Dünyanın diqqəti ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara yönəlib. Müharibə həm regionda, həm də qlobal miqyasda ciddi müzakirələrə səbəb olub. Müharibənin gedişi, tərəflərin strateji hədəfləri və mümkün nəticələri barədə fərqli qiymətləndirmələr irəli sürülür. Donald Tramp isə son açıqlamalarından birində bildirib ki, İrana qarşı müharibə faktiki olaraq başa çatıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a şərhində bildirib ki, ABŞ hərbi məqsədlərinə nail olub:
“ABŞ 4 əsas hərbi-strateji hədəf qoymuşdu: İranın ballistik raket arsenalının məhv edilməsi; İranın nüvə arsenalının məhv edilməsi; İranın proksi güclərə dəstəyinin aradan qaldırılması; İranın hərbi donanmasının neytrallaşdırılması. Tramp bildirib ki, İran donanmasında hərbi gəmi qalmayıb, 46 hərbi gəmi zərərsizləşdirilib. Hava məkanında dominantlıq ABŞ və İsrailin əlindədir. Ballistik raket arsenalının 90 faizi məhv edilib. Ancaq İranda hələ də 400 kiloqrama qədər zənginləşdirilmiş uran mövcuddur. Digər tərəfdən, proksi qüvvələr, xüsusilə Hizbullah fəal müqavimət göstərməkdədir. Ümumilikdə isə hərbi məqsədlərin bir çoxuna nail olunub. Siyasi aspektdən yanaşdıqda isə ciddi dəyişiklik baş verməyib. Ötən gün Müctəba Xamenei ali dini rəhbər seçildi. Hazırkı rəhbərlik ABŞ-yə qarşı sərt mövqeni davam etdirir, heç bir güzəştə getmək istəmir, eyni zamanda Amerika ilə danışıqlara daxil olmayacağını bildirib. Əslində bu, müharibədən əvvəlki siyasi vəziyyətin daha kəskin inkişaf etməsi deməkdir. Bu isə prosesin ABŞ-nin tam istədiyi kimi getmədiyinə dəlalət edə bilər. Başqa məqam isə Trampın ziddiyyətli fikirlər irəli sürməsidir, məqsəd beynəlxalq ictimaiyyətdə qeyri-müəyyənlik yaratmaqdır. ABŞ rəsmiləri müharibənin hətta 100 gün davam edəcəyinə dair bəyanatlar səsləndirirdilər, indi isə qısa zamanda bitəcəyi bildirilir”.

Ekspert müharibənin bitməsinə təsir edən bir neçə faktora diqqət çəkib:
“Birinci faktor ABŞ və İsrailin məqsədlərinə, xüsusilə siyasi məqsədlərinə nə dərəcədə nail olmasıdır. İranın davranışında fundamental dəyişiklik yoxdur. İsrail tərəfi də bildirib ki, ya rejim dəyişməlidir, ya da rejimin davranışı. Prosesə təsir göstərən ikinci amil ABŞ daxilindəki dinamikadır, ABŞ-də müharibəyə qarşı çıxanların sayı getdikcə artır – ictimaiyyət, xüsusilə senatorlar arasında müharibəni istəməyənlər çoxalıb. İqtisadi faktorları nəzərə almaq lazımdır – enerji qiymətləri artır, hərbi toqquşmalar təchizat xətlərinə mənfi təsir edir. İranın daxilindəki proseslərin nəzərə alınması da əhəmiyyətlidir, çünki görünən odur ki, ABŞ və İsrail daxildə hakimiyyətə qarşı etirazların olmasını gözləyirlər. İsrailin baş naziri Benyamin Netanyahu hər gün İran xalqına müraciət edir, İran hakimiyyətinə qarşı çağırışlar edir, amma bu çağırışlar nəticə vermir. Bu baxımdan müharibənin yaxın günlərdə bitəcəyi gözlənilən deyil, həftələr də çəkə bilər, amma aylarla da davam edə bilər”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
