Bazar , 25 Fevral 2024
Drone Cameras

İtaliya XİN başçısının müavini: “Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”

“Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var”.

Boyukmillet.com xəbər verir ki, bunu İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ölkəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetinə müsahibəsində deyib.

Avropa parlamentinin İtaliyanın müxalifət “5 Ulduz hərəkatı” Partiyasından üzvü Fabio Massimo Kastaldonun Avropa İttifaqı və Avropa Parlamentinin rəsmilərinə ünvanlanmış ədalətsiz və əsassız çağırışlarına münasibətdə E.Çirielli bunun uyğunsuz bir hərəkət olduğunu və indiyədək əldə olunan sülh razılaşmalarına xələl gətirmək riski daşıdığını, həm tarix, həm də beynəlxalq münasibətlər nöqteyi-nəzərindən az məlum olan hadisələrlə əlaqədar fəaliyyətə keçmək və ya birbaşa müdaxilə etmək üçün ən pis üsul olduğunu, habelə Avropa və İtaliyanın xüsusi tərzdə Azərbaycan və Ermənistan arasında yumşalma mühiti yaratmaq üçün çalışmalı olduğunu bildirib.

Avrodeputat F.M.Kastaldonun 19-20 sentyabr lokal antiterror tədbirlərinə dair ”azərbaycanlıların hücumu” iddialarına münasibətdə nazir müavini E.Çirielli bildirib ki, belə bir iddianı irəli sürə biləcək nə siyasi, nə də hərbi xarakterli heç bir qiymətləndirmə yoxdur, bu, doğrudan da dəlilikdir. E.Çirielli əlavə edib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisinə qarşı hərəkətlər həyata keçirməyib və bu, BMT-nin müstəqil komissiyalarının təsdiq etdiyi məlum faktdır. İtaliya nazir müavini bildirib ki, baş vermiş köçü Azərbaycan qoşunları yox, bölgədə repressiyaları həyata keçirən separatçılar təhrik ediblər və bu bunda separatçıların məqsədi gərginliyə əlavə bir səbəb yaratmaq olub.

Bakının dəfələrlə sülh çağırışları etməsi ilə bağlı E.Çirielli bildirib ki, ikinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında qalib gəldiyinə baxmayaraq, Azərbaycan qoşunlarını dayandırdı və bununla da məsələnin sülh yolu ilə həllini tapmağa imkan verdi, habelə son üç il ərzində problemi sülh yolu ilə həll etməyə çalışdı. İtaliya nazir müavini əlavə edib ki, təəssüf ki, Avropada həmişə erməni revanşizmini və erməni millətçiliyini qızışdıran, obyektiv olaraq beynəlxalq hüquqda belə nəzərdə tutulmayan məsələlərdə İrəvanı çaşdıranlar oldu.

E.Çirielli bildirib ki, Prezident İlham Əliyevin çox praqmatik liderdir və Azərbaycan beynəlxalq hüquqa zidd olan hər hansı bir addımı qəti şəkildə istisna edir. “Hər şeydən öncə bu, Ermənistanın təkcə Qarabağı deyil, eləcə də əvvəllər azərbaycanlıların məskunlaşdığı, sonra isə həmin torpaqlardan çıxarıldığı Qarabağdan da böyük olan ətraf zonaları işğal etməsi ilə əlaqədar Azərbaycanın otuz ildə tutduğu davamlı mövqeyinə ziddir. Bu işğalla bağlı Azərbaycan həmişə çoxtərəfli forumlarda, beynəlxalq məhkəmələr qarşısında bütün mövqelərini ortaya qoymağa çalışıb. Bu işğal Qızıl Ordunun himayəsi altında Ermənistan tərəfindən həyata keçirilib”, deyə İtaliya xarici işlər naziri vurğulayıb.
E.Çirilelli qeyd edib ki, N.Paşinyan Ermənistanın rəsmiləri arasında BMT-nin müxtəlif qətnamələrinin dəfələrlə təsdiq etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk şəxsdir və ondan öncəki Ermənistan hökumətlərinin heç biri heç vaxt belə bir mövqe tutmayıb, lakin hələ də Ermənistanda çox millətçi olan hakim sinif, Ermənistandan kənarda da Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr, Ermənistanın hüdudlarından kənarda yaşayan, problemlərdən və mövcud vəziyyətdən həqiqətən xəbərsiz olan güclü erməni icmaları var. “Onlar həm də insanların daha asan qəbul etdikləri səbəblərə istinad edirlər, çünki onlar erməni diasporunun çox millətçi və şovinist baxışlara malik övladları və nəsilləridir”, deyə E.Çirielli vurğulayıb.

O əlavə edib ki, ermənilərə münasibətdə ötən əsrin əvvəllərində baş verənlərlə azərbaycanlıların heç bir əlaqəsi yoxdur, buna görə azərbaycanlılar heç bir məsuliyyət daşımırlar və azərbaycanlılar sadəcə müsəlman olduqları üçün başqalarının günahlarını ödəyə bilməzlər. “Üstəlik, biz yaxşı bilirik ki, Azərbaycan müsəlman dünyasının ən dünyəvi və tolerant ölkələrindən biridir: bu, onların fərqləndirici xüsusiyyətidir. Odur ki, dindən xalqlar arasında münaqişə elementi kimi istifadə etməməyə çalışaq”, – E.Çirielli bildirib.

Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Qarabağ üzərində ərazi bütövlüyünü bir daha təsdiqləməsi fonunda İtaliyanın bu məsələ ilə bağlı mövqeyinə münasibətdə E.Çirielli qeyd edib: “Bu məsələ bizim beynəlxalq mövqeyimizin əsasını təşkil edir: Meloni hökuməti eyni vəziyyətdə olan Ukraynaya hərbi yardım etməkdədir. Rusiya Ukrayna hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qalan rusları qorumaq bəhanəsi ilə Ukraynaya qarşı müharibə aparır. Ermənistanla Azərbaycan arasında müharibə ona görə baş verdi ki, Ermənistan Qızıl Ordunun dəstəyi ilə Azərbaycan ərazisi olan Qarabağı, eləcə də yalnız azərbaycanlıların yaşadığı digər bufer zonanı işğal etdi. Ukraynanı dəstəklədiyimiz halda, biz Ermənistanı necə dəstəkləyəcəyik? Əlbəttə ki, biz bunu edə bilməzdik və bu, sırf dini faktdan asılı olsaydı kobud səhv olardı”.

E.Çirilelli əlavə edib ki, Ermənistan tərəfindən aparılmış və otuz il davam etmiş təcavüzkar müharibə beynəlxalq hüququ açıq şəkildə pozmuşdur və Ermənistan da bunu dolayı yolla qəbul etdi, halbuki, Ermənistan gərginliyi başqa cür və daha əlverişli şəkildə həll edə də bilərdi, lakin Ermənistan hökumətlərinin düşüncəsizliyi BMT qətnamələrinə əsaslanaraq Azərbaycanın bu məsələni həll etməsinə gətirib çıxardı. “Bu gün məsələ hərbi müstəvidə bitmişdir və mən hesab edirəm ki, hər hansı başqa bir dövlət silahlı işğalı həll etmək üçün bəlkə də otuz il gözləməzdi: təsəvvür edin ki, Alto Adicedə ordunun, könüllülərin və ya daha doğrusu Avstriya ordusunun dəstəyi ilə özünü Cənubi Tirol separatçıları adlandıranların silahlı işğalına məruz qalmış olsa idik, düşünmürəm ki, bu, otuz il çəkə bilərdi”, deyə İtaliya xarici işlər nazirinin müavini bildirib.

İtaliyanın diplomatik roluna münasibətdə E.Çirielli əminliyini ifadə edib ki, ölkəsi bu işdə mühüm rol oynaya bilər. “Amma azərbaycanlılar ermənilərə qarşı güc tətbiq edənlər kimi göstərilməyə davam edilsə, bu, sülhə kömək etməyəcək. Ən yaxşı yol, Gürcüstanın bir müddətdir etdiyi kimi, yumşalma mövsümünə başlamaqdır: xristian ölkəsi olmasına baxmayaraq, o, eyni zamanda Azərbaycan üçün imtiyazlı tərəfdaşdır və İtaliya kimi, böyük vasitəçilik potensialı roluna malikdir, çünki o, həmişə Azərbaycanın hüquqi və beynəlxalq maraqlarını müdafiə edib. Beynəlxalq hüququn və BMT prinsiplərinin müdafiəçisi olan İtaliyanın bu xətti dəstəkləməməsi qəribə görünərdi”, – E.Çirilelli fikirlərini tamamlayıb.

Check Also

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib. …