Cümə , 17 May 2024
Drone Cameras

Mingəçevir Turizm Kollecində “Məzun Günü” keçirilib

Ölkə üzrə inkişafı prioritet vəzifələrdən hesab edilən turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı missiyasını həyata keçirən Mingəçevir Turizm Kollecində “Məzungünü” keçirilib. Karyera həyatına qədəm qoyan  növbəti məzunlar saatlar ərzində arzu və istəklərini paylaşmaq, doğma təhsil müəssisəsinə və onun pedaqoji kollektivinə sevinc və üzüntü dolu son duyğularını çatdırmaq üçün bir araya gəlib. Kollecin tarixində ən gözəl və şərəfli günlərdən biri olan bu gündə 500-ə yaxın tələbə məzun adına layiq görülüb.

Tədbir Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə başlanıb. Məzunları və onların valideynlərini salamlayan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov bu təhsil müəssisəsinin məzunu olmağın qürurverici hadisə olduğunu xatırladıb: “İllərdir ki, dünya təhsil sistemində tətbiq olunan ən mütərəqqi tədris metodlarından yararlanmaqla kollecimiz qabaqcıl təhsil müəssisələri sırasında yer alır. Avropanın nüfuzlu unversitet, kollec və elmi mərkəzləri ilə əməkdaşlığımız dərin təməllərə malikdir. Böyük Britaniya, Rusiya, Rumıniya, Almaniya, Belarus, Fransa, Türkiyə və Qazaxıstanın təhsil müəsissələri ilə indiyədək aramızda mövcud olan beynəlxalq əməkdaşlıq əlaqələri kollektivimizə böyük təcrübələr qazandırıb. Biz, rəhbərlik və pedaqoji heyət olaraq həmin təcrübələrdən sizlərin tam mənada yararlanaraq ixtisaslı mütəxəssis kimi yetişməyiniz üçün maksimum səy göstərmişik. Məhz bunun nəticəsidir ki, bu günədək kollecimizin məzunu olmuş 6 mindən çox yetirməmiz hazırda peşəkar mütəxəssis kimi turizm sənayesinin müxtəlif sahələrində çalışaraq turizmin inkişafına töfhə verir. Turizm sahəsinə, üstəlik Azərbaycan turizminə beynəlxalq maraq o qədər yüksək və dinamikdir ki, hələ uzun illər sizin kimi yüzlərlə, minlərlə mütəxəssisə orada dərin ehtiyac duyulacaq. Məhz bu ehtiyacı nəzərə alan dövlət başçısı Prezident cənab İlham Əliyev turizm sahəsi üçün kadr hazırlığı məsələsini daim diqqətdə saxlayır və dövlət qurumlarının bu işə əməli dəstək verməsini təmin edir”.

Natiq ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına və təhsil işçilərinə göstərdiyi diqqət və qayğının kadr hazırlığı prosesinə güclü təkan verdiyini, turizmin inkişafına hərtərəfli dövlət dəstəyinin həlledici rol oynadığını xüsusi vurğulayıb.

Ə.Əyyubov həmçinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yaradılmasının dövlətimizin ali maraqlarından xəbər verdiyindən, təhsil müəssisəsi olaraq Agentliyinin qayğısını daim hiss etdiklərindən bəhs edib. Qeyd olunub ki, məzunlar təhsillə yanaşı bu təhsil ocağında həm də fəal vətəndaşlıq məktəbi keçiblər.

Sonra təhsil müddətində yüksək göstəriciləri və ictimai fəallığı ilə seçilən müəllim və tələbələrin mükafatlandırılma mərasimi keçirilib. Ardınca digər təbriklər dinlənilib və maraqlı çıxışlar səslənib. Kollecin qabaqcıl mütəxəssisləri, valideynlər və məzunlar ən xoş arzularını paylaşıblar.

Məzun gecəsi xarakterinə uyğun olaraq həm də bədii proqramla əlamətdar olub. Ayrı-ayrı ixtisas qrupları üzrə məzun adını daşıyan gənclərin hazırladığı şeir kompozisiyaları, musiqi nömrələri, müxtəlif rəqslər “Məzun günü”ndə yaddaqalan və xatirələrlə dolu anlar yaşadıb.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …