Cümə , 22 Noyabr 2024
Drone Cameras

Mən də qərbi azərbaycanlıyam – məşhur Qarakilsədən… – MÜSAHİBƏ

Rauf Zeyni: “Bir Qərbi azərbaycanlı olmaq, eyni zamanda bir qarakilsəli, zəngəzurlu olmaq tamam başqa bir hissdir”

“Biz o torpaqlara, öz tarixi yurdumuza mütləq qayıdacağıq”

Oğuz türklərinin qədim yaşayış məskənlərindən, tarixi yurd yerlərindən biri Qarakilsə rayonudur ki, onun tariximizdə ayrıca bir şöhrəti var.

Bu gün Sisyan adlandırılan Qarakilsə 30 ildən çoxdur ki, öz doğma sakinlərinin nəfəsinə həsrətdir, elə didərgin salınan insanlar da o yurdun həsrəti ilə qovrulur. “Mən Qərbi azərbaycanlıyam” rubrikasında həmsöhbətimiz Milli QHT Formunun prezidenti Rauf Zeynidir.

– Rauf müəllim, Qarakilsə bizim qayım-qədim ellərimizdən biridir və Qərbi Azərbaycanın, Qərbi Zəngəzurun göz bəbəyidir. Sizin üçün Qərbi azərbaycanlı, qarakilsəli olmaq nə deməkdir?

– Bu bizim üçün Ağrı dağının özü qədər ağrılı bir mövzudur. Mən Qərbi Azərbaycanda, Zəngəzur mahalının Qarakilsə rayonun Vağudi kəndində doğulmuşam. Bizim yaşlılarımız ora “Qaraisə” deyirdilər, heç Qarakilsə də demirdilər. O vaxt heç Sisyan adı çəkən yox idi. Qərbi azərbaycanlı olmaq, birincisi, çox böyük mədəniyyətin, böyük bir genetik kodun daşıyıcısı deməkdir. Bu bütün mənalarda əcdadlarımızın bizə miras qoyduğu milli-mənəvi dəyərdir. Qərbi Azərbaycan həm tarix, həm mədəniyyət baxımından, tarixi-arxeoloji, təbiət abidələri baxımından unukal bir bölgədir. Zəngəzurdan Göyçəyə, Göyçədən Amasiyaya, oradan Dilicana, başqa yerlərə qədər böyük bir ərazidə çox zəngin mədəniyyət formalaşıb. Çox təəssüflər olsun ki, Qərbi azərbaycanlılar soyqırıma, deportasiyaya məruz qalıblar…Amma heç zaman öz soy-köklərini, tarixlərini unutmayıblar.

– Belə başa düşmək olur ki, coğrafi, siyasi ayrılıqlar, deportasiyalar, zorla ayrı salınmalar bizim insanları bir-birindən, başlıcası isə mənəvi cəhətdən o torpaqlardan ayıra bilmir…

– Bir oğuz türkü olmaq, o coğrafiyada dünyaya gəlmək, o dağları, o kövşənləri görmək, o bulaqların suyundan içmək, o təbiətin içində yaşamaq ayrıca bir duyğudur. O fərqli bir hissdir…Mən bir yaşımdan məktəb yaşıma qədər kənddə nənə-babamın yanında qalmışam. Baxmayaraq ki, valideynlərim Sumqayıtda idilər. O şəraitdə, o mühitdə yaşamışam. İndi bir çoxları gedib akademiya, universitet bitirir, sonra politoloq, konfliktoloq və sair olur. Biz elə körpə yaşımızdan artıq ikili standartları görürdük. Bizim kəndimiz çox böyük kənd idi. Orada başqa bir sivilzasiya, başqa bir həyat tərzi görürsən, fərqli, təzadlı mühitdə böyüyürsən. Sən onun, o sənin dilini öyrənir. Sən məcbur olub onun tarixini öyrənirsən ki, onunla mübahisə edəndə ona sözünü deyəsən. Bu elə bir mühit idi ki, orada gərək  sən özünün mədəniyyətini, milli-mənəvi dəyərlərini yüksək səviyyədə qoruyub saxlamalısan, ən yüksək səviyyədə təhsil alasan  və sair. Bizim kənddə ali təhsilə, özü də sayılıb-seçilən fakültələrə, ali məktəblərə daxil olmağa xüsusi əhəmiyyət verilirdi.

– Təhsilə bu qədər önəm verilirdi demək…

– Bəli. Uşaqlar əllərində kitab quzu da otarırdılar, “nobata” da gedirdilər. Mən özüm də “nobata” getmişəm.

– Sumqayıtda yaşamırdız ki?

– Yaşayırdım. Amma şəhərdə yaşamağıma baxmayaraq, kəndə gedəndə “nobata” da gedirdim, başqa işlərə də yarayırdım.

– Qarakilsənin adını niyə dəyişiblər?

– Qərbi Azərbaycan toponimlərinin 90 faizini dəyişiblər, saxtalaşdırıblar. Keçən əsrin 30-cu illərindən, 40-cı illərdən, yəni Sovet dövründə əllərinə fürsət düşən kimi bu saxtalaşdırmanı həyata keçiriblər. Qalanları isə 1988-ci ildən sonra dəyişiblər.

– Sizin uşaqlığınızın keçdiyi Qarakisədə, Qərbi Zəngəzurda hansı abidələrimiz qaldı? Orada tariximizin hansı parçası var idi ki, o bu gün bizim üçün bir dəyərdir, kövrək uşaqlıq xatirənizdir?

–  İşqıqlı dağından, Dəvəboynundan, Urud körpüsündən, Bazarçaydan, Vəng altından, Gülür bağlarından  tutmuş bizim uşaqlığımızı əhatə edən, bu gün əziz bir xatirəyə çevirilən yer-yurdlarımız, bizim məskənlərimiz yaddaşımızda yaşayır. Qızıl qaya haqda Məmməd Arazın misralarını xatırlayıram:

Nə yaxşı bu boyda qızıl olmadın
Fateh xurcununda, oğru cibində
A Qızıl qaya!
Bu Qızıl qaya bizim kəndimizdədir…

Urudlular da, Adgülülər də orta məktəbin IX-X sinfini gəlib bizim kənddə oxuyurdular. Bizim kənd bir qədər böyük idi, həm də sivilizasiya bir qədər başqa idi. Ona görə də onlar VIII sinifi öz kəndlərində bitirib təhsillərini davam etmək üçün bizim kəndə gəlirdilər. Məsələn, Mir İsmayıl ağanın ocağı Urud kəndində idi. İstisu da Urudda idi, biz o İstisuyun içində böyümüşük. Hərdən deyirlər bu qədər enerji sizdə hardandır? O enerjini biz İstisudan almışıq.

– Bəs sonuncu dəfə nə zaman getmişdiniz kəndinizə?

– Sonuncu dəfə 1988-ci ildə dayım rəhmətə gedəndə getmişik kəndə.

– Ayrılarkən heç ağlınıza gəldimi ki, bu kəndinizlə son görüşünüzdür, yoxsa adi bir hiss keçirdiniz?

– İnişallah biz o torpaqlara, öz tarixi yurdumuza mütləq qayıdacağıq. Bəli, biz bunu hiss edirdik, görürdük. Çünki bu ab-hava vardı. Vaxtilə erməniləri bizim içimizə salmışdılar. Ermənilər bizim torpaqlara Gülüstan, Türkmənçay müqaviləsindən sonra köçürülüb. Biz onların xarakterinə bələd idik. Ermənilərin cəmiyyətləri, “Krunk”, “Daşnakstyün” fəaliyyətdə idi. Onların daşnak olduğunu körpəlikdən görürdük…Eyni zamanda ermənilərin əlaltdan bizə qarşı əməllərinin sədası gəlib bizə çatırdı ki, onlar bizə qarşı nəyəsə hazırlaşırlar. Qərbi Azərbaycanda yaşayan əhali bunu bilirdi. Azərbaycanlı olmaq milli qurur mənbəyidir. Biz orda dil içində  dil, din içində din bəsləyirdik. Milli bayramlarımızı çox yüksək səviyyədə keçirirdik. Novruz bayramını daha şövqlü, çox təmtəraqlı qeyd edirdik. Bu bizim mənəviyyat məsələmiz idi.

Bizim elə insanlarımız vardı ki, gedib İrəvanda ali təhsil alıb həkim olurdu, amma ona kənddə iş vermirdilər.

– Səbəb nə idi?

– Ermənilərin məqsədi o idi ki, kənd köçüb getsin. Biz onların bizə mənfi münasibətini bütün mənalarda görmüşük, yaşamışıq. Bunu bizim kimi bu taleyi yaşayanlar bilər, başqaları bilməz. Bu gün multikulturalizm, tolerantlıq deyirlər, biz onları kənddə göstərirdik. Onda bizim müstəqil dövlətimiz yox idi, amma biz öz mədəniyyətimizlə xalqımızın dəyərlərini təqdim edirdik. Xalqımızın mədəniyyətini, mənəvi dəyərlərini, milli xüsusiyyətlərini göstərməklə onlara hansı xalqın nümayəndəsi olduğumuzu təqdim edirdik.

Biz hər yay kəndə gedirdik…Kəndə can atırdım həmişə. Bu Allahın bir lütfü idi ki, mən bütün o kövşənləri tanıyım, oranın havasını öz ruhuma hopdurum və Vətəni canımda-qanımda yaşadım. İlahi o Vətəni qanıma, canıma hopdurub. Ola bilsin ki, o başqaları üçün sadəcə vətən, yurd olsun. Bir Qərbi azərbaycanlı olmaq, eyni zamanda bir qarakilsəli, zəngəzurlu olmaq tamam başqa bir hissdir. Bizdə birləşən o kodlar, bizim düşüncəmizi formalaşdıran o ilmələr var ki, o ilmələri bilmədən, onları yaşamadan heç vaxt heç kəsin yalançı vətənpərvərliyinə inanmıram.

İradə SARIYEVA

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …