Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Nüfuzlu Meksika universitetində “Azərbaycanın Təqdimatı” keçirilib

Meksikanın ən böyük və qabaqcıl ali təhsil ocağı olan Meksika Milli Muxtar Universitetinin (Universidad Nacioanal Autonoma de Mexico – UNAM) Acatlan Ali Araşdırmalar Mərkəzində (Facultad Estudios Superiores Acatlan) Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən “Azərbaycanın Təqdimatı” tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Amerika qitəsinin ilk təhsil ocağı kimi təməli 1584-cü ildə qoyulmuş ümumilikdə 337 min tələbənin təhsil aldığı, 30 min müəllim professor heyətinin çalışdığı bu Universitetdə Birləşmiş Millətlər Təşkilatı günü münasibətilə təşkil olunmuş və səfirliyin dəvət olunduğu bu tədbirdə iki yüzdən artıq tələbə və müəllim iştirak edib. Təqdimatı giriş sözü ilə açan səfirliyin müvvəqəti işlər vəkili Mehriban Səmədova tədbir iştirakçılarını Azərbaycan barəsində video çarxa tamaşa etməyə dəvət edib. Video çarxda xalqımızın tarixi, mədəniyyəti, həyat tərzi, kulinariyası və müstəqillik dövründə əldə olunmuş nailiyyətləri barədə kadrlar yer alıb.

Nümayiş başa çatdırıldıqdan sonra öz çıxışını davam etdirən M.Səmədova Şərqin ilk Demokratik Respublikasının 1918-ci ildə Azərbaycanda qurulduğunu və ərazisində yaşayan bütün millətləri təməl demokratik təsisatlarla təmin etdiyini, lakin iki ildən sonra Sovet ordusu tərəfindən işğal edilərək Sovet İttifaqının tərkibinə qatıldığını bildirib. Sonra o, Azərbaycan xalqının bu tarixi imkanı bir daha 70 il sonra 1991-ci ildə yenidən əldə etdiyini və müstəqilliyə gedən yolun hamar olmadığını bildirib. O, müstəqilliyimizin dünya birliyi ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanındığını, lakin iki il sonra ölkəmizin xarici təcavüz və separatçı qüvvələrin fəaliyyəti nəticəsində bu müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üz-üzə qaldığını, yalnız böyük siyasi təcrübəyə malik olan Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu təhlükənin aradan qalxdığını bildirib. Müstəqillik dövründə Azərbaycanda baş vermiş köklü dəyişikliklər barədə danışan M.Səmədova bu gün ölkəmizin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olmasının Ulu öndər Heydər Əliyev tərəfindən neft kapitalının Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün istifadə edilməsi strategiyasının düzgün seçilməsinin parlaq təzahürü olduğunu vurğulayıb. “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft və “Bakı-Tbilisi-Ərzurum” qaz boru kəmərlərinin inşa edilməsi və digər iri layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycan üçün iqtisadi inkişaf dövrünün başladığı və bu inkişafın iqtisadiyyatın bütün sahələrini əhatə etdiyini bildirib.

O, paralel olaraq təhsil, səhiyyə mədəniyyət, elm və idman sahələrində də islahatların həyata keçirilməsindən danışıb. Bununla yanaşı ölkədə geniş infrastruktur layihələrinin həyata keçirildiyi və bölgələrin inkişafına xüsusi diqqət yetirildiyini bildirilib. Eyni zamanda M.Səmədova ölkəmizdə mütəmadi olaraq keçirilən beynəlxalq səviyyəli siyasi, mədəni, humanitar tədbirlər və idman yarışları barədə danışıb.

Tolerantlıq və multikulturalizm barədə danışan M.Səmədova onu da qeyd etmişdir ki, dünyanın bir çox ölkələrində islamafobiya və dini dözümsüzlüyün geniş vüsət aldığı bir zamanda, Azərbaycan uzun illər boyu öz qonaqpərvərliyi, təhlükəsizliyi ilə bütün millətlərin dinc və əmin-amanlıq şəraitində yaşadığı və bütün dinlərin nümayəndələrinə ehtiramla yanaşılan bir ölkə olduğunu sübut edib. M.Səmədova təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dəyərlərə əsaslanan siyasətin bu gün də onun layiqli siyasi varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Sonra O, Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən daha geniş bəhs edərək onun bütün həyatı boyu öz bilik və təcrübəsi, bacarıq və istedadı ilə yorulmaq bilmədən öz vətəni və xalqının xidmətində olduğunu qeyd edib, müxtəlif illərdə dövlətçiliyimiz üçün təhlükələr yarandığı zaman Heydər Əliyevin bir çağırışı ilə 100 minlərlə insanın meydanlara axışaraq ona və dövlətçiliyimizə dəstək olmasından danışıb və onun öz fədakarlığı və qətiyyəti ilə qürur mənbəyimiz olan bugünkü Azərbaycanın bünövrəsini qoyduğunu bildirib.

Təqdimatı davam etdirən səfirliyin ikinci katibi Günel Nağıyeva Azərbaycanın turizm imkanları, xalqımızın mədəniyyəti, milli kulinariyası, əldə etdiyi iqtisadi nailiyyətləri və Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq reallaşmış və qabaqcıl dünya təcrübəsi kimi öz layiqli qiymətini almış “Asan Xidmət” və uzun illərdir ki, uğurla fəaliyyət göstərən “Vahid Pəncərə” və digər qabaqcıl xidmətlər barədə ətraflı məlumat verib. Sonra O, Azərbaycanın istehsal etdiyi məhsulların ixrac imkanlarının stimullaşdırılması məqsədilə ”Made in Azerbaijan” adlı brendin yaradılması barədə danışıb. Qeyd etmək lazımdır ki, çıxışlar zamanı bəhs olunan bütün mövzular barədə şəkillər geniş ekranda auditoriyaya nümayiş etdirilib. Sonra isə Meksika-Azərbaycan münasibətləri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, beynəlxalq terrorizmə münasibət barədə tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. Tədbirdə nümayiş etdirilmiş video-çarx və çıxışlar böyük maraqla qarşılanmış və təqdimatdan sonra müəllim professor heyəti ilə dəyirmi masa arxasında keçirilmiş fikir mübadiləsi zamanı ölkəmiz haqqında çox müsbət fikirlər səsləndirilib. Səfirlikdən bildirilib ki, 29.10.2016-cı il tarixdə Universitetin FES Araqon adlanan korpusunda da eyni məzmunlu təqdimat xarakterli tədbirin keçirilməsi nəzərdə tutulub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir