Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Mərkəzi Bank “Naxçıvanbank”ın kreditorlarına müraciət etdi

Fərdi sahibkarlar və fiziki şəxslər hesab qalıqlarını haradan ala biləcəklər?

Azərbaycan Mərkəzi Bankı (AMB) lisenziyası ləğv edilmiş “Naxçıvanbank”ın kreditorlarına müraciət edib.

Müraciətdə deyilir ki, bankdakı vəsaitlərini götürməmiş fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858 manat ekvivalenti) AMB-də açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəlikləri isə bank icra edib.

Xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543 manat ekvivalentində) və 1 918 fiziki şəxsə (cəmi 270 520 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə AMB-nin Naxçıvan MR İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakıdakı inzibati binasına (Bakı şəhəri, Bül-Bül prospekti, 27) inzibati binasına müraciət edərək əldə edə bilərlər.

AMB-nin iyulun 25-də yaydığı açıqlamada “Naxçıvanbank” ASC-nin müraciəti əsasında onun lisenziyasının ləğv edildiyi bildirilir.

Bunun əvəzində lisenziya bankın bazasında yaradılmış “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) verilib. Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən, “Naxçıvanbank” ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olub, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib”.

Mərkəzi Bank bildirir ki, yenidən təşkil prosesi çərçivəsində onun öz əmanətçiləri və digər kreditorları qarşısında öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanıb.

Bankın 2022-ci il hesabatına əsasən, bankın səhmləri Talıbovlar ailəsindən 4 nəfərə aid olub.
Bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66 %, Seymur Talıbovun 20,48 %, qızı Talıbova Baharxanım 9,82 %, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04 % səhmi olub.

Hesabatda, həmçinin göstərilirdi ki, 2023-cü ilin fevralın 1-dən Talıbovlar ailəsi bankın sahibliyini tərk ediblər və 14 milyon 59 min manat dividendlərini götürə biliblər.

Bankın səhmlərinin sonrakı mülkiyyətçiləri isə Hüseyn Məmmədov Yaşar oğlu (63,66 %), Rüfət Məmmədov Əhədağa oğlu (26,52 %) və Binnət Novruzov Yasin oğludur (9,82 %).
Bankın rəsmi “Naxcivanbank.az” saytına giriş qapadılıb, yalnız lisenziyanın ləğvi ilə bağlı məlumatı oxumaq mümkündür.

Uzun illər “Naxçıvanın xanı” kimi tanınan Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub. Onun işdən çıxarılmasından sonra mülkiyyətinin əl dəyişdiyi haqda məlumatlar yayılıb.

Ən son Mərkəzi Bankın qərarı ilə “MuğanBank” ASC-nin lisenziyası ləğv edilmişdi. Ondan əvvəl məcmu kapitalının tələb olunan minimum miqdardan az olması əsas gətirilərək “GünayBank” ASC-nin də lisenziyası ləğv edilmişdi. Mərkəzi Bankın “Maliyyə dayanıqlılığı” hesabatından aydın olur ki, Azərbaycanda ən böyük üç bankın aktivlər üzrə bazar payı 65 faizə çatıb. Həmin üç bankın biri dövlətə (Beynəlxalq Bank), ikisi Prezidentin ailə üzvlərinə (“PaşaBank” və “Kapital Bank”) məxsusdur. Bu bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə isə 48 faizdir. Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır.

Hazırda Azərbaycanda 23 bank var. Son 10-15 ildə ölkədə 20-dən çox bankın lisenziyası müxtəlif səbəblərdən ləğv edilib. Səbəb kimi öhdəliklərini yerinə yetirə bilməmələri göstərilib. Qapadılan banklardan 10-dan çoxunun bağlanması dünyada neftin qiymətinin kəskin düşməsi və 2015-ci ildə ölkədə baş verən iki devalvasiyadan sonraya təsadüf edib. Həmin banklardakı sığortalanan əmanətlər, əsasən, qaytarılsa da, qorunmayan əmanətlərlə bağlı şikayətlər hələ də qalır.

Check Also

AQC-nin sədri ixtisas imtahanına qatılacaq qiymətləndiricilərə müraciət ünvanladı

27 oktyabr 2024-cü il tarixində Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ilk …