənədlər, rus şərqşünas-fotoqraf D.İ.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər, çar II Nikolayın İrəvan qalasının bərpa edilməsi haqqında arxiv sənədləri İrəvan xanlığının Azərbaycanın qədim əraziləri olduğunu göstərən danılmaz faktlardır.
Kitabda İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək və içki adları və onların hazırlanması qaydaları verilir ki, bu da Qərbi Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı ərazisindəki mətbəx və süfrə mədəniyyəti haqqında əyani təsəvvür yaradır. Ən başlıcası isə kitab hər kəsi ruhən bu gün əsirlikdə olan Vətən torpağına aparır, o torpaqların gözəlliyini, təndirinin ətrini, yeməklərinin ləzzətini bir daha yada salır.
Ümidvarıq ki, bu qiymətli əsər, həmçinin Azərbaycanımızın maddi mədəniyyət tarixini zənginləşdirən növbəti səhifə olmaqla hər bir oxucunun stolüstü kitabına çevriləcək”.