Media nümayəndələrinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi ilə tanışlığı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzinə mediatur təşkil olunub.
Boyukmillet.com xəbər verir ki, jurnalistlər müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar.
Bildirilib ki, mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriyadan olan çağırışçıların (sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında -“B” kateqoriyası, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında – “Ç” kateqoriyası, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında – “C” kateqoriyası, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında – “D” kateqoriyası) yekun tibbi müayinəsi aparılır.
Tibbi Qiymətləndirmə Komissiyası yekun tibbi müayinə nəticələri əsasında yekun qərarlardan birini qəbul edir. Yəni yararsızlıq səbəbi eyni, fərqli kateqoriyada üzrə təsdiqlənir və ya yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.
Qeyd olunub ki, yekun tibbi müayinə prosesində şəffaflığın, çevikliyin və obyektiv yanaşmanın təmin olunması məqsədilə rəqəmsal infrastruktur da qurulub.
Nazirliyin “Tibbi şəhadətləndirmə” altsistemi hazırlanaraq bu altsistemlə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti qurumların informasiya bazalarının inteqrasiyası, elektron məlumat mübadiləsi imkanları təmin edilib.
Müayinə ilə bağlı məlumatlar müvafiq qurumlardan həmin altsistem üzərindən qəbul edilərək toplanır və yekun müayinələrin nəticələri bu altsistemə daxil edilərək rəsmiləşdirilir. “Vətəndaş qəbulu” altsisteminin tənzimlənərək “Tibbi şəhadətləndirmə” altsisteminə avtomatik inteqrasiyası təmin edilib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Ramin Rzayev jurnalistlərə açıqlamasında deyib ki, bu işlərin görülməsi üçün ixtisaslaşmış şəxslər mərkəzə cəlb olunub:
“Həm şəffaflıq, həm də operativlik üçün bütün sistem elektronlaşdırılıb. Artıq neqativ halların aradan qaldırılması üçün operativ şəkildə fəaliyyətə başlamışıq və bu işlər davam edir. Ona görə də hər hansı şəxslə bağlı yanlış informasiyanın verilməsi mümkünsüzdür”.