Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Məhz Elmar Məmmədyarovun səriştəsizliyi ucbatından bu dəfə diplomatiyamız axsadı”

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi çıxışında bir sıra önəmli məqamlara toxundu. Ölkə başçısı çıxışını əsas etibarilə son günlər işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatın nəticələri üzərində qurmuşdu. Prezident bildirdi ki, Ermənistanın törətdiyi təxribata, düşmənin Azərbaycan mövqelərinə artilleriya zərbəsi endirməsinə və nəticədə şəhidlərimizdən olmasına toxunan dövlət başçısı qeyd edib ki, operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını alıb, düşmənə sarsıdıcı zərbələr endirilib. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr onlara yaxşı dərs oldu.
Prezident Ermənistanın bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsinə toxunaraq bildirdi ki, bu, heç bir məntiqə sığmır. Çünki bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Ermənistanın bu son olayları Azərbaycanın diversiyası kimi təqdim etməyə çalışması həqiqətən də absurddur:”Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın”. Azərbaycan Prezidentinin dəmir məntiqə söykənən bu sözləri əslində Ermənistan hakimiyyətinin üzünə vurulmuş tərs şillə kimi qiymətləndirilməlidir.
Dövlətimizin başçısı öz çıxışında tamamilə haqlı olaraq Ermənistanı faşist dövləti kimi xarakterizə etdi. Ermənistan hazırki işğalçı və eyni zamanda qəddar, saxtakar siyasəti ilə dünyanın bir nömrəli faşist dövləti sayıla bilər. Bu ölkənin faşist mahiyyəti həm Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətində, həm də Ermənistanın öz daxilində hakimiyyətin siyasi opponentlərə qarşı, narazı kütləyə qarşı aqressiv münasibətində üzı çıxır. Paşinyan iqtidarı bu gün təkcə Azərbaycana qarşı sərhəd xəttində müharibə aparmır, o həm də Ermənistanın özündə, siyasi rəqiblərinə qarşı, söz azadlığına qarşı müharibə aparır, demokratik normaları tapdalayır, konstitusiyanı kobud surətdə pozur. Dünya birliyi və beynəlxalq hüquq-müdafiə təşkilatları bu məqama xüsusilə diqqət yetirməlidirlər. Bu gün faşizm Ermənistanın daxildə və xaricdə (Azərbaycana qarşı) yürütdüyü aqressiv siyasətində təzahür edir. Lakin təəssüf ki, erməni faşizminin qarşısının alınması istiqamətində heç kim kəsərli addım atmır. Bu gün Azərbaycan erməni faşizmi ilə təkbaşına mübarizə aparır.
Son toqquşmalarda şəhid olan hərbçilərimizin qəhrəmanlığı haqda qürur hissilə danışan Prezident İlham Əliyev bildirdi ki, şəhidlərimizin qanı yerdə qalmamalıdır, onların qisası alınıb və bundan sonra da alınacaqdır. Prezident şəhid generalımız Polad Həşimovun anasına və şəhid polkovnikimiz İlqar Mirzəyevin oğluna zəng etməsi barədə danışdı:”Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.
Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin”.
Ölkə rəhbərinin sərhəd zonasındakı son döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş rəşadətini Aprel döyüşləri ilə müqayisə etməsini tamamilə düzgün hesab edirəm. Son günlər ərzində Azərbaycan Ordusu həqiqətən də bir daha öz üstünlüyünü göstərdi. Bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Bu əməliyyat bizim növbəti şanlı qələbəmizdir. Son iki gün ərzində düşmənə sarsıdıcı zərbələr endirildi. Onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.
Prezidentin çox diplomatik müdrikliklə iki ölkəni, iki xalqı müqayisə edib düşməndən hər mənada üstünlüyümüzü ortaya qoyması təqdirəlayiqdir. Ermənistanın heç vaxt açıq döyüşdə qələbə qazana bilmədiyini və bundan sonra da qələbə qazana bilməyəcəyini vurğulayan dövlət başçımız mənfur qonşumuzun hər zaman Azərbaycana qarşı çirkin üsullardan istifadə etdiyini vurğuladı:”Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir”. Ermənistan həmişə ancaq əliyalın insanlarımıza qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib.
Ermənistanın son hərbi təxribatına layiqli cavab verildiyini və Azərbaycan Ordusunun vəziyyətə tam nəzarət etdiyini bildirən Prezident İlham Əliyev öz çıxışında hazırda bir-birilə müharibə vəziyyətində olan iki ölkənin və iki xalqın psixoloji durum fərqini də real faktlarla göstərdi. Belə ki, baxmayaraq ki, kəndlərimiz atəşə tutuldu, ağsaqqal vətəndaşımız həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma Ermənistanda isə bəzi kəndlər, bəzi şəhərlər tamamilə boşaldılır. İndi düşmən ölkədə əsl panika vəziyyəti yaşanmaqdadır. Bunu Ermənistanın Tavuş vilayətinin qubernatoru Hayk Çobayanın qorxu və həyəcanla yerli sakinlərə müraciətindən də görmək olur. Erməni mer təlaş içərisində hamıya üz tutaraq dedi ki,”Əziz tavuşlular, ehtiyatlı olun, sığınacaqlarda və digər təhlükəsiz yerlərə çəkilin.Gizlənin”.
Bax, budur, fərqimiz bundadır. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaq. Bu zəmanət ən ali səviyyədə verilir. Bu zəmanəti Ali Baş Komandanımız verir. Ali Baş Komandanımız qürur hissilə və mübariz əhval-ruhiyyə ilə bildirdi ki, nəyi ediriksə, dəqiqliklə edirik. Bəli, son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bu əzmkarlığımız bundan sonra da davam edəcək.
Çıxışında bir sıra dövlətlərin və beynəlxalq təşkilatların bu son toqquşmalarla əlaqədar Azərbaycana dəstək verməsini qeyd edən ölkə başçımız qardaş Türkiyəyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusilə dərin təşəkkürünü bildirdi. Prezident qeyd etdi ki, biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Prezident həmçinin Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə – Qazaxıstan, Qırğızıstan, Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirdi. Çünki bu ölkələr də kritiq məqamda Azərbaycanın yanında olduqlarını bəyan ediblər.
Ölkə rəhbəri çıxışında ordumuzun uğurlu əməliyyatının və əldə edilmiş nəticələrin, hərbi qələbənin, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdığını, xalqımızı coşdurduğunu qeyd etdi və vətənpərvər insanlarımızın bu işlərə öz münasibətini bildirmələri, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmələri üçün Şəhidlər xiyabanına üz tutmasından danışdı:”Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər – mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər”. Prezident bir qrup təxribatçının bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmasını təəssüf hissilə qeyd etdi.
Bəli, belə bir xoşagəlməz hal yaşanmamalıydı. Lakin sevindirici haldır ki, təxribatçılar öz mənfur məqsədlərinəçata bilmədilər. Daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Şübhəsiz ki, bu şəxslərin hamısı qanun qarşısında cavab verəcəklər. Bu adamlar “beşinci kolon”un üzvləri də, hansısa xarici qüvvələrin əlaltıları da, radikal müxalifətin üzvləri də ola bilərlər. Əlbəttə, bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Prezident də bunu qeyd etdi:”Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir”.
Prezident İlham Əliyev dövlət sərhədimizdə bu son toqquşmalar zamanı bizim diplomatik fəaliyyətimizin nə üçün daha səmərəli ola bilməməsinə də toxundu. Prezident qeyd etdi ki, dəfələrlə deyib ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır:”Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, – onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi?”.
Prezident bu iradlarında, bu tənqidi qeydlərində tamamilə haqlıdır. Ancaq əfsuslar olsun ki, məhz Elmar Məmmədyarovun səriştəsizliyi, səhlənkarlığı və xəyanətkarcasına passivliyi ucbatından, bu dəfə bizim diplomatiyamız axsadı. Amma halbuki, Ordumuzla bərabər diplomatiyamız da savaşın ön xəttində olmalıydı. Elmar Məmmədyarovun şübhəli passivliyi bizim beynəlxalq müstəvidə informasiya savaşında mövqelərimizə heç şübhəsiz ki, mənfi təsirini göstərdi. Prezidentimizin XİN rəhbərinin bu cür anlaşılmaz davranışına operativ reaksiyası və çevik qərarı özünü çox gözlətmədi. Məmmədyarov öhdəsindən gələ bilmədiyi vəzifəsindən kənarlaşdırıldı. Mən əminəm ki, onun bu son toqquşmalar zamanı şübhəli davranışı da ayrıca olaraq araşdırılacaq. Bu cür fərsiz diplomat işdən çıxarılmaqla canını qurtardığını düşünməməlidir. Onun yerinə gələn yeni XİN başçısının – Ceyhun Bayramlının öz sələfindən yaxşı mənada fərqli fəaliyyət göstərəcəyinə, Prezidentin də qeyd etdiyi kimi diplomatiyamızı hücum diplomatiyası müstəvisinə çıxara biləcəyinə ümid bəsləyirik.Əlisahib Hüseynov –Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …