Özbəkistandakı səfirliyimiz və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) özbək mətbuatında ölkəmizlə bağlı “İlin ən yaxşı məqaləsi” yazı müsabiqəsi elan edib.
Müsabiqə “Azərbaycan və İslam həmrəyliyi”, “Azərbaycanda ekoturizm və tibbi-müalicəvi turizm”, “Azərbaycan-Özbəkistan tərəfdaşlığı: qədimlikdən müasirliyə” mövzusunda nominasiyalar üzrə keçirilir. Qeyd olunan nominasiyalarla yanaşı, il ərzində Azərbaycanla bağlı aktiv fəaliyyət göstərən, silsilə məqalələr yazan şair, yazıçı və alimlərin də mükafatlandırılması nəzərdə tutulur.
Özbəkistan mətbuatında Azərbaycanla bağlı materiallar dərc edən mətbuat orqanı, “İlin ən yaxşı kitabı”, “İlin ən yaxşı tərcümə əsəri”, o cümlədən bu ölkədə mədəniyyətimizi təbliğ edən və ictimaiyyət arasında öz aktivliyi ilə seçilən tanınmış azərbaycanlılar və özbəklərlə yanaşı, həmçinin səfirliyimizin və Mədəniyyət Mərkəzinin tədbirlərini il ərzində geniş işıqlandıran media qurumları da müsabiqənin xüsusi mükafatları ilə təltif olunacaqlar.
“Artıq 4 ildir ki, keçirilən müsabiqə nəticəsində özbək mətbuatında Azərbaycan haqqında çoxlu sayda məqalələr dərc olunub. İnternet resurslarında özbək dilində “Azərbaycan” seqmenti üzrə axtarış apararkən çoxsaylı informasiyaların əldə edilməsi mümkün olub. Müsabiqəyə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti də dəstək verəcək”, – deyə AMM-in direktoru Samir Abbasov bildirib.