Emin Əmrullayev: Bir müəllimə düşən şagird sayı da artacaq
Azərbaycanda son iki ildə 1300 müəllim sertifikatlaşma imtahanlarından keçə bilmədiyi üçün işdən çıxarılıb.
Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
Nazirin sözlərinə görə sertifikatlaşma ağrılı, eyni zamanda effektli prosesdir:
“Növbəti üç il ərzində bu islahatlar davam etdiriləcək. İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılacaq. Əgər islahatlarımız uğurla davam etsə, 2026-cı ilə qədər müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq. Bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Bir müəllimə düşən şagird sayı da artacaq. Həm də təhsil sahəsində gənc müəllimlərin sayı iyirmi faiz artacaq. İmtahan nəticələrinə əsasən, gənc müəllimlərin əksəriyyəti testdən uğurla keçib. İslahatlar ən zəif müəllimlərin daha gənc və istedadlı müəllimlərlə əvəz olunmasına gətirib çıxaracaq”, – elm və təhsil naziri deyib.
Nazir çıxışı zamanı qeyd edib ki, Azərbaycanın PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ilk beşliyə düşməsi mümkün deyil:
“Realist olmaq lazımdır – PISA 2029 reytinqində Azərbaycanın ilk beşliyə düşməsi texniki cəhətdən mümkün deyil, biz bunu ictimaiyyətə də anlatmağa çalışırıq. Hazırkı vəziyyət ondan qaynaqlanır ki, 20 il əvvəl təhsil sahəsində yol verilən problemlər uzun müddət cəmiyyət tərəfindən səssiz qarşılandı. O vaxt keyfiyyətsiz müəllimlərin işə qəbuluna, diplomların qeyri-qanuni yolla əldə edilməsinə göz yumuldu. Bu gün isə həmin səhvlərin nəticəsini görürük”.
“Təhsildə irəliləyiş əldə etmək üçün valideynlər və məktəb icmaları fəal iştirak etməlidir. Əsas diqqət böyük problemlərə deyil, sinif otaqlarına yönəlməlidir. Əgər övladınız müəllimindən keyfiyyətli təhsil almırsa, nəticələri görəndən sonra yox, həmin anda səsinizi çıxarın. Çünki bu, təhsil sistemində dəyişiklik yaratmaq üçün əsas məsələ – hesabatlılıq və valideynlərin təhsilə cəlb olunmasıdır”– Əmrullayev deyib.
PISA (Programme for International Student Assessment) – Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.
Azərbaycanda PISA tədqiqatı 2018-ci ildən kompüter əsaslı şəkildə həyata keçirilir. Azərbaycanda sertifikasiya prosesi 2023-cü ildə ibtidai sinif müəllimləri ilə başlayıb.
Sonra tədris dili və ədəbiyyat müəllimləri sertifikatlaşmaya cəlb olunub.
2024-cü ildə isə xarici dil və riyaziyyat müəllimləri sertifikasiyada iştirak ediblər.
Azərbaycanda 2026-cı ilə qədər bağça müəllimlərinin də sertifikasiyaya cəlb olunması planlaşdırılır.