Azərbaycan və İsrail arasındakı möhkəm dostluq elementləri mövcuddur.
Trend-in məlumatına görə, bu barədə İsrailin nüfuzlu “Jerusalem Post” qəzetindəki məqalədə yazılıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan bu ay Hayfa regionunda meşə yanğınları zamanı İsrailə təyyarə göndərən ölkələrdən olub. Bu dostluğun dərinliyi azərbaycanlı yanğınsöndürənləri İsrail prezidenti Reuven Rivlin tərəfindən qarşılanmasında əks olunub.
Qəzet yazır ki, bu, ölkələrin bir-birinə yardım göstərdiyi ilk hal deyil. 2010-cu ilin dekabrında Azərbaycan meşə yanğınları zamanı İsrailə helikopterlər göndərmişdi. Bundan başqa, Azərbaycan İsrailin istifadə etdiyi neftin 50 faizə yaxınını təmin edir. İsrail isə Azərbaycana texnologiyalar və kənd təsərrüfatı sahələrində müşavirlər göndərib.
Bu unikal dostluq dini azadlıqlara böyük önəm verən dünyəvi müsəlman ölkənin yəhudi dövləti ilə birgə çalışa bilməsi nümunəsi kimi mühüm əhəmiyyət daşıyır.
Məqalədə qeyd olunur ki, bu gün dünya regionda dinlər və qruplar arası gərginliklə üz-üzə qaldığı zamanda bu cür dostluq daha vacibdir. Azərbaycan və İsrail arasında uzunmüddətli və möhkəm tərəfdaşlıq davamlı sülh üçün möhkəm zəmin yaradır.