Şənbə , 18 May 2024
Drone Cameras

Maestro Niyazinin doğum günüdür. Onun Türkiyə mətbuatına verdiyi musahibəni təqdim edirik

Bu gün Maestro Niyazinin doğumunun 108-ci ili tamam olur. Bu münasibətlə 1977-ci ildə Maestronun Türkiyə mətbuatına verdiyi musahibəni sizlərə təqdim edirik.

Azərbaycanlı bəstəkar, orkestr şefi Niyazi Tağızadə-Hacıbəyov 50-ci illərdə Sovetlər Birliyinin öndə gələn orkestrləriylə Türk bəstəkarlarının əsərlərini səsləndirərək xaricə açılmalarını təmin etmişdi. Bir neçə dəfə Türkiyədə qonaq şef olaraq vəzifə yerinə yetirdi. 1977dəki danışıqda Türkiyədəki alaturka-alafranqa ayrı-seçkiliyini tənqid edir, “Niyə Camal Rəşid Reyi Dövlət Sənətçisi ünvanına layiq görmədiniz” deyə soruşur.

Azərbaycanda, əminiz Üzeyir Hacıbəyov, Türkiyədə Adnan Saygun eyni mövzuda, eyni adda bir opera bəstələmiş. İki Köroğlu arasında nə kimi bənzərliklər var  ?

– Əvvəlcə bunu ifadə etməliyəm ki, Türk xalq mədəniyyəti və ədəbiyyatı ilə Azərbaycan xalq mədəniyyət və ədəbiyyatı bir-birinə çox qarışmışdır. Siz Koroğlunu, Bolu Dağlarında yaşamış deyərsiniz. Biz Azərbaycanda yaşamışdır deyirik. İki mədəniyyət bir-birinə çox qarışmışdır. Koroğlunun Azərbaycan mənşəli bəstəsi, Saygununkundan tamamilə ayrıdır. Amma libretto eynidir. Zülmə, təzyiqə və ağalıq nizamına baş qaldırma və bunlarla döyüşmə kimi…

Öz bəstələriniz varmı?

– 1940da bəstələdiyim “Son Gecə”, 1942də bəstələdiyim “Fərhad ilə Şirin” operalarım. 12-ci əsrin böyük Azərbaycanlı şairi Nizamı Gəncəlinin “Leyla ilə Məcnun” adlı əsərini də opera olaraq bəstələdim.

Leyla ilə Məcnunu Füzulidən əvvəl Gəncəli yazmışdı.

Biz “Leyla ilə Məcnun”u Füzulinin bilirdik. Nə deyərsiniz ?

– İlk “Leyla ilə Məcnun” Gəncəlinindir. Hətta Füzuli “Nizamı Gəncəli mənim ilk ustamdır” deyirdi.

Digər əsərlərinizdən də danışarsınızmı ?

– Digər əsərlərim “Citra” adlı bir balet, Rabinhidrat Tagorun bir hekayəsi üzərinə yazıldı. Hindistanda çalındığında Böyük Mükafatını aldı. Simfonik əsərlərim arasında ən məşhur olanı simfonik rastdır. Dünyanın bir çox musiqi mərkəzində çalınmışdır.

Bir çox mükafat almısınız. Sizcə ən əhəmiyyətliləri hansılardır ?

– Bu anda ağılıma gəlmir. Ağılımda qalanlar bunlar: 1938-də Birinci Dövlət Nişanı, 1940-da Gözəl Sənətlər Ustadı, 1955-də Azərbaycan Xalq Sənətçisi Nişanı, Sovetlər Birliyi Xalq Sənətçisi və Dövlət Mükafatı Nişanı, Şeflər Konkuru Böyük mükafatı. Çekoslovakya, Macarıstan, Bolqarıstandan Dövlət Musiqi Nişanı, Bəla Bartok Qızıl Mükafatı və daha bir çoxları…

Bu günə qədər hansı xarici orkestrlərdə şeflik etdiniz ?

– Fransada Grand Operada, Opera və Paris Konservatuar Orkestri, İngiltərə də Kraliyet Filarmoni Orkestri, Almaniya, Polşa, Çekoslovakya, Hindistan, Rumıniya, Bolqarıstandakı orkestrlər. Ayrıca, Finlandiya, Çin, Macarıstan, İran, Yuqoslaviya və Türkiyə…

Türkiyəyə  neçə dəfə gəldiniz, hansı işləri gördünüz ?

– Türkiyəyə səkkizinci dəfədir gəlirəm. Prezident Simfoniya Orkestriylə Ankara və İstanbulda konsertlər verdim. Çaykovski, Borodin, Mussorski və Azərbaycanlı sənətçilərin əsərlərini idarə etdim. Ayrıca Türkiyədə Çaykovskinin Yevgeni Ogenin, Verdinin Aida operalarıyla birinci İstanbul Festivalında (Adnan Saygunun) Koroğlunu idarə etdim. İndi yenə Koroğlu üçün Ankaradayam.

Fəxri Korutürk “Bir daha dünyaya gələrsəm musiqiçi olacağam” demişdi

Türkiyə xaricində Türk sənətçilərinin əsərlərindən idarə etdikləriniz oldumu ?

– Adnan Saygunun “Yunus Əmrə Oratoryosu”nu və 3. Simfoniyasını, Ülvi Camal Əryinin 2. Simfoniya və Skripka konçertosunu Bakı və Moskvada idarə etdim. Bunlar val edildi. Dünyada ilk valı edilən müasir Türk musiqi əsərləridir. Mən bu parçaları Moskva Konservatoriyasının salonunda ifa etdim. Bu salon dünyanın ən gözəl musiqi salonu idi. Adnan Saygun, Ülvi Camal Əryin qonağım idi. Bu günki Respublika başçısımız Hörmətli Fəxri Korutürk Moskva səfiri idi və dinləyicilər arasında idi. Musiqi bitdiyi zaman yanıma gəldilər və mənə sevgilərini qeyd etdilər. O sırada biri də hıçqıraraq məni bağrına basırdı. Bəli, o da Türk şairi Nazim Hikmət idi. Korutürk “Siz insanlara xoşbəxtlik verirsiniz. Bir daha dünyaya gəlirsəm musiqiçi olacağam” dedi. Özü sevdiyim, saydığım adamdır. Hər bayram təbrik yollayıram…

Niyə bəstəkarlar birliyi qurmadınız ?

Türk musiqisinin sizcə əskikləri nələrdir ?

– Kədərlənərək söyləməliyəm ki siz öz musiqinizi özünüz parçalamısınız. Bu alaturka sözcüyü dünyanın heç bir yerində sizdəki kimi istifadə edilməz. Məsələn: Alafrans musiqi, Alarus musiqi kimi… Xahiş edərəm söyləyin, bir xalq ozanına alaturka, bir müasir ozana alafranqa ozan deyilərmi ? Yaxud bütün dünyanın tanıdığı Yunus Əmrə, alaturka ola bilərmi ? Sizin alaturka dediyiniz ozan, ədəbiyyatçı dünyanın bir yerində xalq ozanı, xalq ədəbiyyatçısıdır. Musiqidə də bu belədir. Siz də dünyada çox az tapılan kompozitörləri var, lakin bir kompozitörlər cəmiyyəti yox. Belə bir cəmiyyət olsa, bu dəyərlər hamı birlikdə, haqqıyla Türk musiqisini bu günki qar-qaşadan qurtarar. Gerçək dəyərini verə bilər. Nə xalq musiqisi nə də universal musiqi inkar edilə bilər. Ayrıca, hər ölkənin qəhrəmanlıq, vətən mahnıları, şeirləri folkloru ayrı bir dəyərdir.

Bir də sizdə “Atatürk Mükafatı” deyə bir mükafata rast gəlmədim. Dünyanın bütün dövlətləri böyük adamları adına mükafatlar verərlər. Rəsm, musiqi, ədəbiyyat, elm kimi sahələrdə Atatürk kimi həqiqətən çox böyük bir qurtarıcı bir dövlət adamı adına mükafat təşkil etməmisiniz.

Niyə?

İndi öyrəndiyimə görə, sizdə də Dövlət Sənətçisi ünvanı verilməyə başlamış. Sənətçi dostlarımdan məsələn; Adnan Saygun, İdil Biret bu Dövlət Sənətçiləri arasında. Lakin Türk musiqisini universal ölçülərə çatdırıb dünyaya tanıdan böyük və güclü ustalardan Camal Rəşid Bəy, Dövlət Sənətçisi deyil. Özü kompozitör və şef olaraq yeri doldurulmaz bir adamdır. Tək omu qiyməti bilinməyən ? Aydın Gün, İtalyan operalarının ən böyük dövlət nişanını almışdır. Bəli, Ayxan Baran əhəmiyyətlidir.  Suna Korat, dünya operalarında bir çox səhnələrin yaradıcısıdır. Amma Dövlət Sənətçisi deyildirlər.

Nə üçün?

Sizin musiqi məktəbləriniz çox az və orta təhsil xüsusiyyətində. Azərbaycanda 100 yerdə 7 sinifli musiqi məktəbi vardır. Buranı bitirənlər 10 illik nümunəvi məktəblərə gedirlər. 5 il universitet təhsili yerinə musiqi təhsili alırlar. Hər alətin  yeri ayrıdır. Hər hissədə bir və ya iki professor vardır. Bir çox dosent, assistent… Yalnız Bakıda 20 professor var. Bunlar universitetlərdə musiqi üstünə araşdırmalar edərlər. Əmim Üzeyir Bəy, akademik ünvanı olan bu professorlardandır.

Sizdə Adnan Saygun, Ülvi Camal Əryin, Camal Rəşid Rəy, Necil Kazıç Akses professor deyil amma dünya səviyyəsində kompozitörlerdir!

Şef orkestrin işığını dinləyiciyə dağıdar

Siz dünya tərəfindən tanınan bir şefsiniz, bir şefin xüsusiyyətləri nələr olmalıdır ?

– Şef musiqinin işıqlarını orkestrdən alıb dinləyiciyə paylayan adamdır. Şef çaldır  orkestrlə tək bədən olub uyğunlaşmanı təmin edən adamdır. Şef ilk qarşılaşdığı 80-100 şəxsiyyət bir orkestrin işçilərini mədəniyyətləri, xarakterləri və qabiliyyətləriylə tək-tək tanıyıb onlara özünü qəbul etdirən adamdır. İndiki vaxtda şef, çox yaxşı musiqi mədəniyyətinin yanında çox yaxşı psixologiyanı bilən, dünya mədəniyyətini çox yaxşı tanıyan adam olması lazımdır. Bir orkestr mənim bütün bunları çox yaxşı bildiyimi bilməli ki mənə güvənsin. Məsələn, Koroğlunu ələ alaq. Bu əsər Şərq mədəniyyətinindir. Burada bir qadın ağlayırsa, bu bir ağıdır və qadın burada dizlərinə vura vura ağlayacaq. Traviatadakı qadının ağladığı kimi ağlamaz Koroğludakı qadın. Şefin bunu bilib öyrətməsi lazımdır. Şef eyni zamanda xalqın mesajçısıdır.

Gönül Duranoğlu / Aralık 1977 / Sesimiz Dergisi

Tərcümə : Ceyhun Nəbi

Check Also

Azərbaycanda ədliyyə orqanlarının yaranmasından 105 il ötür

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi …