Şənbə , 4 May 2024
Drone Cameras

Naxçıvan Muxtar Respublikası Daimi Nümayəndəliyində Zəfər günü qeyd olunub

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 7 noyabr 2023-cü il tarixində  8 Noyabr -Zəfər Günü  münasibətilə tədbir keçirilib.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fəxri Xiyabana gələrək, daimi nümayəndəliyin kollektivi adından müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyub, əməkdar elm xadimi, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın da məzarı önünə güllər qoyub, əziz xatirəsini ehtiramla yad edib, böyük alimə hörmət və ehtiramlarını ifadə edib.

Əvvəlcə daimi nümayəndəliyin kollektivi ümummilli lider Heydər Əliyevin, Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri giriş nitqi ilə açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov  qeyd etdi ki; “Bu gün bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bu əlamətdar günü- Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılmış “Zəfər Günü”nü böyük təntənə ilə qeyd edir. Noyabr ayı Azərbaycan xalqının tarixində artıq Zəfər ayı,möhtəşəm bayramlar ayı kimi qalacaqdır. 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızı düşməndən azad etmək üçün 2020-ci ilin  27 sentyabr tarixində başlanan ikinci Qarabağ Müharibəsi 8 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin isə darmadağın olunması ilə sona çatdı. 44 günlük vətən müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut, Suqovuşan və digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın düşməndən azad edilməsi xəbərini böyük sevinc hissi ilə, qururla xalqımiza çatdırdı, beləliklə, illərlə qaçqın, məcburi köçkün həyatı yaşayan soydaşlarımızın 30 illik vətən, yurd həsrətinə son qoyuldu. Bu yolda minlərlə qəhrəman, fədakar, ölümdən belə qorxmayan oğullarımız vətən uğrunda, torpaq uğrunda canlarını fəda etdi, şəhid oldu, qazi oldu və s. Düşmən üzərində böyük, əzici qələbəmiz qürurvericidir. Mədəniyyətimizin və ruhumuzun paytaxtı olan Şuşamız 28 ildən sonra öz doğmalarına qovuşdu, həsrətə son qoyuldu, vətənimizin qəhrəman və igid oğulları gecə-gündüz bizi məşğul edən Şuşa xəyallalarımızı gerçəkləşdirdi. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev xalqımızın illərdir həsrətlə gözlədiyi bu şad xəbəri Azərbaycan vətəndaşlarına noyabrın 8-də sübh tezdən Şəhidlər xiyabanından çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq… Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. Müzəffər sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına, milli Ordumuzun yenilməz şücaəti sayəsində 44  günlük Vətən müharibəsi xalqımızın Zəfərilə başa çatdı. Bəli, bu Zəfər Gününü bizə ləyaqətli, müzəffər sərkərdənin şərəfli, güclü Ordusu bəxş etdi.”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il  3 dekabr tarixli müvafiq Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Prezident İlham Əliyevin həmin tarixli, digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində “Vətən Müharibəsi Memorial Kompleksi” və “Zəfər Muzeyi”nin yaradılması da qərara alınmışdır.”-deyə Bəxtiyar Əsgərov çıxışını davam etdirdi:

“Xalqımızın ümummilli lideri Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Bu baxımdan Prezident İlham Əliyevin dövlətçiliyə və xalqa xidmət amalını bir ailə ənənəsi kimi qiymətləndirsək, yanılmarıq. Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə ölkə Prezidentinin ömür-gün yoldaşı və ən yaxın silahdaşı isə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. 2017-ci il fevralın 21-də xanım Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Mehriban Əliyevanın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsu – liyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”. Bu gün tam əminliklə söyləmək olar ki,  yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Azərbaycan Prezidentinin də, ona inanan, ümid bəsləyən xalqımızın da etimadını layiqincə doğruldur. O gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, Prezidentimizlə birlkdə, azadlığına qovuşmuş doğma Qarabağımızın yenidən qurulmasında müstəsna xidmətləri sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib. Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikin ti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur. Bu məqamda Mehriban xanımın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs arzu 44 gün ərzində reallaşdı. Doğma Qaraba – ğımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu.”

 “200 il əvvəl tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürülərək məskunlaşması prosesi təkcə xalqımızın başına gətirilən soyqırımlar və faciələrlə deyil, tarixin kobud surətdə təhrif olunması, insani dəyərlərin tapdalanması, mövcud olan və yazılmamış qanunların pozulması baxımından daha acınacaqlı idi. Keçən əsrin sonlarında ikinci dəfə müstəqillik qazanan ölkəmizin daxilində baş verən hakimiyyət böhranından məharətlə istifadə edərək öz məkrli planlarını həyata keçirən dünya erməniliyi xalqımıza qarşı növbəti terror və etnik təmizləmə siyasətinə əl atmışdır. XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan lal və kor dünyanın gözü qarşısında torpaqlarımızın 20 faizini işğal etmişdir. Ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində   1988-1993-cü illər ərzində bir milyondan artıq soydaşımız daimi yaşadıqları ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından qovularaq qaçqın və köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Xalqımıza qarşı keçən əsrin sonlarında törədilən amansız soyqırımlar ermənilərin azərbaycanlılara qarşı yürütdüyü siyasətin davamı idi. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən diplomatik danışıqlar prosesi Ermənistanın və onun havadarlarının destruktiv, məkrli  mövqeyinə görə nəticə verməmişdir.”-deyən Daimi Nümayəndəliyin rəhbəri əlavə etdi ki: “2019-cu ildən etibarən Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı üzdəniraq addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin o zamankı mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışları, mülki şəxslərdən ibarət “könüllü dəstələr” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi və böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qəsdən ayaqlar altına atılmış məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına, el-obalarına qaytarılması və haqqın-ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı ləyaqətli liderinin- əsl sərkərdə İlham Əliyevin ətrafında bir nəfər kimi səfərbər oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri mənfur düşmənə qarşı əks-hücum əməliyyatlarına başlamışdır. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşdur. Belə ki, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Buna baxmayaraq, rəşadətli Azərbaycan əsgəri və zabiti addım-addım irəliləyərək, nəinki Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini bir neçə saat ərzində yarıb keçdi, qəhrəman şəhidlərimizin qanı və canı bahasına Qarabağ torpağı düşməndən azad edildi. Müstəqil dövlətçiliyimizin şərəfli, qızıl səhifələrini əhatə edən bu böyük Zəfərlə Azərbaycan Respublikası nəinki faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu, həm də bir güllə belə atmadan, bir şəhid belə vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad etdi, dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqlədi.Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndər Heydər Əliyevin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Əlbəttə, 28 il işğal altında qalan mədəniyyət beşiyimiz  olan Şuşanın azad edilməsi böyük siyasi, strateji və mənəvi məzmun  daşıyırdı. Şuşanın azad edilməsindən bir gün sonra, noyabrın 9-da – Dövlət Bayrağı Günündə,   Azərbaycan  Prezidenti cənab İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə Azərbaycan xalqını  məlumatlandırdı. 10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. İmzalanan bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın siyasi maraqlarını təmin edən bir  sənəddir. Bu bəyanat 30 ilə yaxın  davam edən işğala birdəfəlik son qoyur.

“Vətən müharibəsi sona çatdıqdan təxminən bir ay sonra – 10 dekabr 2020-ci il tarixində Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və qəhrəmanlıq kompleksidir.”-deyən Bəxtiyar Əsgərov sözlərinə belə davam etdi: “Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun Vətən müharibəsində dünya hərb tarixinə bir yenilik gətirdiyini xüsusilə diqqətə çatdıraraq deyib: “Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi””.

Xalqımızın qətiyyətli dövlət başçısı ətrafında birləşərək ordumuza dəstək, birlik nümayiş etdirməsindən qürurla, fəxarətlə danışan daimi nümayəndəliyin rəhbəri bildirib ki, “Prezident cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 20 ildə iqtisadi, sosial, hərbi və digər sahələrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltmişdir. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun möhtəşəm qələbəsi xalqımızın dövlətimizin başçısı və milli Ordumuzla həmrəyliyinin bariz nəticəsi idi. İkinci Qarabağ savaşının aparıldığı 44 gün ərzində dünyanın müxtəlif informasiya kanallarına, agentliklərinə verdiyi müsahibələrdə cənab Prezident Azərbaycanın tarixi reallığını, əzəli torpaqlarımız uğrunda ədalətli mübarizəsinin mahiyyətini böyük məharətlə dünya ictimaiyyətinə çatdıraraq müasir dövrün əsas informasiya müharibəsində də böyük uğura imza atdı. Dövlətimizin başçısının səmimi və qətiyyətli müraciətləri xalqımızın birlik, vətənpərvərlik və səfərbərlik hislərini daha da artırdı. Odur ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün tam bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Ordumuz Ermənistanı döyüş meydanında məhv edərək onun illərdir düşünülmüş, riyakarlıqla həyata keçirilmiş işğalına son qoydu. Ona görə bu müharibə müasir, eləcə də, bütövlükdə tariximizin Zəfər salnaməsinə çevrildi.  Bu Qələbə  Azərbaycanı dünyada qaliblər sırasına çıxardı, xalqımızı daha da ucaltdı və daha güclü etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:  “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.”

Bəxtiyar Əsgərov vurğuladı ki: “Məğlub damğalı Ermənistan sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirərək Azərbaycandan vaxt istədi. Amma yenə də erməni məkri, hiyləsi özünü büruzə verdi. Ağır məğlubiyyət və təslimçilikdən sonra havadarlarına arxalanan Ermənistan Azərbaycanın çağırışlarına baxmayaraq, yenə də həm sülh müqaviləsi imzalamaqdan boyun qaçırır, həm də Qarabağda qalmış separatçıları silahlandırmağa davam edirdi. Azərbaycan Prezidentinin dəfələrlə Ermənistana və Qarabağdakı separatçılara xəbərdarlıq etməsinə baxmayaraq, onlar tez-tez hərbi təxribatlar törətməkdə davam edirdilər. Nəhayət, bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək cəmi 23 saat ərzində separatçıları məhv etdi. Bunun ardınca Qarabağda illərdir özünü “dövlət” adlandıran qondarma qurum tamamilə ləğv edildi. Beləliklə, 2023-cü ilin – Heydər Əliyev ilinin 15 oktyabrında şanlı tariximizin yeni, parlaq səhifəsinə şahidlik etdik. 20 il əvvəl xalqımızın böyük səsçoxluğu ilə, inamla İlham Əliyevi özünə Prezident seçdiyi gün – 15 oktyabr 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan cənab Prezidentimiz ona olan böyük etimadın rəmzi olaraq, üçrəngli, ay-ulduzlu bayrağımızı yalnız xəyallarımızda gəzdirdiyimiz Xankəndində, Xocalıda, Xocavəndə, Ağdərədə, Əsgəranda gerçəkdən ucaltdı,dalğalandırdı. Bununla da Azərbaycanın öz ərazisi üzərində suverenliyi tam təmin edildi. Xankəndində bayrağımızı ucaldan Prezidentimiz cənab İlham Əliyev xalqımıza tarixi müraciətində qeyd etdi ki: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Prezidentimizin Xankəndinin mərkəzi meydanında, Azərbaycanın dövlət gerbi, dövlət bayrağı altında xalqımıza müraciət etdiyi o an bütün dünya azərbaycanlılarının son əsrlərdəki ən böyük qürurverici anlarındandır: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu qələbəyə layiqik. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Bu əlamətdar bir tarixi hadisədir. Ali Baş Komandanın bəyan etdiyi kimi, bu qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.  Xalqımızın başına olmazın müsibətlər açılan bu yüz ilə də sonda imzasını məhz  müzəffər lider İlham Əliyev qoydu. Qarabağdakı quldur yuvası dağıdıldı, erməni separatizmi məhv edildi. Azərbaycanlılara qarşı soyqırımları həyata keçirən, qətliamlar törədən separatçı canilər isə əlləri qandallı, başları aşağı halda Bakıya ədalət mühakiməsinə gətirildilər. İndi onlar Azərbaycan qanunları qarşısında törətdikləri cinayət əməllərinin haqq-hesabını verirlər.” 

“Bu gün ordumuzun ən müasir silah və texnika ilə təchizatı, qardaş Türkiyə Silahlı Qüvvələri ilə müntəzəm olaraq keçirilən təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması ölkəmizin məqsədyönlü şəkildə apardığı siyasətin tərkib hissəsidir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.” -deyən Bəxtiyar Əsgərov həmçinin qeyd etdi ki,“Bu günlər  biz Zəfər bayramı ilə bərabər həm də “Bayraq Günü”nü təntənə ilə qeyd edirik. Bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb.  Bayraq bir millətin şərəfi, namusu, varlığının, bir millət kimi mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycançılığın əsas atributu olan milli bayrağımız haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının müqəddəs istiqlal rəmzi – üçrəngli milli, dövlət bayrağı  ikinci dəfə 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda məhz XX əsrin böyük siyasət və dövlət xadimi ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yenidən qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadəti və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası o zamankı Ali Sovetində “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Azərbaycan Respublikası qanunu qəbul olundu. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Prezidenti cənab  İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” müvafiq Sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasmində cənab Prezident demişdir: “Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq”. 2010-cu  ildən başlayaraq noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. İndi cəmiyyətimizdə Azərbaycan Respublikasının üçrəngli bayrağına ümummilli sevgi və ehtiram hissi yüksək səviyyədə formalaşmış, bayrağımız milli özündərk və həmrəylik simvolu kimi hər bir azərbaycanlının ürəyinə yol tapmışdır. Azərbaycan gəncliyi, ordusu, sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bayrağımıza sadəcə dövlət atributu kimi deyil, sanki öz ürəyi kimi baxır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi -“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.Bu gün də tariximizin ən şanlı səhifələri Dövlət Bayrağımızla bəzənir. Təkcə beynəlxalq arenada deyil, müzəffər Ordumuzun sayəsində uzun illər sonra həm də Azərbaycanımızın hər qarışında bu gün üçrəngli bayrağımız dalğalanır.

Bu gün müasir müstəqil Azərbaycanın bünövrəsini qoyan və onu inkişaf etdirən ulu öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əyirik! 
20 illik qısa zaman diliminə əsrlərin fövqündə olan zəfərlər sığdıraraq Azərbaycan xalqını başıuca, qürurlu, bəxtəvər edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə tükənməz minnətdarlıq duyuruq!”

Tədbir digər çıxışlarla davam etdirilmişdir.

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …