“Mən orada siyasilərdən kimisə görmədim”
Eldəniz Quliyev: “Rüstəm İbrahimbəyovun 40 illik dostu kimi həmin məclisə dəvət almışdım”
Fefralın 17-si axşam saatlarından başlayaraq, tanınmış ssenarist Rüstəm İbrahimbəyovun Bakıda olmasına dair informasiyalar bütün sosial şəbəkələri bürüdü. Əvvəl bu informasiya böyük tərəddüdlə qarşılandı. Sonra isə R.İbrahimbəyovun Bakıdakı restoranlardan birində tanınmış şəxslərlə fotoları paylaşılmağa başladı.
Ardınca, fotoda olan şəxslər R.İbrahimbəyovun həqiqətən Bakıda olduğuna dair informasiyaları təsdiqlədilər. Həmin məclisdən paylaşılan fotolarda Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, professor Qulu Məhərrəmli, kinorejissor Tahir Tahiroviç, şair Baba Vəziroğlu və başqa tanınmış şəxslər də yer alıb.
Xatırladaq ki, Milli Şuranın fəxri sədri R.İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi. Onun barəsində hər hansı cinayət araşdırması olmasa da, İbrahimbəyov həbs təhlükəsini nəzərə alıb, Azərbaycana gəlmədiyini bildirmişdi. Bu səbəbdən də R.İbrahimbəyovun qəfil Bakıda peyda olması çoxlu mülahizələrə yol açmış olub. Bəziləri burada qəribə nəyinsə olmadığını deyib. Digərləri isə İbrahimbəyovun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə restoranda özünün 80 illik yubileyini qeyd etməsini siyasi hakimiyyətlə anlaşmanın əlaməti kimi yozublar. Ən maraqlısı isə budur ki, Rüstəmbəyovun iştirak etdiyi məclisdə onun fəxri sədri olduğu Milli Şuradan kimsə iştirak etməyib. Ən azı, paylaşılan fotolarda biz bunu görə bilmədik. Sonradan məlum olub ki, R.İbrahimbəyov Bakıya fevralın 15-də gəlib.
Vətənə səfəri 80 illik yubileyi ilə bağlı olan R.İbrahimbəyov fevralın 17-də Azərbaycan kinematoqrafları ilə görüşüb, Kinematoqraflar İttifaqının yığıncağına qatılıb.
Verilən xəbərlər sırasında onun siyasətdən birdəfəlik çəkilməsi də var. Bu səbəbdən o, Bakıda eks sədri olduğu Milli Şuranın üzvlərindən heç biri ilə görüşməyib. Yalnız Eldəniz Quliyev istisnadır. Onun da siyasi sima kimi deyil, kinematoqraf həmkar qismində İbrahimbəyovun yanında yer aldığı iddia edilir.
Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Milli Şuranın yaradıcılarından olan, qurumun Koordinasiya Şurasının üzvü Eldəniz Quliyevlə əlaqə saxladıq. Eldəniz Quliyev “Bakı-Xəbər”ə açıqlamasında R.İbrahimbəyovun Bakıya gəlişini müsbət hal kimi dəyərlədirdiyini bildirdi: “Mən bunu hakimiyyətin yeni bir açılım siyasətinin əlaməti kimi qəbul edirəm. 80 yaşlı dünya şöhrətli bir adamın ölkəyə qayıtmasında hansı problem ola bilərdi? Ona heç Milli Şuranın prezidentliyə namizədi kimi təzyiqlər də olmayıb. Rəhbərlik etdiyi Kinematoqraflar İttifaqı ilə bağlı müəyyən anlaşılmazlıqlar vardı. R.İbrahimbəyov Azərbaycanın Xalq yazıçısı, ABŞ Kino Akademiyasının üzvü və saymaqla qurtarmayacaq dərəcədə titullara malik insandır. O budəfəki gəlişində də daha çox kino sahəsində onunla çalışmış insanları ətrafına yığdı”.
“Fotolarda görünməsəniz də, sizin də həmin məclisdə iştirak etdiyinizə dair məlumatlar var, bunları nə dərəcədə doğru saymaq olar”, sualına isə E.Quliyev belə cavab verdi: “Bəli, mən həmin tədbirdə iştirak etmişəm. Amma mənim dəvətimdə siyasi çalar axtarmaq düz olmaz. Mən orada siyasilərdən kimisə görmədim. R.İbrahimbəyovun 40 illik dostu kimi həmin məclisə dəvət almışdım. Eyni zamanda, mən SSRİ və Azərbaycan Kino İttifaqının üzvü olmuşam. Həmin məclisin formatına tam uyğun adam sayıla bilərəm”.
“Rüstəm İbrahimbəyovun bundan sonra siyasi iddialarla çıxış edib-etməyəcəyi” ilə bağlı suala isə Eldəniz Quliyev belə cavab verdi: “Açığını deyim ki, R.İbrahimbəyov siyasi iddialarla artıq çıxış etmədiyini çoxdan bəyan edib. Hətta Milli Şuraya sədrlik etdiyi vaxtda o deyirdi ki, məcburən, başqa çıxış yolu olmadığı üçün belə bir prosesə qol qoyub. Sonra isə çəkilib kənara, öz yaradıcılığı ilə məşğul olub. Mənə elə gəlir ki, baş verənlərin hamısına normal baxmaq lazımdır. Qeyd edim ki, son zamanlar hakimiyyət tərəfindən normal addımların atıldığını müşahidə edirik. Bütün bunları mən bir vətəndaş olaraq müsbət dəyərləndirirəm”.
Artıq R.İbrahimbəyovun dostları sosial şəbəkələrdə onun ölkəni tərk etdiyini yazıblar.
Bütün baş verənlərdən sonra belə bir nəticə çıxara bilərik: R.İbrahimbəyov qayıtsa da, siyasətdən birdəfəlik getdi…
Məhəmmədəli QƏRİBLİ