Cümə , 22 Noyabr 2024
Drone Cameras

İsraildə Azərbaycan səfirliyi açmaq vaxtı yetişdi – Hersoqun Əliyevə məktubu…

Yeganə Hacıyeva: “Dünyanın yeni reallıqları fonunda Azərbaycan səfirliyin açılması ilə bağlı qərar verə bilər”

İsrail Prezidenti İshaq Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda Azərbaycanın İsraildə səfirlik açmasının zamanının yetişdiyinə də işarə edilir. Sitat:

“…İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.

Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”.

Bu barədə ekspertlər nə düşünür: Azərbaycanın İsraildə səfirlik açmasının zamanı yetişibmi?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan cəmiyyətində İsraildə səfirliyimizin olmamasının əsas səbəbi kimi İranın etirazı nəzərə alınması fikiri kimi görsənsə də, bu, belə deyil: “Azərbaycanın İsraildə indiyədək səfirlik açmamasının tək səbəbi müsəlman dünyasından özünə yönəlik dəstəyi itirməmək istəyidir.

Azərbaycan bu məsələdə Türkiyə nümunəsini əsas götürüb, çünki Türkiyə 1950-ci illərin axırlarında İsraillə olduqca isti münasibətlər qurduğu üçün 1960-cı illərdə qabaran Kipr məsələsində beynəlxalq arenada müsəlman dövlətlərinin dəstəyini ala bilməmişdi.

Məhz bu fakt üzərindən müsəlman ölkələr həm BMT, həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin digər beynəlxalq platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə dair hər zaman Azərbaycanı dəstəklədilər.

Sırf bu fakt üzərindən Azərbaycan daha ağıllı strategiya seçərək, İsrail ilə münasibətləri müxtəlif kanallarla ən yüksək səviyyəyə çatdırmış, səfirliyin açılması məsələsini isə daha yaxşı zamanlara qədər təxirə salıb. Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydalılığa əsaslanır və  enerji və təhlükəsizlik sahələrində iki ölkə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Onu da qeyd edim ki, ABŞ-dakı yəhudi lobbisi “Azadlığa Dəstək Qanunu”na 907-ci düzəlişin 2002-ci ildən etibarən hər il davamlı olaraq durdurulması üçün Azərbaycana  yardım edir. Səfirliyin açılması ilə bağlı fikirlərə gəlsək , bu il ərzində  Azərbaycan İsraildə diplomatik statuslu ticarət nümayəndəliyi və turizmin inkişafı üzrə rəsmi nümayəndəlik formalaşdırıb. Digər tərəfdən Qarabağ münaqişəsi artıq həllini tapıb, məhz bu fakt üzərindən müsəlman ölkələr  BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində,  digər beynəlxalq platformalarda hər zamankı kimi Azərbaycanı dəstəklədilər. Dünyanın yeni reallıqları fonunda Azərbaycan səfirliyin açılması ilə bağlı qərar verə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …