Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvanda Türkiyə hərbi bazasının yaradılması, yəqin ki, həllini tapıb – Politoloqdan ilginc şərh

Xarici İşlər naziri Ceyhun Bayramovun ilk xarici səfərini Türkiyəyə etməsi qardaş ölkəyə olan etimaddan irəli gəlir və Türkiyənin Azərbaycan üçün kəsb etdiyi əhəmiyyəti açıq-aşkar ortaya qoyur. Amma xarici işlər nazirimiz Türkiyəyə səfərə müdafiə naziri ilə birlikdə gedib. Bunun da çox ciddi səbəbləri var.

Boyukmillet.com xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu səbəblərdən birincisi ondan ibarətdir ki, Türkiyə tərəfinin təklifi ilə Azərbaycanla Türkiyə arasındakı hərbi-siyasi münasibətlər əvvəlkindən daha yüksək səviyyəyə qaldırılır:

“Tutaq ki, əvvəllər Azərbaycan-Türkiyə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirmək olardısa, yeni imzalanacaq və üzərində iş gedən sənədlərdə artıq Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji müttəfiqlik səviyyəsinə qaldırılır. Qeyd edim ki, indi də iki ölkənin münasibətləri strateji müttəfiqlik səviyyəsinə yaxındır. Amma bu, sənədlərdə təsbit olunmayıb. Yəni, indiyədək Türkiyə ilə strateji müttəfiqliyimiz sənədlərdə öz əksini tapmamışdısa, indi münasibətlərimiz həm strateji mütəfiqlik səviyyəsinə, həm də strateji hərbi-siyasi müttəfiqlik səviyyəsinə qaldırılır. Yəni, həm siyasi sahədə strateji müttəfiqik, həm də hərbi sahədə hərbi ittifaq bağlayır və hərbi müttəfiq oluruq. Hələlik bu sənədlər üzərində iş gedir. Yəni, ekspertlər səviyyəsində onun müxtəlif nüansları işlənib hazırlanır. Güman edirəm ki, artıq bu sənədlər müəyyən səviyyəyə çatdığına görə, səfər zamanı onların bir növ paraflanması üçün həmin sənədlərlə tanışlıq keçirilib və xarici işlər və müdafiə nazirlərimiz Türkiyə Prezidenti ilə bu sənədlər ətrafında fikir mübadiləsi aparıb. Bu sənədlərin işlənib hazırlanıb paraflanması artıq Türkiyəyə Azərbaycan ərazisində hərbi baza və ya bazalar yaratmağa, Azərbaycana qarşı hər hansı təcavüz hərəkətləri olduğu tərzdə dərhal bütün imkanlarla – hərbi, siyasi imkanlarla ona köməklik göstərməyə imkan verəcək. Həmçinin, bu hərbi strateji müttəfiqlik Azərbaycanın indiki problemlərinin həll edilməsinin yollarını da özündə ehtiva edəcəkdir. Güman edirəm ki, paraflanmadan sonra iki ölkənin prezidentləri səviyyəsində görüş keçiriləcək, hərbi-siyasi müttəfiqlik haqqında həmin sənəd ölkə prezidentləri tərəfindən imzalanacaq. Bundan sonra ratifikasiya olunmaq üçün hər iki ölkənin parlamentlərinə təqdim olunacaq. Zənnimcə, bu prosedur o qədər də uzun çəkməyəcək. Bu proseslərin hamısının sentyabradək, yaxud sentyabrın ortalarınadək həll edilməsi gözlənilir. Biz tezliklə Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında bütün parametrləri ilə hərbi ittifaqın yaradılmasına cavab verən mükəmməl bir sənədin hazırlanmasının və təsdiq olunmasının şahidi olacağıq”.

Politoloq bildirib ki, o, çox mühüm sənədlərin hazırlandığını zənn edir:

“Çox mühüm addımların atılacağı bizi gözləyir. Bu addımların atılacağı təqdirdə Azərbaycan çox böyük bir gücə söykənmiş olacaq. Əgər indiyədək Azərbaycanla Türkiyə arasındakı münasibətlər bəzi hüquqi müqavilələrin olmaması ucbatından dərin müttəfiqlik əlaqələrinə doğru gedə bilmirdisə, indiki sənədlərin səviyyəsi tərəflər arasındakı müttəfiqlik səviyyəsini ən son səviyyəyə qaldıracaq. Bunun nəticəsində Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər çox yaxın olacaq. Təkcə hərbi sahələri deyil, həm də siyasi əməkdaşlıq sahələrini əhatə edəcək. Daxili və xarici siyasətin bütün mərhələlərində tərəflər bir-biri ilə məsləhətləşəcək və uyğun orta xəttin tapılmasında hər iki tərəfin mövqeyi nəzərə alınacaqdır”.

Qabil Hüseynli güman etdiyini bildirib ki, nazirlərin səfəri nəticəsində, həmçinin, Naxçıvanda Türkiyə hərbi bazasının yaradılması, prespektivdə Abşeron yarımadasında daha bir hərbi bazanın yaradılması məsələsi bir daha ətraflı surətdə müzakirə edilib:

“Çünki Xarici İşlər nazirimiz Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu, Müdafiə nazirimiz Zakir Həsənov isə yenə də türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Daha sonra nazirlər Türkiyə Prezidentinin qəbulunda olublar. Yaradılacaq hərbi-siyasi ittifaqın bütün nüansları müzakirə edilib. Hərbi bazanının birinci Naxçıvanda yaradılması məsələsi yəqin ki, həll edilib. 1923-cü ildə Türkiyə Cümhuriyyəti ilə sovet Rusiyası arasında Qarsda bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq Türkiyə Naxçıvan Muxtar Respublikasının zamini kimi çıxış edir. Artıq zamin dövlət kimi Türkiyə Naxçıvanın təhlükəsizlik və digər məsələlərinin həll edilməsində yaxından iştirak edəcəkdir. Bu məsələnin ilk addımı kimi Naxçıvan ərazisində hərbi bazanın yaradılması məsələsi budəfəki səfər prosesində bütün parametrləri üzrə müzakirə edilib. Yəqin ki, ortaq nəticəyə gəlinib”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …