Cümə , 29 Mart 2024
Drone Cameras

“Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyanın təqdimatı olub

AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində rus dilində işıq üzü görən “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” (“Нахчыван в истории государственности Азербайджана”) adlı monoqrafiyasının təqdimatı olub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən bölmənin “Elm və təhsil” şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Naxçıvanşünaslıqla bağlı işıq üzü görən elmi əsərlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, Naxçıvan Bölməsində Naxçıvanşünaslıq elminin bütün sahələri, eləcə də Naxçıvan tarixinin tədqiqi istiqamətində tədqiqatlar aparılır, əldə olunan elmi nəticələr müxtəlif kitab və monoqrafiyalarda, yüksək nüfuzlu jurnallarda dərc olunur. Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın rolunun və yerinin araşdırılması aktuallıq kəsb edən məsələlərdəndir. Akademik İsmayıl Hacıyevin uzun illər ərzində apardığı tədqiqatlarının nəticələri məhz təqdimatı keçirilən kitabda əksini tapıb.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzə edib. O, İsmayıl Hacıyevin Azərbaycan dövlətçilik tarixində Naxçıvanın yeri və rolu məsələsinin tədqiqinə hələ ötən əsrin 90-cı illərindən başladığını, “Naxçıvan Muxtar Respublikası Azərbaycanın milli dövlətçilik tarixində” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, müasir dövrdə dövlətçilik tarixinə artan marağı, Azərbaycan dövlətçiliyi və bu prosesdə Naxçıvanın rolu məsələsinin aktuallığını nəzərə alaraq müəllif yenidən bu mövzuya müraciət edib və çox əhəmiyyətli bir monoqrafiya ərsəyə gətirib.
Məruzəçi bildirib ki, giriş, səkkiz fəsil, nəticə, biblioqrafiya, adlar göstəricisi və əlavələrdən ibarət olan monoqrafiya Sankt-Peterburq şəhərində “Академия Исследования Культуры” nəşriyyatında çap olunub. Müəllif əsərdə əvvəlcə Azərbaycan tarixində dövlət və dövlətçilik məsələləri, onun xronologiyası qeyd olunub, Naxçıvanın ərazisi, təbiəti və iqlim xüsusiyyətləri ilə bağlı məlumat verib. Alim bu ərazidə indiyədək qalan toponimləri tədqiqata cəlb etməklə sübuta yetirib ki, Naxçıvan Xürrəmilər hərəkatının yayıldığı ərazilərdən biri olub. Burada tarixin müxtəlif dövrlərində Naxçıvanşahlıq feodal dövlət qurumunun, Azərbaycan Atabəylər dövlətinin, Naxçıvan tüməninin, Naxçıvan sancağının, Naxçıvan xanlığının, Araz-Türk Respublikasının və hazırda Naxçıvan Muxtar Respublikasının mövcud olması bir daha sübut edir ki, nəinki Azərbaycan, o cümlədən Naxçıvan özünün zəngin dövlətçilik ənənələrinə malikdir.
Fəxrəddin Səfərli diqqətə çatdırıb ki, əsərdə Naxçıvan xanlığının işğalından sonra çarizmin həyata keçirdiyi köçürmə siyasəti, ermənilərin xanlıq ərazisində yerləşdirilməsi, ərazi bütövlüyünün pozulması məsələlərinə diqqət yetirilməsi, köçürülən ermənilərin Azərbaycana qarşı ərazi iddialarına başlaması, onların xalqımıza qarşı törətdikləri soyqırımların da tədqiqata cəlb olunması Naxçıvana qarşı olan əsassız ərazi iddialarına ən tutarlı cavabdır.
Monoqrafiyada, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvanla əlaqələri, muxtariyyət statusu, ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü, onun Naxçıvanı qorumaq üçün həyata keçirdiyi tədbirlər və digər bu kimi taleyüklü məsələlər ətraflı tədqiqata cəlb olunub. Kitabın sonunda Naxçıvan Muxtar Respublikasının 1995-ci ilin sonlarından bu günədək müasir Azərbaycan dövlətçiliyindəki rolu təhlil olunur.
Akademik İsmayıl Hacıyevin uzunmüddətli tədqiqatlarının nəticəsi kimi ərsəyə gələn monoqrafiyanı Naxçıvanın Azərbaycan dövlətçilik tarixində yeri və mövqeyi məsələsinə həsr olunmuş ilk sistemli tədqiqat əsəri kimi qiymətləndirən professor qeyd edib ki, bu əsər ermənilərin Azərbaycana, xüsusilə onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvana ərazi iddialarının heç bir əsası olmadığını, bu ərazinin ən qədim zamanlardan Azərbaycan xalqına məxsus olmasını sübuta yetirən çox sanballı bir tədqiqatdır. Naxçıvanın erkən çağlardan indiyədək tarixinə nəzər salınan əsərdən aydın şəkildə görünür ki, bu ərazilərdə heç vaxt erməni dövləti olmayıb və Naxçıvan bütün dövrlərdə Azərbaycanın tərkibində olub.
Daha sonra bölmənin əməkdaşlarından tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev və AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev məruzə ətrafında çıxış ediblər. Bildirilib ki, monoqrafiyanı oxumaqla tarixçilər, tədqiqatçılar və bu sahə ilə maraqlanan hər kəs mövzu ilə bağlı bir çox suallara cavab tapa bilərlər. Çıxışçılar monoqrafiyanın xarici dildə ölkə hüdudlarından kənarda nəşrini və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, müəllif bu missiyanın öhdəsindən layiqincə gəlib.
Sonda çıxış edən akademik İsmayıl Hacıyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

Check Also

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Bu barədə Musavat.com-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) …