Bazar , 22 Dekabr 2024
Drone Cameras

Nüfuzlu Argentina nəşrinin Azərbaycanla bağlı buraxılışı işıq üzü görüb

Argentinanın nüfuzlu “Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş buraxılışı işıq üzü görüb.

XİN-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın Argentinadakı səfirliyinin dəstəyi ilə Argentinanın ictimai-siyasi, diplomatik və işgüzar dairələri arasında xüsusi nüfuza malik “Imagen Diplomática” jurnalının Azərbaycana həsr olunmuş “Azərbaycan: müqəddəs Qafqaz ətəklərində, cəsur övladların odlar yurdunda inkişaf və sülh” başlıqlı buraxılışı işıq üzü görüb. “Imagen Diplomática”nın qeyd olunan buraxılışı jurnalın 10 illik yubiley buraxılışıdır.

Üz qabığında Heydər Əliyev Mərkəzinin əks olunduğu həmin jurnalda “Azərbaycan və onun inkişaf strategiyası”, “Argentina və Azərbaycan”, “Argentina və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr davam edir”, “Azərbaycanda turizm”, “Polo və çovqan”, “Bakıda Formula1 Qran Prisi”, “Azərbaycan şərabları”, “La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrası”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş”, “Azərbaycan: Odlar diyarı…Qafqazın incisi”, “Azərbaycan xalçaları: toxuma mədəniyyəti”, “Bakı şəhərinin memarlığı”, “Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” mövzusunda ölkəmizi müxtəlif tərəflərdən təqdim edən məqalələr və foto şəkillər yer alıb.

Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun müəllifi olduğu “Azərbaycan və onun inkişaf strategiyası” başlıqlı məqalədə ölkəmizdə müsəlman Şərqində ilk parlamentli respublikanın, habelə teatr, opera, balet kimi mədəniyyət nümunələrinin əsasının qoyulduğu bildirilib, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar, Azərbaycanda multikulturalizm ənənələri, ölkəmizdə təşkil olunmuş beynəlxalq əhəmiyyətli tədbirlər, Azərbaycan-Argentina münasibətləri barədə ətraflı məlumat verilib. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayrılıb, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal olunması, bunun nəticəsi olaraq 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, münaqişə ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və ölkəmizin haqlı mövqeyini dəstəkləyən sənədlər barədə məlumat əks olunub.

“Gələcəyə baxış: 2020-ci ilə qədər Argentina – Azərbaycan əlaqələrinin qiymətləndirilməsi” başlıqlı məqalədə “Son 20 ildə Azərbaycan proqressiv sosial inkişafa imkan verən iqtisadi artımın uğurlu modelini qurub…Prezident İlham Əliyevin rəhbərliyi altında siyasi sabitlik möhkəmləndirilib, ölkə qlobal iqtisadiyyatda mühüm rol qazanıb”, “Argentina və Azərbaycan: bir-birini qarşılıqlı tamamlayan iqtisadiyyata malik iki tərəfdaş” başlıqlı məqalədə “Son 10 ildə Azərbaycan iqtisadiyyatının gücü və illik artımı 13 % olmaqla inkişafı onu Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə çevirib…qarşıdan gələn illərdə siyasi sabitliyi, enerji resurslarının istifadəsinin genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyində rolu sayəsində Azərbaycanın Xəzər dənizi regionunda iqtisadi güc mərkəzi statusunun güclənməsinin şahidi olacağıq”, “Azərbaycanda turizm” məqaləsində “Səfər edən hər kəs üçün Azərbaycan inkişaf etmiş, tarix və müasirliyi, təbiət və texnologiyanı, sülh və hərəkətliliyi özündə birləşdirən bir məkandır. Bunun sayəsində “Odlar Yurdu” bütün dünyadan bura gələn turistləri, xüsusilə də argentinalıları cəlb edir” kimi fikirlər yer alıb.

Jurnalın Azərbaycana həsr olunmuş buraxılışı oxucuların böyük marağına səbəb olub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir