Boyukmillet.com jurnalist Ceyhun Musaoğlunun Tərtər işi ilə bağlı yazısını təqdim edir:
Niyə belə edirsiz axı? Meyiti xoşbəxt etmək “həqiqətini” hardan çıxarmısız. Günahkar deyildisə, niyə işgəncə yaşadı, lap elə günahkar idi, niyə işgəncə yaşadı? İlahi, neçə-neçə dəhşətli roman mövzuları varmış. Xüsusən “Tərtər hadisləri” adıyla manşetləri “bəzəyən” xəbərlər üzrə. Növbətisi yayılıb.
Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.
Xəbəri APA-dan götürüb, “Rupor”a qoymuşuq. Qeyd abzasında yazılıb: 28 yaşlı Elçin Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat taqımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Bildirilir ki, 2017-ci il may ayının 6-da 10 nəfər hərbçinin keçirdiyi sorğuda MAXE Quliyev ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb.
Cənab Prezident, o İctimai Nəzarət Platfomasını tez yaradın, xahiş edirəm. Mənim təklifim idi, ola bilsin hüquqi baxımdan düzgün deyil, amma başqa yol da yoxdur. Yaradın və sədr məhz Siz olun. Hüquq insandan sonradır. Hüquq insana aiddir, insan hüquqa yox. Tərtər söhbətinə görə yüzlərlə adam zülm yaşayıb. Yaradılışdan kodunda qalibiyyət olan xalqı kim qorxaq, qürursuz hala salmaq istəyirsə, əbədi cəza alsın. Biz siyasət adamı deyilik, məmləkətimiz üçün balamızdan keçə bilirik, keçdik də. Ancaq o mələk balaları Vətən adlı müqəddəs alsın bizdən, hansısa geni qarışıq, vəzifədən düşən kimi cinayətlərinin siyahısı fontan vuran iblisvari insan yox.
Üzürlü sayın, jurnalistə yaraşmayan mövqe qoydum. Jurnalist soyuqqanlı olmalıdır, bilirəm. Sadəcə vətəndaş, ictimaiyyətçi şəxs də ola bilirəm hərdən. Bizi o hərdənlərə görə dinləyin, həqiqət həmişə olmur, hərdən olur, o çox qiymətlidir, sayı bol deyil, çəkisi ağırdir. Tarixdə ən möhtəşəm həyat əsərlərinə imza atan azərbaycanlını sınmağa qoymayaq. Xalq bir dəfə sınır, sonra heç vaxt düzəlmir. Onlarla belə xalq var, dünyanının vəhşi imperializmə qurban getdiyi dövrdə sınan xalqlar çox olacaq. Azərbaycansa qalibiyyət zirvəsindədir. Gözəlim məmləkəti daxili orqanlarnı yemək zibilxanasına çevirib bakteriyalara meydan açan kişilərin caynağından tez və tez qurtaraq.
Lap qısa bir haşiyə: Şamo Arifin “Qınamayın məni” əsərində müharibəyə getməyib kənddə kişilənən bir Kəlbi Kəhər obrazı var – Kəndxudadır. Yazıçı onun qorxaq vəhşi olduğunu hər hərəkətində göstərməyə çalışır. Növbəti yeyib-içmək məclisidir. Müharibə üzündən kişisiz kənddə kişilənənlər bir araya gəlib. Kəlbi elə hey yeyir-yeyir və yanındakı Prokurora belə deyir: “Kaş adamn mədəsindən çölə çıxan bir şlanq olaydı, burdan yeyərin, ordan töküləydi çölə. Yey-ye, amma doyma”.
Görürəm proses başlayıb, nə desəz hazırıq – biz çoxuq, Vətənimizi anamızdan çox sevənlər – lap çoxuq, nə deyirsiz hazırıq, cənab Prezident. O zibilxana kişilərdən, onların üfunət saçan ətrafından lap tez qurtulaq. Hər kəs bir ömür yaşayır, proses tez bitsə, həm rahat yaşayacağımız günlərin sayı çoxalar, həm də rahat ölərik. Bizdən sonra ölkəmizin gül qoxuyacağını bilib, dünyamızı gülə-gülə, sevinə-sevinə dəyişərik. Siz, ordumuz, xalqımız, qardaşımız birləşib kainatda ilk dəfə haqqın qələbəsini tam təmin etdik. Lap dəqiqi, “haqqı heç vaxt məğlubiyyətə uğrada bilməzsniz” gerçəyini dünyanın ağalarına təsdiqlətdirdik. Bu həm də o deməkdir ki, atamın, mənim pərçimləndiyim müharibə balamızdan, nəvəmizdən, bundan sonra dünyaya gələcək nəslimin bütün üzvlərindən vaz keçdi. Onlar müharibə görməyəcəklər. Belə demisiz: “Müharibə bitdi”. Bu əminliyiniz, “müharibə başladı”,“müharibə qalibiyyətlə sona çatdı” ifadələrinin nidasıdır. Siz ki nida qoymağı bacarırsınız, cənab Prezident. O nidanı Tərtər dəhşətini tariximizə ləkə yaxanların alnına tuşlayın. Sartr deyir, başqaları cəhənnəmdir. Onlar başqalarıdır, bizdən deyillər. Bizdən olmayanın bizim içimizdə nə…, çox üzr istəyirəm, nə işi var.
Yazı bitsin, deyəsən hədəqədən çıxa bilər. Narahatlıq yaratdığıma görə başqaları olmayan hər kəsdən üzr istəyirəm.
P.S.Vallah yazmayacaqdım. Sayt işinə başlayandan xəbər məni o dərəcədə yeyir ki, ortaya çıxarmağa bir şey – düşüncə, fikir tapa bilmirəm. Xəbər adamları xəbərin amansız olduğunu bilirlər. Bu yazını da status kimi yazırdım, gördüm barmaqlarım dayanmır, belə bir köşə alındı.
P.S.S.“Rupor”un hər saniyəsi nəzarətimdədir. Başlıqlarda problemər olur, bizim dövrün jurnalistləri deyəsən daha doğulmayacaqlar. Gördüm ki, gecə Tərtər hadislərinə aid xəbəri belə bir başlıqla yaymışıq: “Tərtər hadisələriylə təqsirləndirilən hərbçi ilə bağlı qərar ləğv edildi”. Əlbəttə ki, anındaca hətta fiziki mənada partladım. Sözün vurğunuyam, ondan düzgün istifadə olunmayanda dözə bilmirəm. Başlığı dəyişdim, belə oldu: “Tərtər hadisələri üzündən ölən hərbçi bəraət aldı”. Yeni başlıq məcbur etdi ki, məlumatı fləşdən verim – saytın gözə ilk dəyən pəncərəsindən. Halbuki sosialda idi, bir qədər gözdən kənarda.
Bax belə, iki cümləlik status oldu gileylənmə. Kainat qanununa görə – Kvant fizikası da təsdiqləyir – giley, mühakimə və tincixmaq qadağandır. Bu üç başlı əjdahaya nərildəməyə nə vaxt imkan vermirəm, günüm xoş keçir. Təəssüf ənənəmi pozdum: gileyləndim; tıncıxdım və mühakimə etdim. Məni bu gün lap səhər tezdən kainata nifr göndərməyə məcbur edənləri Sizə tapşırıram, cənab qalib Ali Baş Komandan. O nidanı oxa çevirib,“Tərtər” işgəgcələrini törədənlərin ürəyinə sancın!