Şənbə , 27 İyul 2024
Drone Cameras

Milli diaspor tariximizin salnaməçisi QƏDİR ASLAN

İnsanın daşıdığı ad çox zaman və qabaqcadan onun xarakterini müəyyənləşdirir. Bu mənada haqqında böyük qürurla söz açdığım, yazıçı, publisist, Əməkdar jurnalist Qədir Aslanın adı ilə, yaşayıb yaratdığı mənalı ömür yolunun dəyəri, qiyməti, etibarı, hörmət və ləyaqəti tam olaraq bir-birini tamamlayır. Qədir ismi həm də, Allahın gözəl adlarından biridir. Qədir bilmək, layiqincə qiymətləndirmək, bir adamın dəyərini, əhəmiyyətini başa düşüb onu sona qədər qorumaq, mühafizə etmək ilahinin insana bəxş etdiyi ən böyük nemətdir. Büllur kimi saflığı, müdrik tövsiyələri, təmənnasız xidmətləri, zəngin mənəvi keyfiyyətləri və qələmi ilə dünya azərbaycanlılarının yoluna işıq salan Qədir Aslan İlahi tərəfindən bizə göndərilmiş Tanrı payıdır.
Bu dünyada saf sözün qaldırdığı məqamdan böyük ucalıq yoxdur. Qədir müəllim nə az, nə çox, düz 25 ildir gecəli, gündüzlü heykəltaraş daşdan heykəl yonduğu kimi, qələmi ilə dünya Azərbaycanlılarının monolit birlik və həmrəylik məf- kurəsini yaradır.

Dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımızı bir- bir taparaq onlara sözünün qüdrəti, mürəkkəbinin rəngarəng ilmələri ilə Vətən köynəyi toxuyur. Qürbət sazağında üşüyən soydaşlarımızı ümummilli məfkurə ətrafında birləşdirərək, onları vətənlə, dövlətlə bircan edir. Allah bu qabiliyyəti Qədir müəllimin alnına yaşadığı saf ömür kimi tərtəmiz, həm də gözəl xətlə yazıb.
Bir dəfə məndən soruşdular ki, Ukrayna Azərbaycanlıları Konqresinin arxivini harada saxlayırsınız? Tərəddüd etmədən dedim ki, milli diasporumuzun arxivi etibarlı əllərdədir. Aradan onillər ötüb keçsə belə, o arxivi istənilən adam qaldırıb baxa bilər və baxarsa, qürur duyar. Ərkyana deyilən bu sözün arxasında təbii ki, birmənalı olaraq Qədir Aslanın 25 illik səmərəli fəaliyyəti dayanır. Bir xatırlatma edim. Ukrayna Azərbaycanlıları Konqresi 1999-cu ildə Ümummilli lider Heydər Əliyevin Ukraynaya rəsmi səfəri zamanı bu ölkədə yaşayan azərbaycanlı ziyalılarla görüşündən sonra, onun təşəbbüsü və xeyir-duası ilə yaranıb. Diaspora təşkilatımız fəaliyyətə başlayan ilk gündən etibarən Qədir Aslan tarixi vətənimiz naminə həyata keçirilən tədbirlər, Ukraynada yaşayan azərbaycanlı ziyalılar, elm və dövlət adamları haqqında “Respublika” qəzetində ardıcıl olaraq silsilə məqalə və oçerklər yazmaqla, bu tarixi missiyanın qol-qanad açmasında bizimlə çiyin-çiyinə dayanıb. Ukrayna Azərbaycanlıları Konqresi dünyada ikinci ən böyük diaspor təşkilatıdır.
500 mindən çox soydaşımızın yaşadığı ölkənin 23 vilayətində Ukrayna Azərbaycanlıları Konqresinin regional təş- kilatları fəaliyyət göstərir. Bu gün Ukrayna Azərbaycanlıları Konqresinin elə bir vilayət və şəhər təşkilatı yoxdur ki, Qədir müəllimin səmərəli fəaliyyətindən yararlanmasın. Bu baxım- dan milli diasporumuzun 25 illik fəaliyyəti ilə tanış olmaq
istəyənlərə ərklə deyə bilirik ki, həyata keçirdiyimiz tədbirlərin arxivi “Respublika” qəzetinin qızıl fondunda Qədir Aslan im-zası ilə qorunub saxlanılır.
Bu gün Qədir müəllimin Ukraynanın müxtəlif vilayət və şəhərlərində ərklə qapısını aça biləcəyi yüzlərlə evi var. Bunu hər insan qazana bilməz və Qədir müəllim bu mənada dünyanın ən zəngin insanlarından biridir. O, bu evləri yuxusuz gecələri, yazmaqdan qabar olmuş barmaqlarının hesabına qazanıb.
Bu gün Ukraynanın istənilən şəhərində ya- şayan azərbaycanlının yanında Qədir müəllimin adını çəksən bir cavab alırsan. Hansı Qədir müəllimi deyirsən, bizim Qədir müəllimi? Bəli, Qədir müəllim bizim qədirbilən, can yandıran, qürbətdə yaşayan hər birimizə övladı kimi yanaşıb, hər birimizi özünə doğmalaşdırıb, o indi ən dogma və müdrik el ağsaqqalıdır.
Qədir müəllim həmçinin öz əsrarəngiz yazıları ilə Azərbaycanla Ukrayna arasında mədəni, mənəvi körpü inşa edən usta qələm adamıdır.
Qədir müəllim Ukraynaya hər gəlişi zamanı diasporumuzun fəalları ilə görüşləri yaddaşımızda silinməz iz buraxır. Hərdən bu keşməkeşli dünyanın iş-gücündən yorulanda, enerjimiz tükənəndə Qədir müəllimi 5-10 dəqiqə dinləmək bəs edir ki, yenidən böyük enerji ilə yoluna davam edəsən. Sanki, Onda Allahdan böyük enerji payı var. Danışığından, söh- bətlərindən, məsləhətlərindən ancaq güc almaq olur. Onunla 5 dəqiqəlik söhbət etmək Vətəni ziyarət edib, gəlmək qədər adama sakitlik, güc, qüvvət verir. Onunla yol-yoldaşı olmaq müqəddəs bir yeri ziyarət edib gəlmək qədər rahatlıq gətirir adama. Onunla istirahət etmək, yol-yoldaşı olmaq insanın ömrünə ömür qatır.
Bu insan yazı yazmağa da istirahət kimi yana- şır. Hər dəfə Ukraynaya gəlib qayıdandan sonra “Respublika” qəzetinin buraxılışlarında Ukraynanın füsünkar təbiəti, mehriban insanları, qədim tarixi, mədəni abidələri, o cümlədən, diasporumuzun tanınmış simaları haqqında yazdığı silsilə oçerk və məqalələr bir-birini əvəzləyir. Onun yazıları saf bulaqdan axıb gələn suya bənzəyir. Oxuduqca oxumaq istəyirsən.
Qədir müəllim həm də xoşbəxt atadır. Ağac öz kökü üstə ucalar. Övladları da müdrik atanın nəcib yolunu sevə-sevə, böyük uğurla davam etdirirlər. “Respublika” qəzetində Qədir Aslan imzası, Azərbaycan Televiziyasının ekranlarından isə Möhsüm Qədiroğlunun rəngarəng reportajları və filmləri Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinə, milli diasporumuzun səmərəli fəaliyyətinə uzun əsrlər işıq saçacaq.
Bu işıq Qədir müəllimə Allahdan verilən var-dövlət payıdır. O var-dövlət ki, işığına, istisinə günəş kimi hər zaman isinmək olur.
Bu il qızıl qələminə sarılaraq bizimlə 25 il çiyin-çiyinə çalışan, minlərlə insanın ürəyində özünə isti yurd salan, hamımızın ağsaqqalı, sevimlisi və dostu olan Qədir Aslanın 80 illik yubileyidir.
Ötən dövr ərzində əziz və dəyərli qələm dostumuz öz səmərəli fəaliyyəti ilə Ukrayna Azərbaycanlıları Konqresinin “Qızıl Qələm”,” Qızıl Buta”, digər ən yüksək fərman və mükafatlarına layiq görülüb.
Əlbəttə, Qədir müəllimin səmərəli fəaliyyəti bütün mükafat və ödüllərdən yüksəkdə dayanır. Bu il isə Qədir müəllim 80 illik yubileyi münasibəti ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təsis etdiyi “Milli Məfkurə Ordeni” ilə təltif olunub.
Əminik ki, Ukrayna azərbaycanlılarının yaxın dostu və məslək yoldaşı olan Qədir müəllim məhsuldar qələmi ilə bundan sonra da ən azı 25 il bizimlə birgə çiyin-çiyinə fəaliyyətini uğurla davam etdirəcək.
Çox dəyərli qələm ustası, hörmətli Qədir Aslan! 80-dən 100-ə gedən yolunuz işıqlı olsun. Qəlbinizin nuru, cöhrənizin təmizliyi, gözlərinizin saflığı kimi.

Rövşən Tağıyev: Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri,
Ukrayna Millətlər Assambleyasının prezidenti.

P.S. Tanınmış usta yazarlardan Qədir Aslanın 80 illik yubileyi münasibətilə
“Böyük Millət” xəbər portalının kollektivi adından təbrik edirik.

Check Also

“Hərbi jurnalist Rahib Qərib vitse-admiral Şahin Sultanovun “yaşıl enerji” ilə bağlı effektiv və tam yeni təklifini təqdim edir”

Vitse admiral Şahin Sultanov Xəzər dənizində “Dalğa enerjisindən” istifadənin mümkünlüyünü elmi əsaslarla təqdim edir Qlobal …