Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında, ümumilikdə, 4 dairədə keçirilmiş son seçkinin nəticələri ləğv edilib. Bununla bağlı MSK-nın iclasında müvafiq qərar qəbul olunub.
Nəticələri ləğv edilmiş dairələr bunlardır: 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi – lider namizəd Çingiz Qənizadə, 74 saylı Lənkəran kənd Seçki Dairəsi – lider namizəd Hadi Rəcəbli, 35 saylı Xətai 3-cü Seçki Dairəsi – lider namizəd Rauf Arifoğlu. 33 saylı Xətai 1-ci Seçki Dairəsi – lider namizəd Hüseynbala Mirələmov. Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq dairə seçki komissiyalarına göndərilib:
– 91 saylı Ucar Seçki Dairəsi
– 81 saylı Beyləqan Seçki Dairəsi
– 72 saylı Yardımlı-Masallı Seçki Dairəsi
– 95 saylı Tərtər Seçki Dairəsi
– 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsi
– 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi
– 15 saylı Yasamal 1-ci Seçki Dairəsi
– 28 saylı Sabunçu 3-cü Seçki Dairəsi
– 79 saylı İmişli Seçki Dairəsi
– 60 saylı Salyan-Neftçala Seçki Dairəsi.
Faktiki olaraq, nəticələri ləğv edilərək mandat almaqdan məhrum edilənlərin sırasında olanların 3-ü sabiq deputatdır. Yəni parlamentin buraxılmasına səs verənlərdir. Bu şəxslər, eyni zamanda, təbliğat-təşviqat mərhələsində seçicilər tərəfindən görüşlərdən qovulanlardır. Maraqlıdır, bu 3 şəxsin deputatlıq dönəmi necə keçib?
Hadi Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Buna baxmayaraq, H.Rəcəbli yenidən deputat olmaq iddiasını ortaya qoyub. Parlamentdə təmsil olunduğu müddət ərzində o, Sosial siyasət komissiyasına rəhbərlik edib. Deputat olduğu müddətdə verdiyi açıqlamalarla daim sadə vətəndaşların qəzəbinə tuş gəlib. “Müəllimin əməkhaqqı azdırsa, gedib işdən sonra bənnalıq eləsin” kimi açıqlama da H.Rəcəbliyə məxsusdur. Ötən illərin seçki təbliğatında H.Rəcəbli televiziyalardan birinin qonağı olarkən mikrafonun sönülü olduğunu zənn edib, ağır söyüşlər işlətmişdi və həmin material bütün efir məkanını bürüdü. Deputatlığı müddətində H.Rəcəblinin verdiyi müsahibələrin böyük əksəriyyəti ciddi ictimai qınaqla qarşılanıb. 5 çağırış deputatlığı dönəmində onun son 10 il ərzində topladığı səs faizlərinə diqqət edək. 2010-cu il parlament seçkilərində o, 74 saylı Lənkəran kənd Seçki Dairəsindən 69.28% səs toplayıb, 2015-ci ildə isə H.Rəcəbli 53.4% səslə millət vəkili seçilib. Bu il isə onun topladığı səs 53.4% olub. Bununla yanaşı, araşdırmaçı jurnalistlərin təqdim etdikləri materiallarda H.Rəcəblinin böyük sərvətə və daşınmaz əmlaklara sahib olduğu üzə çıxır. Onun Bakının mərkəzində və Lənkəranda dəyəri milyonlarla ölçülən obyektlərinin olduğu bildirilir.
Nəticəsi ləğv olunan digər millət vəkili Hüseynbala Mirələmov isə 2005-ci ildən deputat seçilir. Onun da adı müxtəlif qalmaqallarda hallanıb. 33 saylı Xətai 1-ci Seçki Dairəsindən H.Mirələmov 2010-cu ildə 65.33%, 2015-ci idə 70,8% səs, bu il isə 47.1% səs toplayıb. H.Mirələmov parlamentdə məhsuldar deputat kimi yadda qalmayıb. Adı daha çox özünə məxsus olan “Min bir gecə” restoranında qardaşı oğlunun kriminal “razborka” zəminində kimisə öldürməklə bağlı mövzuda hallanıb. Onun oğlu həmin hadisədən sonra tutduğu polis rəisi postundan uzaqlaşdırılıb. H.Mirələmovla bağlı bir neçə dəfə dünyadan köçməsi xəbəri yayılıb, sonra təkzib edilib. Bu da sübut edir ki, sağlamlıq durumu heç də lazımi səviyyədə deyil.
Elçibəy hakimiyyəti dönəmində Bakı Şərər Prokurorluğuna rəhbərlik edən Çingiz Qənizadə isə 2010-cu ildən sonra deputat seçilməyə başlayıb. Özünü demokratik düşərgənin təmsilçisi kimi qələmə versə də, millət vəkili kimi fəaliyyətində bu amillər nəzərə çarpmayıb. Builki seçkilərdə apardığı təbliğat-təşviqat dönəmində daha çox seçici etirazları ilə qarşılaşan millət vəkili olub. Ç.Qənizadənin adı Rusiyada fəaliyyət göstərən biznesmenlər arsındakı pul qalmqalaında hallanıb, hətta bunun sübutu sayılan videoyazılar da mediada işııqlandırılıb. Daha sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Ç.Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olduğu haqda məlumat yayılıb. “Assesbank” deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırmışdı və həmin prosesdə də deputatın adı hallanırdı. Bütün bunları təhlil etdikdə MSK-nın qərarında olan nəticənin təsadüfən meydana çıxmadığı məlum olur.