Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının sədri, “Dərbənd” qəzetinin əməkdaşı Telman Tahirli ilə müsahibəni təqdim edirik:
Telman müəllim, Dağıstanın cənubunda, xüsusilə də, Dərbənd şəhərində ictimai-siyasi vəziyyət necədir?
Dağıstan biznesmenlər üçün potensial olan respublikadır. Burada biznes qurmaq və yaşamaq üçün hər şərait yaradılıb. Buna baxmayaraq respublikaya hələ də investisiyalar qoyulmur. Baxmayaraq ki, respublikanın başçısı Ramazan Abdulatipov Azərbaycan Respublikası ilə sıx əlaqə saxlayır, bir neçə dəfə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşüb, amma iqtisadi əlaqələr zəifdir. Dağıstanda azərbaycanlıların çoxu cənubda məskunlaşır. Demək olar ki, Dərbənd şəhəri Dağıstan azərbaycanlıların mərkəzidir. 1990-cı illərdən bəri azərbaycanlıların vəziyyəti daha da pisləşir, deqradasiya gedir. Bunun səbəbi işsizlik, pulsuzluq, gənclərin ali təhsilli olmaması və sair arqumentlərdir. Gənclərin çoxu dinə üz tuturlar. Dağıstan çox millətli respublika sayıldığı üçün, burada azərbaycanlılarla münasibətlər yüksək səviyyədədir. Hər millət qardaşlıq və mehribançılıqla yaşayır.
Rəhbərlik etdiyiniz Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatı hansı çətinliklərlə üzləşir? Əsas problemləriniz nədir?
Bir ildən çoxdur ki, biz Dərbənd şəhərində yerli milli- mədəni-muxtariyyatı təşkilatını yaratmışıq. Rusiya Federasiyasının Ədliyyə nazirliyində təsdiqlənmiş təşkilatdır. Təşkilatımızın maliyyə vəziyyəti çətin olsa da, biz gücümüz çatan tədbirləri keçiririk. Məsələn, tarixdə birinci dəfədir ki, respublika üzrə bizim təşkilatımız Mahaçqala şəhərində Novruz Bayramı keçirmişdir. Azərbaycan şiriniyyatları, isti plov meydanda bişirilərək camaata paylanılıb. Digər millətlərin nümayəndələri xalqımızın yemekləri ilə yaxından tanış olmuşlar. İl içərisində olan bütün tədbirləri- Ümumilli liderimiz Heydər Əliyevin doğum gününü, Xocalı soyqırımını, Dünya Azərbaycanlılarının Həmrəylik gününü və sair tədbirlər keçiririk. Bundan başqa, Dağıstanda yaşayan azərbaycanlılar bizə müraciət edəndə onlara hər cür köməklik göstəririk. Bizim işimizə mane olanlar da var. Necə deyərlər, gözü götürməyənlər çoxdur. Buna baxmayaraq, biz işimizə davam edirik. Məncə millət üçün çalışan insan heç kimdən çox sağ ol gözləməsin gərək.
Dağıstan azərbaycanlılarının çoxu qarışıq millətlərin nümayəndələri ilə ailə qurublar. Bunların içərisində ləzgi milləti əsas yer tutur. Bizim ləzgi qardaşlarımızla münasibətlərimiz çox yaxşıdır. Hər millətdə bu münasibətləri pozan insanlar da var. Hamı bilir ki, bu kimin siyasətidir və onlar nə istəyir. Bizim arxamızda güclü prezidentlərimiz Vladimir Putin və İlham Əliyev var. Kim bizim aramızda münasibətləri pozmaq istəsə də, onlarda heç nə alınmaz. Bizim məqsədimiz qardaşlıq və sülh yaratmaqdır.
Dərbənd Azərbaycandan nə gözləyir?
Dərbənd Azərbaycandan nə gözləyə bilər? Biz istərdik ki, Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan teatrı haqqında sərəncamı yerinə yetirilsin. Dərbənd camaatı səbirsizliklə gözləyir ki, nə zaman teatrın binası tikilib istifadəyə veriləcək. Heydər Əliyev küçəsinin bərpa- quruculuq işləri davam etsin. Bərbad vəziyyətdə olan Nizami parkımız yenidən qurulsun, idman kompleksi tikilsin.
Siz həm də peşəkar jurnalistsiniz, Azərbaycan mətbuatını da izləyirsiniz. Sizcə, Azərbaycan mətbuatı Dağıstanda, xüsusilə də, Dərbənddə yaşayan azərbaycanlılara lazımi diqqət yetirirmi?
Azərbaycan Respublikasının mətbuatı bu gün çox genişdir. Dərbənd camaatının çoxu qardaş respublikadan olan xəbərləri televizorlardan izləyir. Azərbaycan dilində oxuya bilənlər internet vasitəsilə də xəbərləri oxuyurlar. Dağıstan üzrə Azərbaycan hökumətinin mətbuat korpusu yaradılsaydı daha yaxşı olardı. Dağıstanda Azərbaycan konsulluğun açılışı nəzərdə tutulub, amma bu günə qədər bu iş yerindən tərpənmir.
Son vaxtlar Samur meşələrinin qırılması və Samur çayında su bəndi tikilməsi ilə bağlı etiraz aksiyaları keçirilir. Sizcə, bu sırf ekoloji yoxsa siyasi problemdir?
Məncə, Samurda keçirilən aksiyalar hansısa məmurun işidir. Dağıstan hökumətinə qarşı olan öz çirkin siyasətini aparan məmurun hərəkətidir. Samur çayından Dərbənd şəhərinə su boruları çəkilsə meşələrə heç bir ziyan olmaz. Bu bir siyasətdir.
(moderator.az)