Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

“Kərə yağı” etiketi altında satılan “xəstəliklər”

Mütəxəssislər deyir ki, işbazlar ölkədə müstəqil laboratoriyanın olmamasından istifadə edirlər

“Sıxılmış, ikinci dərəcəli, atılmalı, heyvan yemi kimi istifadə olunan yağları açıq şəkildə Azərbaycana gətirib, təkrar emal edirlər, süzürlər və əhaliyə verirlər. Dəhşətli faciədir. Onkoloji xəstəlikləri yayan da bu yağlardır”.
Bu iddia ilə Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda bütün böyük və kiçik mağazalarda satılan günəbaxan, qarğıdalı və s. yağların mənşəyi məlum deyil.

Əlavə edir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlasa, bu halları aşkarlaya bilər.

Azərbaycana yeyinti yağları əsasən, Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya və Yeni Zellandiyadan idxal olunur.

Qida üzrə mütəxəssisləri bildirirlər ki, Azərbaycanda kərə yağı istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı ciddi şübhələr var.

İddia olunur ki, satışdakı yağların 95%-i Azərbaycanda qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır.

Ucuz qiymətə satılan bu yağların tərkibinin əsas hissəsi trans yağlardır.

“Kərə yağı” adı ilə satılan bir çox yağın tərkib məlumatlarında açıqca kərə yağı əvəzedicisindən hazırlandırığı yazılır. Bəzilərinin üzərində qeyd olunur ki, kərə yağınını iştirakı ilə hazırlanıb. Yəni məhsulun tərkibinə həm də kərə yağı qatılıb. Sadəcə adı kərə yağı olduğundan əksər alıcılar, kiçik hərflərlə yazılmış tərkib məlumatları oxumadan bu məhsulu təbii kərə yağı zənn edərək alırlar.

Bəzi qablaşdırma məlumatlarında isə “trans yağ” əvəzinə “hidrogenləşdirilmiş bitki yağı” ifadəsi yazılır.

Trans yağ nədir?

İyirminci əsrin əvvəllərindən etibarən bitki mənşəli yağların dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, saxlama müddətini və istifadə imkanlarını artırmaq məqsədilə onların qismən hidrogenləşdirilməsi prosesinə başlanılıb. Bu proses zamanı bitki yağlarının tərkibində orqanizm üçün faydalı olan doymamış yağların quruluşunda dəyişikliklər baş verir.

Prosesin sonunda yarıqatı, yaxud qatı yağ əldə olunur. Bu tip yağlar iyirminci əsrin sonlarına qədər heyvan mənşəli yağların ən sağlam əvəzedicisi kimi təbliğ olunub. Sonradan trans yağların insan sağlamlığına ciddi təhlükə yaratdığı məlum olub.

Azərbaycan da daxil olmaqla, bu yağlardan bəzi ölkələrdə tez hazırlanan qida və qəlyanaltılarda, sous, mayonezlərin istehsalında, həmçinin şirniyyatlarda, xırçıldayan kartof qızartmalarında istifadə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasına görə, trans yağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəlikləri riskini 21%, ölüm riskini isə 28% artırır.
Trans yağ turşuları hüceyrələrin fosfolipid membranının strukturunda dəyişikliklərə, immun sistemin, görmə qabiliyyətinin zəifləməsinə, alzheymer xəstəliyinin yaranma riskinin yüksəlməsinə səbəb olur.

Araşdırmalara əsasən, trans yağ turşuları orqanizmin reproduktiv (nəsiltörətmə) qabiliyyətinə mənfi təsir edərək həm qadın, həm də kişilərdə sonsuzluğun yaranmasına, hamilə qadınlarda dölün inkişafına mənfi təsir edir.

ÜST deyir ki, böyüməkdə və inkişafda olan uşaq orqanizmində bu yağlar birbaşa mərkəzi sinir sisteminin pozulmasına səbəb olur. Trans yağ turşularının ana südü vasitəsilə anadan körpəyə keçdiyinin də sübut olunduğu bildirilir.

Başqa bir araşdırmaya görə, trans yağ turşularının istehlakı ilə postmenopauza (klimaks) dövründə olan qadınlarda süd vəzi xərçənginin əmələ gəlməsi riski arasında qarşılıqlı əlaqənin olduğu sübut edilib.

Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il rəsmi hesabatına əsasən, tərkibinə trans yağ turşuları daxil olan yağların qida rasionunda istifadəsinin maksimum dərəcədə azaldılması (2000 kkal enerjiyə gündə 2 qramdan daha az, yəni ümumi enerji tələbatının 1 %-dən daha az) məsləhət görülür.

Təşkilat 2018-ci ildə isə trans yağların hər il 500 min insanın vaxtından əvvəl ölümünə səbəb olduğunu açıqlayıb.

Xüsusən inkişaf etmiş ölkələrdə istehlak edilən qida qrupları ilə əlaqəli olaraq, Qida və Dərman Assosiasiyası (FDA – Food and Drug Association), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO – Food and Agriculture Organization) və ÜST kimi beynəlxalq qurumlar trans yağlardan imtinanı tövsiyə edirlər.

ÜST-nin son məlumatına görə, hazırda trans yağlardan imtina edən ölkələrin sayı 53-dür.
2023-cü ildə bu siyahıya Misir, Meksika, Moldova, Nigeriya, Şimali Makedoniya, Filippin və Ukrayna da əlavə olunub.

ÜST bütün dünya ölkələrinə 2025-ci ilə qədər trans yağlardan istifadəni dayandırmağı tövsiyə edib.

Azərbaycanda qida təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) cavabdehdir.
Lakin ekspertlər hesab edirlər ki, qidaların tərkibini yoxlamaq üçün həm də müstəqil laboratoriyalar olması vacibdir.

İqtisadçı ekspert, kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Meydan TV-yə deyir ki, Azərbaycanda müstəqil laboratoriya olmadığı üçün idxal edilən yağların, qida məhsullarının keyfiyyətinə şübhə etməyə ciddi əsaslar yaranır:

“Azərbaycan nə bitki yağı, nə də kərə yağına olan təlabatını ödəyə bilmədiyi üçün xammalı xaricdən idxal edir. Ölkəyə kərə yağı da böyük həcmdə gətirilir və burada qablaşdırılır. Bu yağların tərkibində birmənalı olaraq qatqılar var. Ölkədə müstəqil laboratoriya və şəffaflıq olmadığı üçün həmin məhsulların keyfiyyəti ilə bağlı nəsə deyə bilmirik”.

Türkiyə və Gürcüstanla müqayisələr aparan ekspert deyir ki, hər iki ölkədə Azərbaycanla müqayisədə idxal olunan istər bitki, istərsə də kərə yağları çox keyfiyyətlidir:

“Türkiyədə istifadə etdiyim həm kərə yağı, həm də bitki yağı Azərbaycandakı marketlərdə təklif olunanlardan yüksək keyfiyyəti ilə fərqlənir. Bu yaxınlarda marketə getmişdim ki, kərə yağı alım. Axtardım, üzərində Almaniya, Fransa, Zellandiyadan gətirilmiş yağlar olduğu bilinirdi. Azərbaycanda qablaşdırıldığı üçün məndə şübhə yarandı. Yaxşı yağı qoxusundan hiss edirsən. Hətta İrandan gətirilən yağ belə daha keyfiyyətlidir, nəinki Azərbayacana Avropadan gətirilən yağlar”.

Azərbaycan niyə Ümumdünya Ticarət Təşkilatına üzv olmur?

Azərbaycan Ümumdünya Ticarət Təşkialtına (ÜTT) üzv olmadığı üçün Avropdan ölkəyə keyfiyyətli məhsulların gətirilməsi də mümkün olmur. Beynəlxalq ticarətin 98%-i ÜTT üzvlərinin payına düşür. Azərbaycan, Özbəkistan və Türkmənistan istisna olmaqla bütün MDB dövlətləri ÜTT üzvüdür.

Vahid Məhərrəmli deyir ki, Azərbaycan ÜTT-na daxil olduğu təqdirdə, ölkədə müəyyən qədər məhsul bolluğu yarana, həmçinin inhisarçılığın qarşısı alına bilər:

“Bu təşkilata üzv olmamağımız Azərbaycanda inhisarçıların ürəyincədir. Məlumat doğrudur ki, Azərbaycana yarasız xammallar gətirib, burada təkrar emal edilib, qablaşdıraraq satışa buraxılır. Başqa seçim olmadığı üçün məcbur həmin keyfiyyətsiz yağlardan istifadə edirik. Əksər ölkələrdə trans yağların istifadəsi qadağan olunub. Amma Azərbaycanda işbaz vicdansızlar fürsətdən istifadə edirlər. Boğazımız onların əlindədir. Ona görə də istədikləri kimi pul qazanmaq üçün belə hərəkətlərə yol verirlər”.

1995-ci ildə yaradılan Ümumdünya Ticarət Təşkilatının əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.

“İnsanların keyfiyyətli yağ almağa imkanı yoxdur”

Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev Meydan TV-yə deyir ki, istehlakçılar yağ alarkən mütləq tərkibini diqqətlə oxusunlar:

“Bəzən marketlərdə görürük ki, yağın üzərinə “Kərə yağı” yazılıb. Amma tərkibini oxuyanda, görürsən ki, balaca hərflərlə yazıblar ki, tərkibində “trans yağlar” var. Yaxud da başqa yağlar qatılıb, tam kərə yağı deyil. Yəni üzərinə yazılan “Kərə yağı” sözünə aldanmasınlar, onun etiketini, tərkibini də mütləq şəkildə oxusunlar. Çünki bəzən işbazlar insanları aldatmaq üçün bu kimi terminlərdən, ifadələrdən istifadə edirlər. Azərbaycanda qeyri-qanuni qida istehsalı ilə məşğul olanlar çoxdur. Nəzarətdən yayınan istehsalçılar da var. Hər bir insan özü də nəzarətçi olmalıdır. AQTA-nın da vəzifə borcu məshulların təhlükəsizlik göstəriciləri normalarına riayət edərək, istehsal olunmasına nəzarət etməkdir. Sağlam qida isə hər bir insanın öz seçimidir”.

Asim Vəliyev diqqəti həm də istehlakçıların alıcılıq qabiliyyətinə çəkir. Bildirir ki, hazırda istehlakçılar büdcələrinə uyğun qida məhsulları alırlar:

“İnsanların dolanışığı, gəlir səviyyəsi elə bir vəziyyətdədir ki, onlara “5 yox, 15 manatlıq yağ al”, – deyə bilmərik. Hazırda insanlar ət tələbatını qarşılamaq üçün “broyler” toyuğu yeməyə məcbur qalır”.

Mövzu ilə əlaqədar AQTA-nın mövqeyini öyrənmək mümkün olmayıb.

Check Also

Prokurorluq vətəndaşın polis tərəfindən şərləndiyini təsdiqləyib

Şəmsiyyə Manafova bir ildən sonra azadlığa buraxılıb Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini Şəmsiyyə Manafovanın …