“Azəravtoyol” ASC tərəfindən Abşeron yarımadasının şimal hissəsində, sahil boyu 12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına start verilib.
Bu barədə Trend-ə “Azəravtoyol” ASC -dən məlumat verilib.
Yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək. Sözügedən sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərdə çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirilərək yeni yol yatağı inşa olunur, yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür.
Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılacaq.
Hazırda yolda torpaq işləri həyata keçirilir, yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və buna paralel olaraq asfaltlanma işləri aparılacaq. Ümumilikdə, 115 min m2 əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Bütün işlər “Azəarvtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə, Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu, həm də Bakının avtonəqliyyat sıxlığının azalmasına müsbət təsir göstərəcək.
Xatıqladaq ki, Sumqayıt şəhəri-Corat-Novxanı avtomobil yolunun yenidən qurulması yenicə yekunlaşıb, Binəqədi-Novxanı yolunun tikintisi isə hazırda davam etdirilir.