Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvan nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videobağlantı formatında tədbir keçirilib

07 may 2020-ci il tarixində daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib,nümayəndəliyin kollektivi adından ulu öndərin məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib. Görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə gül-çiçək dəstələri qoyulub,əziz xatirəsi anılıb.

 Boyukmillet.com xəbər verir ki,daha sonra Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin kollektivinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, videobağlantı formatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin keçdiyi böyük,şərəfli,zəngin və mənalı ömür yolundan, müqayisəsiz ictimai və siyasi fəaliyyətindən bəhs edərək qeyd etdi ki:“ Ulu öndər Heydər Əliyevin ömür yolu yalnız və yalnız doğma vətənimizin inkişafına və əziz xalqımızın rifahına,onun yüksəlməsinə həsr olunmuşdur. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müasir müstəqil Azərbaycanın qurucusuna çevrilən ulu öndərin əvəzsiz irsi Azərbaycan xalqının milli sərvətidir. “Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var”, -deyən dahi rəhbərin həyatının mənası da məhz doğma,müstəqil Azərbaycan idi. Öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai-fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazmış Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Lakin 1941-ci ildə başlayan müharibə ona təhsilini başa vurmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə bu Komitənin sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə böyük liderimiz Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamızın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və keçmiş SSRİ-nin aparıcı rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini vəzifəsində çalışıb. Heydər Əliyev 1987-ci ilin oktyabrında böyük cəsarət nümayiş etdirərək,o zaman düşünülməsi belə çətin olan bir addım ataraq,Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.” 
Bəxtiyar Əsgərov qeyd etdi ki;“Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə kəskin şəkildə etirazını bildirmiş və bununla əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib,açıq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət aktının təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 
1990-cı ilin iyulunda vətəni Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə doğulduğu doğma Naxçıvanda yaşamış, elə həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında yekdilliklə partiyanın sədri seçilib.” 
Daimi nümayəndəliyin rəhbəri bildirdi ki;“1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmışdı. Azərbaycanın o zamankı rəhbərləri,adı ilə desək,AXC-Müsavat cütlüyündə təmsil olunan səbatsız “liderlər” səriştəsizliklərini,idarəçilik bacarıqsızlıqlarını etiraf edərək,məhz böyük Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Azərbaycan xalqının təkidli tələbi ilə xalqımızın böyük oğlu Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina etmiş,namizədliyini ləyaqətli davamçısı,dünyada tanınmış siyasi lider,Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevin xeyirinə geri götürmüş,xalqa ünvanladığı müraciətində İlham Əliyevin gələcəyinə böyük ümidlər bəslədiyini və ona özü qədər inandığını bildirmişdir.” 
Qeyd olunmuşdur ki,Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin aparıcı universitetlərinin Fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə Lenin ordeni, Qırmızı Əmək və Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin yüksək orden və medalları ilə təltif olunub.
Bəxtiyar Əsgərov bildirib ki;“ xilaskarlıq missiyası ümummilli liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etmişdir. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik ulu öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə yaxşı tanımayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bilmişdir. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq dahiyanə uzaqgörənliklə ölkəmizin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail olmuşdur. O dövrdən başlanan sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə almış, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olunmuş, emal və hasilat şəbəkəsi genişlənmişdi. Azərbaycanın böyük şəhərlərində zavodlar, fabriklər, kombinatlar tikilmiş, müxtəlif təyinatlı müəssisələr yaradılmış, əhalinin işlə təminatı yaxşılaşdırılmışdı.Ulu öndərimiz Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmamış, bununla yanaşı elm, təhsil, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər qazanılmış, milli oyanışın əsası qoyulmuşdur. Bir sözlə, uzaqgörən,böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaratmışdır.”
“Ulu öndərimiz Azərbaycan xalqının tarixində ən yüksək zirvəni fəth edən, öz misilsiz xidmətləri ilə xalqına müstəqillik bəxş edən, onu inkişafa, firavanlığa və qüdrətə çatdıran dahi liderdir. Azərbaycan xalqının milli müstəqilliyi və dövlətçiliyi yenidən xalqın böyük oğlu Heydər Əliyevin qırılmaz siyasi iradəsi ilə bərpa edilib. Bu gün inkişaf və tərəqqinin zirvəsində dayanan, hərbi qüdrətə, dayanıqlı iqtisadi gücə və hərtərəfli inkişafa malik olan Azərbaycanın bu inkişafa çatmasında yeganə amil Heydər Əliyev şəxsiyyəti və dahi liderin vətəninə, xalqına sonsuz məhəbbəti olmuşdur. ”- deyə sözlərinə əlavə edən daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki; “ Ümummilli liderimiz Azərbaycanın müasir simasını müəyyənləşdirmişdir. Onun ölkəmizə hər iki vaxtda rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrildi, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atıldı. Görkəmli dövlət xadiminin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, ¬üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Həmin dövrdə ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi qədim diyarı işğaldan, əhalini isə qaçqın,köçkün taleyi yaşamaqdan xilas etdi. Naxçıvan Muxtar Respublikası işğal təhlükəsindən xilas olaraq dövlət müstəqilliyimiz və milli qurtuluşumuz uğrunda gedən mübarizənin mərkəzinə yaxud bayraqdarına çevrildi.Böyük öndərin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın Milli Qurtuluşu və inkişafı tarixində yeni mərhələnin əsasını qoydu. “Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı xalqın azadlığına həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr et¬¬mişəm.” – deyən ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkəmiz parçalanmaqdan, vətəndaş müharibəsindən qurtuldu,Azərbaycanda milli-ideoloji birliyin təməli qoyuldu, güclü ordu yaradıldı, möhkəm və davamlı quruculuq yolu müəyyənləşdirildi, torpaqlarımızın işğalının qarşısı alındı. Ölkəmizdə qanunların aliliyinə söykənən vətəndaş cəmiyyəti quruldu. Dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.Bu gün Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizdə ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı yerləşdiyi bölgədə və dünyada etibarlı tərəfdaşa və bir çox sahələrdə lider ölkəyə çevirib. Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, nüfuzlu tədbirlərə ev sahibliyi edir, inkişafın bütün istiqamətləri üzrə öz milli modellərini ortaya qoyur. Bütün bunlara isə yalnız və yalnız ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam və inkişaf etdirilməsi nəticəsində nail olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir.””
Bəxtiyar Əsgərov dedi ki;“ Bu gün ulu öndər Heydər Əliyevin qurucu-luq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına dərin sədaqət,məhz böyük liderin seçimi olan görkəmli dövlət xadimi,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun bu diyara uğurlu rəhbərliyi bu gün Naxçıvan Muxtar Respublikasını hərtərəfli yüksəlişə,dayanıqlı və davamlı inkişafa qovuşdurub. Ötən illər ərzində muxtar respublikada elm, təhsil, mədəniyyət, kənd təsərrüfatı, ordu quruculuğu və digər sahələrdə əsaslı irəliləyişə nail olunub.Muxtar Respublikada enerji və ərzaq təhlükəsizliyi,eyni zamanda,vətəndaş rifahı və məmnunluğu tamamilə təmin edilib. Naxçıvan şəhərində, rayon mərkəzlərində, eləcə də ucqar dağ və sərhəd kəndlərində müasir infrastrukturun yaradılması, yeni yolların və körpülərin salınması,tarixi və dini abidələrin bərpası və s.yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, insanlara rahatlıq və firavan həyat bəxş edib. Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bu gününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan milli dövlətçilik yoludur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qeyd etdiyi kimi: “Bu gün reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, XXI əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ictimai xadimlər ulu öndərimizi iyirminci əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullara layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır.”
Daimi nümayəndəliyin rəhbəri bildirib ki; “Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin çox önəmli bir istiqamətini də doğma dədə-baba torpağımız olan Dağlıq Qarabağda Ermənistan işğalına son qoyulması,bu torpaqlarda Azərbaycan Respublikasının suverenliyinin təmin edilməsi üçün fəaliyyət proqramı,onun icrası təşkil etmişdir. Öz xalqının həqiqət carçısı olan böyük lider Heydər Əliyev dünyanın müxtəlif məkrli dairələrinin himayə etdiyi qondarma qurama “erməni məsələsi”nin mahiyyətini, erməni millətçilərinin xalqımıza qarşı yüz illərdir ki,davamlı xəyanət və cinayətlərinin tarixini dərindən bildiyinə görə respublikaya rəhbərliyinin birinci dövründən başlayaraq gizli formalarda təzahür edən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, Dağlıq Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə almış,onu reallaşmağa qoymamışdır. Dərin zəkası, müstəsna siyasi liderlik bacarığı ilə özü qədər sevdiyi Azərbaycanı yumruq kimi birləşdirən ulu öndər həmişə məqam gözləyən dünya erməniliyinin,onun terrorizminin və separatizminin baş qaldırmasına imkan verməmiş,bunun üçün bütün rəhbərliyi dövründə ölkəmizdə zəruri mənəvi-siyasi, sosial-iqtisadi və inzibati tədbirləri məharətlə gerçəkləşdirmişdi.
Zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatik və xarizmatik lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu. Bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail olan Prezident Heydər Əliyev Qarabağ müharibəsinin gedişində də dönüş yaratdı və düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. Ümumiyyətlə, açılmaz bir düyünü xatırladan Dağlıq Qarabağ münaqişəsinin həlli müstəqil Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını,prioritetini təşkil etdi.
Ölkəmizin ətrafında baş verənləri, başımızın üstünü alan qara buludları aydın görən, prosesləri uzaqgörənliklə qiymətləndirən Heydər Əliyev respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılmasının düzgün yolunu müəyyənləşdirdi. Bundan sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrildi.Azərbaycan Prezidenti Heydər Əliyev beynəlxalq və regional təşkilatların tribuna və salonlarından işğalçılığı məntiqi şəkildə əsaslandıran konstruktiv çıxışlar üçün maksimum istifadə etdi. O, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti haqqında dünya dövlətlərini lazımınca məlumatlandırdı, ayrı-ayrı dövlətlərin, regional təşkilatların Ermənistanın mövqeyini pisləyən qərarlarının, bəyanatlarının qəbul edilməsinə nail oldu.
Ümummilli lider Heydər Əliyevin diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi konsepsiya hazırlayaraq konkret vəzifələri həyata keçirmək üçün ardıcıl siyasi kurs planlaşdırdı. Azərbaycanın böyük lideri Dağlıq Qarabağda ermənilərin yaşadığı dövlətə qarşı yönəlmiş çıxışlarının beynəlxalq separatizmin tərkib hissəsi kimi qorxulu, ağır nəticələr törədən və digər dövlətlərin də ərazisində oxşar problemlərin alovlanmasına təkan verən təhlükəli bir hərəkət olduğunu sübut etdi, dünya ictimaiyyətinin diqqətini belə təhlükələrin qarşısını vaxtında almağın vacibliyinə yönəltdi. 1996-cı il dekabr ayının 2–3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzularından birinə çevrildi. Prezident Heydər Əliyevin qəti və inadlı mövqeyi nəticəsində ATƏT-in icraçı sədrinin bəyanatında münaqişənin üç prinsip əsasında tənzimlənməsi öz əksini tapdı: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusunun verilməsi; Dağlıq Qarabağ əhalisinin təminatlı təhlükəsizliyi. Bu prinsiplər Ermənistandan başqa, ATƏT-in 53 dövləti tərəfindən dəstəkləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salarkən qeyd etmişdir: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi”. Ulu öndərin özü isə belə demişdi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”.”
“Əlbəttə, Azərbaycan xalqına Heydər Əliyev kimi təcrübəli bir siyasətçi başçılıq etmiş olsaydı, Dağlıq Qarabağ faciəsinin qarşısını almaq mümkün olardı. Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır. Ümummilli lider istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırmış və buna da yetərincə nail olmuşdur.”-deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə etmişdir.
Dahi rəhbərin ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən ideyalardır. Bugünkü müstəqil Azərbaycan dövləti öz varlığına, inkişaf və tərəqqisinə görə ulu öndər Heydər Əliyevə,onun müqəddəs yoluna borcludur. Heydər Əliyevin bütün həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunmuşdur. Bu gün Heydər Əliyev siyasi xəttinin ən dadlı,ləzzətli barı-bəhrəsi varlığı ilə fəxr etdiyimiz,qürur duyduğumuz,dünyanın inkişaf etmiş ölkələri içərisində öz layiqli yerini tutmuş sanballı bir əsər-qüdrətli müstəqil Azərbaycandır! Nə qədər ki,uzun tarixi keçmişə malik qədirbilən xalqımız-Azərbaycan xalqı var, dahi Heydər Əliyev də daim bizimlə birlikdə,sevilərək yaşayacaq,onun ideyaları isə doğma xalqımızı daha böyük inkişafa,yüksəlişə,qələbələrə qovuşduracaqdır! Necə ki,böyük Heydər Əliyev özü belə ifadə edirdi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam! ”( NAXCİVANXEBERLERİ.COM )

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …