Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iftar verilib

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil olunub və iftar verilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Moskva şəhəri müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə “Poklonnaya qorada”kı məsciddə hər il açılan “Ramazan çadırı”nda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü keçirilib. Bu il gecə “Ailə ilinə” həsr olunub.

Tədbirdə ictimai xadimlər və Azərbaycan diasporunun nümayəndələri də daxil olmaqla 1500-dən çox insan iştirak edib.

Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Moskva şəhərinin müftisi, Moskva cümə məscidinin baş imamı İldar Alyautdinovun adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu təqdim olunub. Moskvada müsəlman dini məktəbinin direktoru Ənəs Həzrət Məmmədov hər kəsi müqəddəs ay münasibətilə təbrik edib və tədbirə ev sahibliyi etdiyi üçün Heydər Əliyev Fonduna təşəkkür edib.

Tədbirdə Azərbaycanın tarixindən və adət-ənənələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib, “ButaTrio” triosu muğam ifa edib, müsəlman məktəbinin şagirdləri Məhəmməd peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər.

İftar başlamamışdan əvvəl Qurani-Kərimdən ayələr oxunub, namaz qılınıb. Daha sonra müsəlmanlar Azərbaycanın milli yemək və şirniyyatlarından dadıblar.

“Ramazan çadırı” 2006-cı ildən etibarən müsəlmanların müqəddəs Ramazan ayında həyata keçirilən sosial və xeyriyyə layihəsidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi hər il bu xeyriyyə layihəsində iştirak edir.

Check Also

Avropalı politoloq: Bakı ilə Belqrad arasında münasibətlər sabit yüksəliş trendinə malikdir

Son 15 ildə Serbiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər sabit yüksəliş tendensiyasına malikdir. Boyukmillet.com xəbər …