AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Naxçıvan teatrında rejissor sənəti” adlı monoqrafiyasının təqdimatı keçirilib.
Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq nəşrin elmi dəyərindən danışıb. Bildirib ki, beş illik iş planının nəticəsi olan monoqrafiya teatrşünaslıq sənətinin aktual məsələlərini özündə əks etdirən mükəmməl tədqiqat əsəridir.
Alim qeyd edib ki, Naxçıvan teatrında fəaliyyət göstərən rejissorların yaradıcılıq yolları arxiv sənədləri, dövrü mətbuat materialları əsasında müxtəlif mərhələlər üzrə araşdırılan kitabda bu sənət ocağının tarixinin əsaslı şəkildə araşdırılması ilə bərabər, bir sıra əsas tezislər də elmi-nəzəri baxımdan sistemli şəkildə tədqiqata cəlb olunub. Teatrın zəngin inkişaf yolu, burada oynanılan tamaşaların milli və siyasi əhəmiyyəti, rejissorluq sənəti geniş işıqlandırılıb.
Daha sonra institutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun “Üçəsrlik teatrda rejissor fəaliyyətinə yeni bir işıq” mövzusunda məruzəsi dinlənilib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev və Elmi kitabxananın direktoru Sahab Əliyeva çıxış ediblər. Qeyd olunub ki, bu qədim sənət ocağının yaranma tarixinin arxiv sənədləri əsasında tədqiqi, rejissorluq sənətinin geniş araşdırması, bu istiqamətdəki yaradıcılıqların müqayisəli təhlili, əldə olunan yeni elmi faktlar və nəticələrin sistemləşdirilməsi müəllifin ağır zəhmətinin bəhrəsidir. Qədim Naxçıvanın ölkənin musiqi və teatr mədəniyyətindəki yeri haqqında qiymətli fikirlərin yer aldığı tədqiqat əsəri tədqiqatçılar, müəllim və tələbələr üçün əvəzsiz mənbədir. Sonda müəllif çıxış edərək tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirib.
Naxçıvan Bölməsinin Mətbuat xidməti
Boyukmillet.com